• cümə axşamı, 25 aprel, 16:20
  • Baku Bakı 23°C

Naxçıvan Dövlət Universitetində yeni fakültələr yaradılıb

19.05.20 13:55 549
Naxçıvan Dövlət Universitetində yeni fakültələr yaradılıb
Naxçıvan Dövlət Universitetində (NDU) yaradılan müasir tədris şəraiti, hər fakültənin ayrıca tədris binasında fəaliyyət göstərməsi müvafiq ixtisasların tədrisini günün tələbləri səviyyəsində qurmaq imkanı yaradır.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindənAZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının fakültə və kafedralarında struktur dəyişikliyi ilə əlaqədar keçirilən onlayn müşavirədə bu sözləri universitetin rektoru Elbrus İsayev deyib. Rektor bildirib ki, ali təhsil ocağına tələbə qəbulunun ilbəil artan dinamika ilə yüksəlməsi və yeni ixtisasların açılması fakültə və kafedraların yenidən formalaşdırılması zərurətini yaradır. Eyni zamanda, yeni dəyişiklik ixtisasların təsnifata uyğun qurulmasını nəzərdə tutur.
Vurğulanıb ki, əvvəlcədən aparılan bölgüyə əsasən bəzi uyğun olmayan kafedralar formalaşdırılıb. Bu da dərs bölgülərinin aparılmasında və tədrisin təşkilində müəyyən çətinlik yaradıb. Elm sahələrinə və fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsinə hesablanmış struktur dəyişikliyi professor-müəllim heyətinin ixtisaslarına uyğun komplektləşdirilməsinə imkan yaradacaq.
Diqqətə çatdırılıb ki, qəbul edilən qərara əsasən Beynəlxalq münasibətlər və xarici dillər, Sosial idarəetmə və hüquq fakültələrinin bazasında 2 fakültə - Beynəlxalq münasibətlər və hüquq, Xarici dillər fakültələri yaradılıb. İqtisad fakültəsi ləğv edilərək İqtisadiyyat və idarəetmə fakültəsi yaradılıb.
Beynəlxalq münasibətlər və hüquq fakültəsi özündə Hüquq fənləri, Fəlsəfə və sosial iş, Beynəlxalq münasibətlər, İqtisadiyyat və idarəetmə fakültəsi Mühasibat uçotu və maliyyə, Dünya iqtisadiyyatı və menecment, Bələdiyyə və turizm, Xarici dillər fakültəsi isə İngilis dili və metodika, İngilis dili və tərcümə, Rus və Şərq dilləri, Roman-german dilləri kafedralarını formalaşdırıb.
Tibb fakültəsində də ixtisas uyğunluğu nəzərə alınaraq Əczaçılıq və biokimya, Stomatologiya, Ümumi təbabət və kliniki fənlər, Təməl tibb fənləri kafedraları yaranıb. Yeni yaradılmış kafedralarda professor-müəllim heyəti ixtisas sahələrinə görə formalaşıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində ali təhsil ocağında müasir maddi-texniki bazaya malik xüsusi binalar tikilir və ya yenidən qurularaq müəllim və tələbələrin ixtiyarına verilir. Xarici dillər fakültəsi üçün də yenidən qurulan və əsaslı sürətdə bərpa edilən binanın yaxın günlərdə istifadəyə hazır olması göstərilən diqqət və qayğının növbəti nümunəsidir.
banner

Oxşar Xəbərlər