Naxçıvan Muxtar Respublikası yenidən investisiya reytinqinin lideri olub
Naxçıvan Muxtar Respublikası ikinci dəfə Caspian
European Clubun dəstəyi ilə fəaliyyət göstərən Caspian Energy İnternational
Media Group-un hazırladığı 2018-ci il üzrə Azərbaycanın iqtisadi regionlarının
investisiya reytinqində qalib gəlib. Bu barədə Caspian European Club-un
sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyevin sözlərinə görə, reytinq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata
keçirilən regionların sosial siyasətinin və iqtisadi islahatlarının
nəticələrini nümayiş etdirir və Caspian Energy jurnalının növbəti
nömrəsində dərc olunacaq.
Telman Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında
sosial-iqtisadi, elmi-mədəni, tikinti, sənaye və kənd təsərrüfatı, həmçinin
turizm, nəqliyyat və kommunikasiya, infrastruktur sahələrində mühüm
nailiyyətlər əldə olunub, istehsalatda artım və əhalinin rifah səviyyəsində
yüksəliş qeydə alınıb. O bildirib ki,
qazanılmış uğurlar sayəsində muxtar respublikanın iqtisadi potensialında
əhəmiyyətli dərəcədə artım müşahidə olunub. İyunun 14-də Naxçıvan Biznes
Mərkəzində keçirilmiş VI Beynəlxalq "Caspian Energy Forum Nakhchivan–2018” də iştirak edən Naxçıvan Muxtar Respublikasının
rəsmiləri, aparıcı Azərbaycan şirkətlərinin rəhbər və nümayəndələri bu
proseslərin şahidləri olublar.
2018-ci ilin reytinqinin əsas özəlliyi Azərbaycan
iqtisadiyyatının ənənəvi enerji mənbələrindən asılılığının ciddi şəkildə
azalması faktıdır. Alternativ və bərpaolunan mənbələr regionların enerji
balanslarında getdikcə daha çox yer tutur. Ekoloji cəhətdən təmiz enerjinin
yüksək səviyyədə istehsalı sayəsində Naxçıvan yenidən Caspian Energy-nin ümumi
reytinqində ilk yeri tutub və ardıcıl ikinci dəfə şəksiz qalib seçilib.
Bu il reytinqdə Azərbaycanın 11 iqtisadi regionu
(Abşeron iqtisadi rayonu, Gəncə-Qazax iqtisadi rayonu, Şəki-Zaqatala iqtisadi
rayonu, Lənkəran iqtisadi rayonu, Quba-Xazmaz iqtisadi rayonu, Aran iqtisadi
rayonu, Yuxarı Qarabağ iqtisadi rayonu, Kəlbəcər-Laçın iqtisadi rayonu,
Dağlıq-Şirvan iqtisadi rayonu, Naxçıvan Muxtar Respublikası iqtisadi rayonu)
qiymətləndirilib. Regionlar 18 parametr üzrə altı (sosial-demoqrafik göstərici, sosial-iqtisadi
vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı) qrupa
bölünüb.
Telman Əliyev xatırladıb ki, regionlar arasında
2016-cı ildə ən yüksək balı Gəncə-Qazax iqtisadi rayonu, 2017-ci ildə isə
Naxçıvan Muxtar Respublikası toplayıb.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq
şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz
regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian
Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.