AZE | RUS | ENG |

Naxçıvan şahmatı - intellektual gənclik, innovativ inkişaf - Fotolar

Naxçıvan şahmatı - intellektual gənclik, innovativ inkişaf - Fotolar
Hər bir xalqın intellektual səviyyəsi onun ən böyük sərvətidir. Müasir dövrdə bu potensialı formalaşdırmaq isə elm və təhsillə yanaşı, həm də şahmatın inkişafını zərurətə çevirmişdir. Şahmat çoxdandır ki, oyun anlayışından uzaqlaşıb. Onu incəsənətlə eyniləşdirənlər də, idmanın bir növü kimi götürənlər də, elmlə ortaq nöqtələrinin olduğunu vurğulayanlar da vardır. Digər bir tərəfdən intellektual təfəkkür vasitəsi kimi şahmat təlim-tədris prosesində, gənc nəslin əqli inkişafında və dünyəvi elmlərə istiqamətləndirilməsində əsas meyar kimi qəbul olunur.

Azərbaycanda tarixən şahmat geniş yayılmış ənənəvi oyunlardan biri olmuş, xalqımızın mədəniyyətində, bir az da dəqiq desək məişətində özünəməxsus yer tutmuşdur. İntellektual idman növü kimi şahmatın inkişafına isə ötən əsrin 70-ci illərindən başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyev şahmatın inkişafına böyük diqqət göstərmiş, dövlət səviyyəsində qərarlar qəbul edilmiş, şəhər və rayonlarda şahmat məktəbləri və klubları açılmış, Azərbaycanın şahmat məktəbi formalaşmışdır.
 


Ulu öndər Heydər Əliyev deyirdi ki, "Şahmat insanı saflaşdıran və kamilləşdirən idman növüdür”. Bu gün Naxçıvan Muxtar Respublikasında "bəşər tarixinin ən qocaman kəşfi” adlandırılan şahmatın inkişafına da məhz bu prizmadan yanaşılır. Gənc nəslin əqli inkişafında şahmatın əhəmiyyəti nəzərə alınır, bu sahədə infrastruktur tam müasirləşdirilir, şahmat tədris və təbliğ olunur.
 
 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov şahmatı gənc nəslin əqli inkişafında və intellektual potensialının formalaşdırılmasında əsas vasitələrdən biri kimi götürür, bu sahəni daim diqqətdə saxlayır. Muxtar respublikanın quruculuq coğrafiyasında şahmat məktəbləri xüsusi yer tutur. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, rayonlarda isə şahmat məktəbləri tikilərək istifadəyə verilmiş, maddi-texniki bazaları möhkəmləndirilmiş, kompüter avadanlıqları və proqramları, müasir şahmat inventarları və sürətli internetlə təmin olunmuşlar.
 
 

Naxçıvanda şahmatın inkişafına bu sahədə idarəçiliyin təkmilləşdirilməsi ilə başlanıb. 2002-ci ildə Naxçıvan Şahmat Mərkəzi və 7 rayon məktəbini əhatə edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası yaradılmışdır. Hazırda şahmat məktəblərində ümumilikdə 250-dən artıq qrup fəaliyyət göstərir və bu qruplarda 3000-dən artıq gənc şahmatla məşğul olur. Bundan başqa muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şahmat sinifləri yaradılmış, həftədə 2 saat olmaqla şahmat dərslərinin tədrisinə başlanılmışdır. Hazırda məktəblərdə 4900 şahmat dəsti şagirdlərin istifadəsindədir.  445 müəllim şahmatın tədrisi ilə məşğul olur.
 
 

Naxçıvan şahmatının qazandığı ən böyük uğurlardan biri də onun beynəlxalq aləmə inteqrasiya olunmasıdır. İlk dəfə 2002 və 2003-cü illərdə muxtar respublikada şahmat üzrə beynəlxalq turnirlər keçirilmişdir. Ardınca 2003-cü ildə Naxçıvan şəhəri 20 yaşadək şahmatçılar arasında dünya çempionatına ev sahibliyi etmişdir. 2011-ci ildən isə Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk Beynəlxalq Şahmat Festivalı təşkil olunmuşdur. Hər il davam etdirilən bu festival şahmatın inkişafında və gənc şahmatçıların yetişməsində vacib bir addım olmaqla yanaşı, eyni zamanda dünyanın reytinqli şahmatçılarının diqqətini Naxçıvana yönəltmiş, festivala maraq hər il artmış, Naxçıvan özünəməxsus şahmat mərkəzi kimi beynəlxalq səviyyədə tanınmışdır. Bir faktı diqqətə çatdıraq ki, muxtar respublikada keçirilən şahmat festivallarında bu günə qədər 2200-dən artıq yerli və xarici şahmatçı mübarizə aparmışdır.
 
