• cümə, 29 Mart, 13:32
  • Baku Bakı 14°C

Naxçıvan Bölməsində yeni monoqrafiyaların təqdimatı keçirilib

12.07.19 19:41 9772
Naxçıvan Bölməsində yeni monoqrafiyaların təqdimatı keçirilib
AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin "Naxçıvan makrotoponimlərinin linqvistik xüsusiyyətləri” və bölmənin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın "Azərbaycan dilinin Culfa şivələrinin fonetikası” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq monoqrafiyaların müasir dövr üçün aktuallığından danışıb. Bildirilib ki, "Naxçıvan makrotoponimlərinin linqvistik xüsusiyyətləri” adlı monoqrafiyada Naxçıvan Muxtar Respublikası ərazisindəki makrotoponimlərə daxil olan adlar arxiv materialları və qaynaq məlumatları əsasında linqvistik təhlilə cəlb edilib, qədim sözlər qruplaşdırılıb. Naxçıvan makrotoponimlərinin yayım arealı müəyyənləşdirilib və onların ümumtürk onomastik vahidləri ilə müqayisəsi aparılaraq dilimizin ilkin ifadə imkanları elmi baxımından əsaslandırılıb.
Qeyd olunub ki, Leyla Səfərovanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunan "Azərbaycan dilinin Culfa şivələrinin fonetikası” adlı monoqrafiyasında isə müəllif Culfa rayon ərazisindən toplanılan dil materialları əsasında fonetik tədqiqatlar aparıb, bölgənin şivələrinin səs tərkibini öyrənib. Bundan əlavə, müxtəlif dil faktları bir sıra türk ədəbi dilləri, eləcə də dialekt şivələri ilə müqayisəli şəkildə araşdırılıb.
Tədbirdə, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Naxçıvanşünaslığa töhfə: "Naxçıvan makrotoponimlərinin dil xüsusiyyətləri” monoqrafiyası” və həmin institutun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın "Naxçıvan dialekt və şivələrinin öyrənilməsinə yeni baxış” mövzusunda məruzələri dinlənilib.
Daha sonra Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva və Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev mövzu ətrafında çıxış edərək geniş ictimaiyyətə təqdim olunan monoqrafiyaların elmi dəyərindən danışıblar.
Sonda müəlliflər çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
banner

Oxşar Xəbərlər