• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

NATO yeni “soyuq müharibə” istəmir

05.05.16 12:51 1087
NATO yeni “soyuq müharibə” istəmir
Krımın işğalı və Rusiyanın Ukraynadakı separatçı hərəkətləri üzündən gərginləşən NATO-Rusiya münasibətləri "soyuq müharibə” illərinə qayıdır. Tərəflərin qarşılıqlı ittihamları və hədələri artmaqda davam edir. Bu gərginliyin nə qədər davam edəcəyi və proseslərin hansı məcraya yönələcəyi hamını düşündürməyə başlayıb. Artıq münasibətlərin gərginliyini hər iki tərəf təsdiq edir. "NATO Rusiya ilə gərginliyin yaradılmasında maraqlı deyil. Biz "soyuq müharibə”nin başlanması və sürətli silahlanma dövrünə qayıtmaq istəmirik”. Bu sözlər NATO-nun baş katibi Yens Stolnberqə məxsusdur. Baş katib Rusiyanın Alyansın hansısa bir üzvünə hücum etmək niyyətini müşahidə etmədiyini xüsusi vurğulayıb. Lakin NATO-nun Rusiya sərhədlərinə doğru, daha dəqiq desək, Şərqi Avropada genişlənməsi planını Kremlin Krımı işğal etməsi və Ukraynada vəziyyəti gərginləşdirməsi ilə izah edib. O, Alyans üzvlərini Rusiya ilə dialoqda qəti, ağıllı və güclü mövqe nümayiş etdirməyə çağırıb. "Nə qədər ki dünyada nüvə silahı mövcuddur, NATO nüvə alyansı olaraq qalacaq” - deyə baş katib vurğulayıb.
Rusiya baş katibin bəyanatına dərhal reaksiya verib. Dövlət Dumasının Beynəlxalq münasibətlər üzrə komitəsinin rəhbəri Aleksey Puşkov bildirib ki, Alyans rəhbərinin sözləri ilə hərəkəti arasında ziddiyyət var: "NATO Rusiya ilə münaqişə və sürətli silahlanma istəmir. Lakin Alyansın hərbi strukturları Rusiya sərhədlərinə doğru irəliləyir”.
Qeyd edək ki, Alyans rəhbəri ilə eyni vaxtda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin komandanı Filip Bridlav Vaşinqtonu Rusiyadan gələn təhlükəni nəzərə alaraq hərbi kəşfiyyatı gücləndirməyə çağırıb. Onun sözlərinə görə, "soyuq müharibə” illərində Rusiya istiqamətində ABŞ kəşfiyyat xidmətlərinin 13 min analitiki fəaliyyət göstərib. 2013-cü ildə isə onların sayı 1000 nəfərə düşüb. O bildirib ki, Rusiya tərəfdaşlıq barədə uzadılan əli qəbil etməyib və hərbi yolu seçib. Qeyd edək ki, F.Bridlav ABŞ-ın cavab addımlarının gücləndirilməsi strategiyasının müəllifi kimi tanınır.
Qərb ekspertləri isə hesab edirlər ki, Moskva hər vəchlə Qərblə qarşıdurmadan qaçır. Belə ki, Kreml bəyan edir ki, Alyansla yaxınlaşmaq xəttinin tərəfdarıdır. Görünür, bu səbəbdən də bu yaxınlarda Moskvada konfrans keçirilib. Rusiya Müdafiə Nazirliyinin Moskvada keçirdiyi Beynəlxalq Təhlükəsizlik Konfransında dünyanın 80 ölkəsindən yüksək rütbəli hərbçilər, eləcə də Rusiyanın Kremlin əhval-ruhiyyəsini yaxşı müəyyən edə bilən nüfuzlu siyasətçiləri və ekspertləri iştirak edib. Çin, Hindistan və İran kimi Asiya ölkələrinin müdafiə nazirlərinin iştirak etdiyi tədbirdə ekspertlər və jurnalistlərin diqqətini Rusiya rəsmilərinin çıxışlarının tonunun dəyişməsi cəlb edib. Məsələn, adətən Birləşmiş Ştatların Rusiyaya qarşı düşmənçilik siyasətindən danışan Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu dəfə konfrans iştirakçılarına prezident Vladimir Putinin Vaşinqtona xoş münasibətin ifadə edildiyi müraciətini oxuyub. "Rusiya və ABŞ-ın Suriyada qarşılıqlı əməkdaşlığı belə bir əməkdaşlığın təkcə mümkün deyil, həm də effektiv olduğuna dair bariz nümunədir” -deyə müraciətdə bildirilib: "Bizim ölkələrimiz beynəlxalq terrorizmə