 

Şahmatın inkişafı sahəsində görülən işlər muxtar respublikada reytinqli şahmatçıların yetişməsinə səbəb olmuşdur. Bu gün beynəlxalq hakim Emin Hacıyev, FİDE hakimi Hüseyn Tağıyev, beynəlxalq grossmeyster Urfan Sevdimalıyev, beynəlxalq usta Talıb Babayev, FİDE ustası Toğrul Həsənzadə, FİDE ustası və 15 yaşlı şahmatçılar arasında Avropa Çempionatının qalibi Rauf Murtuzov, həmçinin 14 yaşlı şahmatçılar arasında Avropa Çempionatının bürünc mükafatçısı, FİDE ustası Firuz Qasımov, Azərbaycan Çempionları, FİDE ustaları Sadiq Məmmədov və Aynur Kətanova kimi titullu şahmatçılar Naxçıvan şahmat məktəbinin yetirmələridirlər.
Ötən ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasında aparılan kadr islahatı Naxçıvan şahmatının tarixində yeni və davamlı inkişaf mərhələsinin əsasını qoymuşdur. Federasiya 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələri əsas tutaraq fəaliyyətində ciddi dönüş  yaratmışdır. Artıq aşağıdakı uğurlu nəticələr bunu bir daha təsdiq edir:
 
 

-Federasiya hər ay muxtar respublikanın bir rayonunda valideynlər, şahmatçılar və müəllimlərlə görüş keçirir, problemlər və təkliflər dinlənilir, müvafiq köməklik göstərilir, çatışmazlıqlar aradan qaldırılır;

-Gənc şahmatçıların yetişdirilməsi və peşəkarlıqlarının artırılması sahəsində sistemli işlər görülür,  rayondaxili, rayonlararası və kəndlərarası yarışlar təşkil edilir, tempo turnirlər keçirilir və istedadlı uşaqlar üzə çıxarılır;
 
-Əhalinin bütün təbəqələri şahmata cəlb olunur, dövlət idarələrinin əməkdaşları arasında yarışlar keçirilir;

-Şahmatın tədrisində Azərbaycan dilində nümunəvi dərs vəsaitlərindən və ədəbiyyatlarından istifadə təmin edilir;

-Şahmatla bağlı məlumat-maarifçilik və təbliğat işi aparılır;

-Şahmat sahəsində qabaqcıl texnologiyaların, kompüter və kompüter proqramlarının tətbiqi real iş müstəvisinə çıxarılıb, federasiyanın yeni saytı yaradılıb. Artıq onlayn yarışlar keçirilir;

-Şahmat Mərkəzində müəllim və şagirdlər üçün bütün ümumtəhsil məktəblərinin və şahmat məktəblərinin qoşulduğu interaktiv dərslər keçirilir;

-Beynəlxalq şahmat təşkilatları ilə əlaqələrin inkişafına nail olunub;

-Şahmat üzrə məşqçi-müəllimlər və hakimlər üçün seminarlar təşkil edilir;

-Dövlət tərəfindən şahmat müəllimlərinin setifikasiyası aparılır;

-Məhdud fiziki imkanlı gənclər şahmata cəlb olunur, onlar arasında şahmat yarışları keçirilir.

Bir sözlə, qısa müddətdə Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı sahəsində görülən işlər beynəlxalq şahmat mütəxəssislərinin də etiraf etdiyi kimi, Naxçıvan şahmat məktəbini ümumdünya şahmat ailəsinin nümunəvi üzvünə çevirmişdir.
 
 

Naxçıvanda şahmata yanaşma əslində ən təkmil və mütərəqqi startap nümunəsidir. Gənclərin əqli inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, dəqiq elmlərə yönləndirilməsi və innovativ inkişaf Naxçıvan şahmat hərəkatının əsas məqsədidir. Çünki şahmat şagirdlərdə sərbəst düşünmə qabiliyyətini, çevik qərar qəbul etmə, mürəkkəb şəraitdə taktika seçmə kimi vərdişlər formalaşdırır. Bu isə onların gələcəkdə karyera seçməsində mühüm rol oynayır. Və gənclər yaradıcı və özünütəsdiq etmə vərdişlərinə yiyələnməklə səmərəli ideya müəlliflərinə - STARTAPçılara çevrilirlər.

Nəticə isə çox uğurlu və faydalıdır. Yaxın keçmişimizdə çayxanalarda "domino yarışları” keçirib "hünərlərini sınayan”ların yerində bu gün zəka mübarizəsinə qoşularaq öz təfəkkürlərini, potensiallarını daha da artıran intellektli gənclərimiz vardır.

P.S. Müdriklər şahmatı formaca oyun, məzmunca incəsənət, bu oyuna yiyələnmə çətinliyinə görə isə elm adlandırıblar. Digər bir tərəfdən isə şahmat birlik, dostluq və sülh oyunudur. Gələn ay keçiriləcək Naxçıvan Şahmat Festivalı da dünya zəka sahiblərini yenidən Naxçıvana toplayacaq, qədim diyar intellektlərin mübarizə mərkəzinə çevriləcəkdir.
 
Ülvi HÜSEYNLİ



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056