• şənbə, 20 Aprel, 07:33
  • Baku Bakı 14°C

NATO xəbərdarlıq edir

29.11.14 09:38 1365
NATO xəbərdarlıq edir
Ukrayna ilə Rusiya arasında gərginlik bir an da olsun səngimir. Ukraynanın şərqində Ukrayna hökuməti ilə Rusiya meyilli separatçılar arasında şiddət davam edir. Dünən Donetskdə 12 yaşlı oğlan və 55 yaşlı qadın öldürülüb. Kiyevə tabe olan Donetsk şəhər administrasiyası bildirir ki, uşaq küçədə, qadınsa son günnər artilleriyanın atəş açdığı rayonda öz evində öldürülüb. BMT-nin məlumatına görə, apreldən bəri Şərqi Ukraynada aralar qızışandan 4300 döyüşçü və mülki şəxs həyatını itirib. BMT bəyan edib ki, son iki ayda bir milyona qədər sakin öz evini tərk edib.
Ukrayna prezidenti Pyotr Poroşenko vəd edir ki, bu həftə yeni hökumətin formalaşdırılmasına doğru ilk addımlar atılacaq. Birləşmiş Ştatlar və Qərb dövlətləri Kiyevi oktyabr seçkilərindən sonra hökuməti formalaşdıra bilmədiyi və islahatları yubatdığı üçün tənqid edib. Təhlilçilərin fikrincə, yubanma Poroşenko ilə baş nazir Arseni Yatsenyuk arasında əsas vəzifələrlə bağlı fikir ayrılığından irəli gəlir. Ötən ay Ukraynanın parlament seçkiləri keçirməsinə baxmayaraq, siyasətçilər hələ də koalisiya hökumətini qura bilməyib. Vəziyyət ABŞ-ın vitse-prezidenti Co Bayden də daxil olmaqla, xarici liderlərin narahatlığına yol açıb. Bayden deyib ki, hökumət həftələr deyil, bir neçə gün ərzində qurulmalıdır.
NATO xəbərdarlıq edir
Yeri gəlmişkən, NATO-nun Avropa Birləşmiş Qüvvələrinin baş hərbi komandanı, general Filip Bredlove xəbərdarlıq edib ki, Rusiya Ukraynadan ilhaq etdiyi Krım yarımadasını hərbiləşdirməklə bütün Qara dəniz üzərində nəzarəti ələ ala bilər. Kiyevdə çıxış edən NATO generalı deyib ki, Rusiyanın Krımda quraşdırdığı hərbi avadanlıq və bura gətirdiyi texnika miqyasına görə, demək olar, bütün Qara dənizə nəzarətə hesablanıb. Bredlove Ukraynada ölkə rəhbərləri ilə yüksək səviyyədə danışıqlar keçirib. Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Krıma, burada yerləşdiriləcək 30 təyyarədən ibarət eskadrilya üçün artıq 14 qırıcı gətirilib. Mətbuat xəbər verir ki, Krımın Belbek hərbi hava bazasında yerləşdirilən qırıcı təyyarələr Krasnodar hərbi dairəsinin bazalarından gətirilir. General Bredlove, həmçinin rəsmən bəyan edib ki, Ukrayna ərazisində çox sayda Rusiya hərbçisi var və onlar separatçıların təlimləndirilməsində və onlara taktiki yardım göstərilməsində iştirak edirlər.
Putin: Sanksiyalar qanunsuzdur
Öz növbəsində, Moskva Ukrayna ərazisində Rusiya əsgərlərinin olması barədə iddiaları təkzib edir. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya heç kim üçün təhlükə yaratmır və geosiyasi oyunlara cəlb olunmasına yol verməyəcək. Prezident sanksiyalar məsələsinə də toxunub. Onun qənaətincə, ABŞ, Avropa İttifaqı, Yaponiya və Avstraliya tərəfindən Rusiyaya qarşı tətbiq olunan birtərəfli məhdudlaşdırıcı tədbirlər qanunsuzdur: “Moskva ilə ultimatum və sanksiya dilində danışmaq perspektivsizdir. Belə təzyiqlər təkcə iqtisadi ziyan vurmur, həm də beynəlxalq təhlükəsizliyi təhdid edir”. Putin Qərbi təhdidləri aradan qaldırmağa və qarşılıqlı qəbul olunacaq qərarların axtarışına çağırıb: “Bizim cavabımız hər zaman balanslı olub və olacaq”. Rusiya prezidenti bildirib ki, ölkəsində fəaliyyət göstərən Qərb şirkətlərinin rəhbərləri sanksiyalarla bağlı narahatdırlar və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını deyiblər: "Ümid edirik ki, sağlam məntiq qalib gələcək”.
Rusiya Avropadakı dinc asayişi sual altına alır
Bu arada, Almaniya kansleri Angela Merkel ölkə parlamenti – Bundestaq qarşısında çıxış edərkən Rusiyanın Ukraynaya qarşı təcavüzünü sərt şəkildə tənqid edib. “Krımın ilhaqına heç bir vəchlə haqq qazandırmaq olmaz” - deyə kansler əlavə edib ki, Rusiyanın Donetsk və Luqanskdakı döyüşlərdə birbaşa və ya dolayısı ilə iştirakına heç nə ilə haqq qazandırmaq olmaz”. Angela Merkel deyib ki, Rusiya Avropadakı dinc asayişi sual altına alır və beynəlxalq qanunları tapdayır. O, əlavə edib ki, Şərqi Ukraynada davamlı sülhün bərqərar olması çətin məsələdir və buna görə də Rusiya üzərinə yeni sanksiyaların qoyulması qaçılmaz olacaq. Rusiya və Ukrayna arasında vasitəçilik missiyasını tez-tez üzərinə götürən Merkel, adətən Rusiya üzərinə yeni sanksiyalar barədə həvəssiz danışırdı.
Təhlilçilərin fikrincə, kansler Rusiyaya qarşı yumşaq davranış taktikasının fayda vermədiyinə əmin olub.
Merkel Putindən niyyətini açıq deməyi tələb edib
Britaniya mətbuatı yazır ki, “Böyük 20-lər”in bu ayın ortalarında Avstraliyada keçirilmiş sammitindən əvvəl Merkel Putinlə tam təkbətək, yəni tərcüməçilərsiz söhbət edib. Bəzi məlumatlara görə, Merkel Putindən Ukraynadan və digər keçmiş sovet ölkələrindən konkret nə istədiyini açıq deməsini tələb edib. Almaniya nümayəndə heyətindəki mənbədən alınmış məlumata görə, həmin söhbət olduqca əsəbi başa çatıb. Reuters agentliyi bildirir ki, söhbət zamanı Putin tam müdafiə və özünü təmizə çıxarma mövqeyi tutub. Almaniya nümayəndəsi bildirib ki, Moskvanı yola gətirmək cəhdlərinin ehtiyatı tükənib. Berlin rəsmilərinin fikrincə, hazırda Moskva mümkün sanksiyaların bloklanması üçün İtaliya, Slovakiya və Macarıstana təzyiq göstərir.
Almaniya hökumətindəki mənbələr bildirib ki, separatçılar Mariupolu zəbt edəcəkləri təqdirdə, bütün oyun qaydaları dəyişə bilər. “Bizim siyasət vasitəsi kimi müharibəni tam istisna etdiyimizi deməyimiz o mənaya gəlmir ki, bizimlə istənilən cür davranmaq olar” – deyə Merkel vurğulayıb.
Rusiya imic müharibəsi ilə üzləşib
Ekspertlər diqqəti ona yönəldirlər ki, Ukrayna münaqişəsinə hərbi müdaxiləsini inkar edən Rusiya hazırda imic müharibəsi ilə üzləşib. Belə ki, BMT Rusiyanı nasizm və irqçilikdə ittiham edir. Təqribən on ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının insan hüquqlarının vəziyyəti ilə məşğul olan komitəsi hər il Rusiyanı irqçiliyin hər bir forması, ksenofobiya və qeyri-tolerantlıqda günahlandıran qətnamələr qəbul edir.
İcbari olmayan qətnamələr 115 ölkənin geniş dəstəyini əldə edir. Baxmayaraq ki, ABŞ və Kanada ənənəvi olaraq onlara mənfi səs verir, Avropa İttifaqı isə bitərəf mövqe tutur. Rusiya diplomatları və xəbər agentlikləri Ukraynanın da ABŞ və Kanadaya qoşularaq qətnaməyə mənfi səs verdiyini və 55 ölkənin bitərəf qaldığını bildirib.
Kamran
banner

Oxşar Xəbərlər