qarşı mübarizədə daha yaxından əməkdaşlıq etməlidir. Biz buna hazırıq, indi söz Vaşinqtonundur”. N.Patruşevin ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu Birləşmiş Ştatlara daha aydın siqnal göndərib: "Bizim ölkələrimiz beynəlxalq terrorizmə qarşı mübarizədə daha yaxından əməkdaşlıq etməlidir. Biz buna hazırıq, indi söz Vaşinqtonundur”. Rusiyanın müdafiə naziri NATO ilə bağlı sülh tonunda danışıb: "Biz Alyansla silahların nişanı altında deyil, danışıqlar masası ətrafında əlaqə saxlamağa üstünlük veririk”.
Moskvanın Qərblə qarşıdurmanı azaltmaq və hətta təhlükəsizlik sahəsində əməkdaşlıq etmək istəyinə bir vaxtlar Qərb və Rusiya arasında həssas məsələlərlə bağlı danışıqlarda vasitəçi rolunu oynamış alman politoloq və "Qazprom”un müşaviri Aleksandr Rardan münasibət gəlib. "Rusiya Qərblə liberal dəyərlər əsasında deyil, praqmatik maraqlara, həmçinin iqtisadi maraqlara əsaslanan əməkdaşlıq etmək istəyir” – deyə o vurğulayıb. A.Rar hər il prezident V.Putinlə görüşən politoloqlar və jurnalistlərdən ibarət "Valday klubu”nun üzvüdür. O, 2013-cü ildə Mixail Xodorkovskinin azad edilməsinə dair danışıqlarda iştirak edib.
A.Rar bildirib ki, "maraqların toqquşması”nı məhdudlaşdırmaq üçün yeni "Helsinki prosesi” çərçivəsində "Paris xartiyası-2” imzalana bilər. A.Rarın Kremllə əlaqələrini nəzərə alsaq, onun açıqlamalarının rəsmi Moskvanın mövqeyinə olduqca yaxın olduğunu demək mümkündür. Hazırda İsveçin Uppsala Universitetinin baş elmi işçisi olan hərbi ekspert Aleksandr Qoltsun fikrincə, Rusiya Qərbdən Sovet İttifaqının demək olar yarım əsr bundan əvvəl gözlədiklərini istəyir. A.Qoltsun fikrincə, Rusiyanın Qərbə birgəyaşayış təklifi daxili işlərə müdaxilə etməməkdən ibarətdir: "Şübhəsiz ki, Rusiyanın tələbləri arasında "Krımı unudun” tezisi də var. Və aydındır ki, Krımı unutmayacaqlar, amma gəlin "soyuq müharibə” dövrünü yada salaq: ABŞ Baltikyanı ölkələrin ilhaqını tanımamışdı, amma bu, planeti dağıtmamaq üçün razılaşmaların əldə edilməsinə mane olmurdu. Hətta Əfqanıstandan sonra da bir sıra istiqamətlərdə müəyyən mənada əhatəli danışıqlar aparılırdı. Hər şey proporsiyalardan asılıdır, bəzi məqamlarda qarşıdurma daha güclü idi, bəzi məqamlarda isə danışıqların mövzuları və gərginliyin azaldılması üstün olurdu. Rusiya bu gün Sovet İttifaqı kimi "soyuq müharibə” aparmaq üçün resurslara malik deyil. Müttəfiqlər yoxdur, iqtisadiyyat xarici dünyadan asılıdır”.
Xüsusi xidmət orqanlarının fəaliyyəti üzrə ekspert Andrey Soldatov da Rusiya nümayəndələrinin Qərblə bağlı ritorikasının tonunun yumşaldığına diqqət çəkib. Lakin onun fikrincə, belə siqnallar bütünlüklə xarici dünya üçün nəzərdə tutulub: "Rusiyanın daxilində Qərb "rəngli inqilablar” təhlükəsinin gəldiyi yer olaraq qalır. Amerikalılara, əksinə, demək istəyirlər ki, indi münasibətlərin yaxşılaşdırılmasında Suriya perspektivli mövzudur, özü də bunu Rusiyanın xüsusi xidmət orqanlarındakı adamlar da deyir. Bu da, o biri də müəyyən məqsədlərə nail olmaq üçün sadəcə olaraq ritorikadır”. Onun qənaətincə, yerli dinləyici üçün nəzərdə tutulmuş bir, xarici dinləyici üçün başqa hekayə var: "Ölkənin daxilində onlar ölkənin düşmənlərlə əhatə olunduğuna dair bəyanatlar verməlidir, amma bu hekayə xarici dünyada istifadə edilə bilməz, məsələn, amerikalılarla danışıqlarda”.
Azər
banner

Oxşar Xəbərlər