AZE | RUS | ENG |

NATO-nun Xəzərdə hərbi bazası ola bilər

NATO-nun Xəzərdə hərbi bazası ola bilər
Qazaxıstan prezidenti bəyan edib ki, “Aktau” limanını ABŞ-ın ixtiyarına verməyə hazırdır


Qazaxıstan Xəzər sahilində yerləşən “Aktau” limanını NATO-nun sərəncamına verməyə hazır olduğunu bəyan edib. Bu sensasion bəyanatı Qazaxıstan prezidenti Nursultan Nazarbayev Əfqanıstan üzrə İstanbul prosesinin Xarici İşlər Nazirlərinin Alma-Ata konfransında bəyan edib. O bildirib ki, Əfqanıstandan çıxarılacaq yüklərin tranzitində “Aktau” limanını Birləşmiş Ştatların ixtiyarına verməyə hazırdır. Bu isə Qərb və Rusiya siyasi dairələrində birmənalı qarşılanmayıb. Və dərhal rusiyalı ekspertlər Nazarbayevin təklifinin təhlükəli olduğunu iddia etməyə başlayıblar. Rusiya nəşrləri yazır ki, bununla da faktiki olaraq Xəzərin onsuz da kövrək olan arxitekturası dağılmış olacaq. Qərb nəşrləri isə diqqəti daha çox Alma-Atada keçirilən konfransa yönəldiblər. Qeyd olunur ki, NATO və ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra Əfqanıstan və Mərkəzi Asiyada vəziyyətin necə olacağı ötən həftənin sonu Alma-Atada keçirilən iki beynəlxalq tədbirdə müzakirə olunub. Qazaxıstan prezidenti vəd edib ki, NATO qoşunları hissə-hissə Əfqanıstanı tərk etdikdən sonra regionda fəlakətli hallar baş verməsini gözləməyinə dəyməz. “Saat əqrəbinin geriyə istiqamətlənəcəyi az inandırıcıdır. Əminəm ki, kritik heç bir şey baş verməyəcək. Halbuki, belə bir ssenarinin baş verə biləcəyini istəyən qüvvələr var” - deyə Qazaxıstan prezidenti mediaforumda bəyan edib. Qərb müşahidəçiləri vurğulayır ki, onun belə bir bəyanat səsləndirməsində ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Robert Bleyklə görüşünün böyük rolu olub. Bleyk bu günlərdə bəyan edib ki, ABŞ Əfqanıstanı tərk etdikdən sonra da Mərkəzi Asiyada öz iştirakını qoruyub saxlayacaq. Deyilənlərdən də belə çıxır ki, yeni mərkəz kimi Qazaxıstan seçilib. Maraqlıdır ki, Astana və Vaşinqton arasında Xəzərin Qazaxıstan sahilində yerləşən “Aktau” limanından istifadə haqqında danışıqlar uzun müddət idi ki, aparılırdı. Danışıqların aparıldığı barədə ilk dəfə olaraq mətbuata “WikiLeaks” vasitəsilə məlumat sızıb. Sonradan bu məlumatları kütləvi informasiya vasitələrinə “Aktau” limanının yerləşdiyi Manqistausk vilayətinin qubernator müavini Birjan Kaneşev də təsdiq etmişdi. O bildirib ki, Qazaxıstanın hakimiyyət orqanları ABŞ nümayəndələri ilə birgə Xəzər sahilində yerləşən “Aktau” limanını “Şimali dəhlizi” ilə daşınacaq yüklərdə başlıca daşınma hissəsinə çevirmək istəyir. Onun sözlərinə görə, Qazaxıstan hakimiyyət orqanları “Aktau”nu irimiqyaslı nəqliyyat xəttinə çevirmək niyyətindədirlər. Qubernator müavini vurğulayıb ki, bu, ABŞ-a öz yüklərini liman və aeroport vasitəsilə daşımağa imkan verə bilər. Düzdür, bəzi ekspertlər yüksək ranqlı məmurun bu açıqlamasını “məsuliyyətsiz” bəyanat adlandırsalar da, onun reallaşa bilməsində maneə görməyənlər də var. Onların qənaətincə, “Aktau” limanında amerikalı hərbi qulluqçuların yerləşdirilməsi inandırıcı görünür. Mərkəzi Asyanın və Qafqazın öyrənilməsi Mərkəzinin eksperti Stanislav Pitçin isə çox maraqlı fikir irəli sürüb: “Gəlin regionda bir anlığa belə amerikalı hərbçilərin olmasını təsəvvür edək. Buna yol vermək - regionda sürətli silahlanmaya gətirib çıxara bilər. Xüsusən də bu aktivlik Rusiya və İran tərəfindən baş verəcək. Qazaxıstan prezidenti artan diskussiyalara nöqtə qoymuş olsa da, suallar hələ də cavabsız qalır. Qazaxıstan və Mərkəzi Asiya - həddən artıq yüksək gərginliyə malik regionlardır. Qafqazın Rusiya hissəsində cihadçılar, eləcə də Qazaxıstanın qərb hissəsindəki radikal islamçılar təhlükəsini yaddan çıxarmaq olmaz”. O da qeyd edilir ki, Xəzərdə sabitlik dənizətrafı beş dövlətin sammitində müzakirəyə çıxarıla bilər. Bəlli olduğu kimi, beş Xəzəryanı dövlət dənizdə əcnəbi dövlətlərin hərbi iştirakını qadağan edən sənədə imza atıblar. Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazev də bildirir ki, Rusiya və İran indiyə qədər amerikalı hərbçilərin yaxından köməyi ilə qurulan Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Donanmalarının yaradılmasına və fəaliyyətinə göz yumublar. Rusiyalı nəşrlər yazır ki, Azərbaycanın İsrail - ABŞ hərbi meydanına çevrilməsi qorxusu Tehranı çox ciddi narahat edir. Moskva isə strateji müttəfiqi elan etdiyi Qazaxıstana qarşı bu məsələdə elə də ciddi təpgi göstərmir. Kreml Astananın hərbi dəniz personalına ABŞ-ın təlimlər keçməsinə, məsləhətçilər hazırlamasına kəskin reaksiya verməyib. Rusiyalı ekspert ehtiyat edir ki, yaxın perspektivdə Xəzərin Qazaxıstan sahillərində, eləcə də Azərbaycan tərəfdə Qərb hərbçiləri Transxəzər karbohidrogen ehtiyatlarının daşınmasını həyata keçirən boru xətlərinin təhlükəsizliyi məsələsinə baxa bilərlər. “Təbii ki, ABŞ-ın Aktauda hərbi bazası İrana qarşı ABŞ-ın mümkün hərbi ssenarilərində istifadə oluna bilər: “Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması və onun fəaliyyət göstərməsi barədə isə unutmaq gərək olacaq”. Beləliklə, Xəzər bu dəfə dənizdə hərbi bazanın yerləşdirilməsi baxımından gündəmə gəlmiş olur. Lakin qeyd etdiyimiz kimi, bu məsələnin reallaşması baş tutana oxşamır. Belə ki, Qərbin bu layihəsinin reallaşmasına ən çox Rusiya yol verməz. Hər halda, Rusiya istəməz ki, cənub sərhədlərində ən böyük rəqibi hesab etdiyi NATO-nun bazası olsun. Çünki, Moskva dəfələrlə açıq formada bəyan edib ki, Xəzər sularına üçüncü dövlətin hərbçilərinin ayağının dəyməsinə imkan verməyib və verməyəcək də. Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311