• cümə, 29 Mart, 00:20
  • Baku Bakı 7°C

Naxçıvan mətbuat tarixinə dair qiymətli araşdırma

22.07.15 17:57 2060
Naxçıvan mətbuat tarixinə dair qiymətli araşdırma
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyidin “Naxçıvanda mətbuatın inkişaf tarixi” adlı kitabı ingilis dilində nəşr olunub

Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin icrasına xidmət məqsədilə Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyidin “Naxçıvanda mətbuatın inkişaf tarixi (“Şərq qapısı” qəzetinin materialları əsasında)” adlı kitabı nəşr olunub. “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinin nəşri olan bu kitab ingilis dilində işıq üzü görüb. Kitabın tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Fiyalə Abdullayeva, dizayneri Nurlan Fətəliyevdir. Bu kitab müəllifin Naxçıvanda mətbuat tarixinin tədqiqinə həsr olunmuş sayca üçüncü kitabıdır.
XX əsrin əvvəllərində Naxçıvanda mətbuatın yaranmasını şərtləndirən başlıca amillər, “Kommunist, “Naxrespublika”, “Cavanlar həyatı”, “Füqəra səsi” kimi qəzetlərin nəşri çətinlikləri kitabın ilk fəsillərinin başlıca tədqiqat obyektidir. Azərbaycanda mətbu nəşrlər sırasında az qala bir əsrlik tarixdə fasiləsiz nəşr olunan yeganə qəzet kimi “Şərq qapısı”-nın fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoyan mətbuatın keçdiyi şərəfli yol kitabın ikinci fəslinin aparıcı qayəsini təşkil edir. Kitabda eyni zamanda ilk dəfə olaraq XX əsrin 30-cu illərində Azərbaycanın tanınmış ədəbi simaları Mirzə İbrahimov və Əli Vəliyevin fəaliyyətinin Naxçıvan dövrü araşdırılır. 1933-cü ildə Naxçıvanda Mirzə İbrahimovun redaktorluğu ilə nəşr olunan, “Ədəbiyyat” və Maşın Traktor Stansiyasının orqanı olan “Sürət” qəzetlərinin nəşri zərurəti, bu haqda müxtəlif mənbələrdəki faktlar ilk dəfə olaraq sistemləşdirilir və tədqiqata cəlb olunur. Böyük Vətən müharibəsi illərində Naxçıvanda mətbuatın inkişaf istiqamətləri də kitabda araşdırılan məsələlər sırasındadır.
Dahi rəhbər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk mərhələsində Naxçıvanda mətbuatın inkişaf meylləri, qəzetin 50 və 60 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, qəzetin sənətkarlıq və yaradıcılıq xüsusiyyətləri növbəti fəsillərdə elmi təhlil süzgəcindən keçirilir.
Kitabda 1990-cı ilin Qanlı Yanvar günlərində Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə Azərbaycan SSR-in tərkibindən çıxmasını elan edən Naxçıvan Respublikasının ilk müstəqil mətbu orqanı kimi 8 nömrəsi işıq üzü görən “Şərq qapısı”nın şəxsi arxivlərdən toplanmış nömrələri tədqiqata cəlb olunur, qəzet səhifələrindəki tarixi faktlar önə çəkilir.
Müstəqillik illərində yeni forma və məzmun əldə edən Azərbaycan mətbuatının bayraqdarı olan “Şərq qapısı” qəzetinin dövlət və KİV münasibətlərinin tənzimlənməsindəki rolu da araşdırılan mövzular sırasındadır. Xüsusən, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətində “Şərq qapısı” qəzetinin yeri və rolu müəyyən olunur, həmin dövr ayrıca tədqiqata cəlb olunur.
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 2000-ci ildə Naxçıvanda nəşr olunan mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqında imzaladığı sərəncamdan sonra fəaliyyətində əsaslı dönüş yaradan mətbu orqanların fəaliyyəti müəllif tərəfindən təhlil olunur, konkret nəticələr təqdim olunur. Xüsusən də Ali Məclis Sədrinin jurnalistlərlə keçirdiyi görüşlər, bu sahənin inkişafı ilə bağlı görülən tədbirlər, “Şərq qapısı” qəzeti redaksiyası üçün tikilib istifadəyə verilən inzibati bina və ən son texniki avadanlıqlarla təchiz olunmuş mətbəənin fəaliyyəti də kitabda təqdim olunan yeniliklər sırasındadır.
Kitabda ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində «Şərq qapısı» qəzetinin rolu məsələsi aydınlaşdırılır. Eyni zamanda Naxçıvanda tənqid və ədəbiyyatşünaslıq elminin formalaşması və inkişafında «Şərq qapısı» qəzetinin yerindən geniş bəhs edilir.
Müəllif bu nəticəyə gəlmişdir ki, ”Şərq qapısı” qəzeti sözün həqiqi mənasında regionda ədəbiyyat, jurnalistika, elm məktəbi funksiyasını yerinə yetirmiş, Naxçıvanda Şərqqapısışünaslıq elmi formalaşmış, qəzet tədqiqat obyektinə, elmin bir sahəsinə çevrilmişdir.
Kitabın ingilis dilində nəşr olunmasının əsas səbəbi Naxçıvanda mətbuatın yaranması və keçdiyi tarixi yol, bu sahənin inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, dövlət və KİV münasibətlərinin qarşılıqlı inteqrasiyasını dünya oxucularına təqdim etmək, eyni zamanda ermənilərin Naxçıvana qarşı ərazi iddiallarına mətbuatın dili ilə cavab verməkdir.
Şəhla Şirəliyeva
Filologiya üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər