• cümə, 19 Aprel, 10:49
  • Baku Bakı 13°C

NATO-nun tədbirində fransalı deputatdan “erməni” təxribatı

15.04.19 18:53 597
NATO-nun tədbirində fransalı deputatdan “erməni” təxribatı
Hər ilin aprelində qondarma erməni soyqırımı ilə bağlı ermənilərlə yanaşı, onların təsir dairəsində olan ayrı-ayrı ölkələrin siyasətçiləri də yanlış təbliğatın ruporuna çevrilirlər. Necə ki, bir neçə gün əvvəl NATO Parlament Assambleyasının 99-cu Rose-Roth Seminarında fransalı deputat tərəfindən Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna qondarma soyqırımla əlaqəli təxribatçı sualla bağlı hadisə gündəmə gəldi.
XİN başçısı fransız parlamentari Sonia Kriminin sualına cavabında bildirib ki, Fransa kimi ölkələr bir şeyə alışıblar - daima başçılıq edəcəklər, başqa ölkələri təhqir edəcək, alçaldacaqlar: "Amma Türkiyə və ya başqa bir ölkə tərəfindən tənqid eşidəndə şoka düşürlər. Beynəlxalq hüquqla bağlı Türkiyəyə dərs verməyə cəhd edirlər. Amma onun dediklərinə belə qarşı dözümlülük nümayiş etdirə bilmirlər. Makronun qərarı Fransa Konstitusiya Məhkəməsinin qərarına zidd deyil? Ziddir. Avropa İnsan Haqları Məhkəməsinin qərarına zidd deyil? Ziddir. Keçmişdə olan bir hadisəni soyqırımı kimi təqdim etmək siyasətçilərin işidir? BMT qərarlarını oxumusunuz? Siz siyasətçilər tarixi hadisələr barədə qərar vermək haqqınız olduğunuzu düşünürsünüz. Hansı sənədlə qəti qərar verə bilərsiniz? Sizin rəhbəriniz populizmə məğlub olub. Soyqırımla bağlı Türkiyəyə dərs verəcək ən son ölkə Fransa ola bilər. Öncə öz tarixinə baxsın. Əlcəzairdə olanları unutmamışıq. Siz özünüzü üstün görməyə davam edin, biz də sizə həddinizi bildirməyə davam edəcəyik”.
Türkiyə XİN rəhbərinin belə bir mötəbər tədbirdə sərt cavabı gözlənilməz olub. Çavuşoğlu həm də bu cavabı ilə qondarma soyqırımla bağlı Türkiyəyə təzyiq göstərən ölkələrə bir mesaj verdi. Bəs görəsən, fransalı deputatın NATO-nun tədbirində belə sual səsləndirməsi təxribat idimi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov bildirdi ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu fransız siyasətçilərin yerində cavabını verib: "Təəssüflər olsun ki, hər il aprelin 24-ü yaxınlaşdıqca, Fransa tərəfindən qondarma soyqırımla bağlı ağlasığmaz bəyanatlar və hətta qərarlar verilir. Məhz qondarma soyqırımla bağlı Fransa prezidenti Emmanuel Makron tərəfindən qərarın qəbul edilməsi heç bir məntiqə sığmır və bu ölkənin dünyadakı prestijinə ağır zərbə vurur. Çünki hamıya məlumdur ki, məsələ siyasi mahiyyət daşıyır. Elə bu səbəbdən də Türkiyə prezidenti Ərdoğan tərəfindən də bir neçə dəfə arxivlərin açılması ilə bağlı təklif verilib. Türkiyə prezidentinin vurğuladığı kimi, məsələyə siyasətçilər deyil, tarixçilər qiymət verməlidirlər. Lakin məlum məsələdir ki, belə bir soyqırımı olmadığına görə tarixçilər bunu inkar edəcəklər. Fransanın siyasi isteblişmentinə nəzər saldıqda görə bilərik ki, onlar siyasi fəaliyyətə başlayarkən, partiyalara, bələdiyyələrə üzv olmağa çalışarkən, meriya seçkilərinə hazırlaşarkən erməni maliyyə qruplarının maraq dairəsinə düşürlər. Bu səbəbdən də erməni maraq qrupları tərəfindən maliyyələşən, müxtəlif səbəblərdən maliyyə baxımından onlara yaxın olan fransız siyasətçiləri müxtəlif səviyyələrdə Fransada hakimiyyətə gələrkən ermənilərin lehinə qərarlar qəbul etməyə başlayırlar. Bundan irəli gələrək də Türkiyə əleyhinə çıxışlar edirlər. Əlbəttə ki, burada Fransanın milli maraqlarından söhbət getmir, daha çox ermənilərin mövqeyi əks olunur. Bu gün Fransanın daxilində bir sıra məsələlər var ki, bunlar öz həllini tapmalıdır. Cəmiyyət tərəfindən Fransa hakimiyyətinə aksiyalar və digər vasitələrlə sorğular, çağırışlar edilir. Lakin rəsmi Paris bütün bunları həll etmək əvəzinə, prezident Makron başda olmaqla erməniləri müdafiə edirlər, eyni zamanda ən kobud şəkildə Türkiyəyə qarşı çıxışlar səslənir və aprelin 24-ü ilə bağlı yanlış qərar verilir. Təbii ki, bu heç də yaxşı hal deyil. Bu yanlış yanaşma nə ümumavropa, nə də Fransanın maraqlarına cavab verir”.
Politoloq Natiq Miri bildirdi ki, qondarma erməni soyqırımı ilə bağlı atılan bütün addımlar hüquqi olmadığı qədər həm də siyasi qərarlardır: "Yəni, bu gün "erməni soyqırımı” deyilən hüquqi anlayış yoxdur, amma təzyiq mexanizmi olaraq Türkiyəyə qarşı istifadə olunur. Ümumilikdə götürsək, Türkiyə Aralıq dənizində bir çox ölkələrə qarşı müqavimət göstərir. Çünki Aralıq dənizi enerji daşıyıcıları ilə zəngindir. Bununla Türkiyə öz siyasi iradəsini ortaya qoyaraq, həm öz dövlətinin, həm də Şimali Kiprin bu yöndə haqlarını müdafiə edir. Eyni zamanda, Türkiyə Suriya ilə sərhədləri boyunca bir terror dövlətinin yaranmasına qarşı çıxır. Qeyd edilənləri Türkiyəyə qarşı təzyiq olaraq qiymətləndirmək lazımdır. Fransalı deputatın dedikləri də təsadüf olaraq ortalığa çıxan bir məsələ deyil. Çünki Fransadakı deputatlar, siyasətçilər və tarixçilər bilməmiş deyil ki, "erməni soyqırımı” deyilən bir hadisə baş verməyib. Bu yöndə hansısa çıxışlar varsa, bunu Türkiyəyə qarşı böyük təxribat və siyasi təzyiq kimi qəbul etmək lazımdır”.
N.Miri vurğuladı ki, son zamanlar Türkiyənin geosiyasi aktor kimi müstəqil qərarlar qəbul etməsi dünya güclərini narahat edir: "Bu kontekstdə əlavə olaraq qondarma erməni soyqırımı məsələsini dilə gətirirlər. NATO-nin tədbirində Türkiyə xarici işlər naziri Çavuşoğluna sual verməklə dolayısı ilə Türkiyəni aşağılamaq istəyən Fransa deputatları əks təsirlə qarşılaşdılar. Çavuşoğlu heç bir zaman olmadığı qədər Fransa dövlətinə böyük bir dərs vermiş oldu. Eyni zamanda onu xatırlatdı ki, təkcə Fransa yox, ümumiyyətlə Türkiyəni bu yöndə aşağılamaq istəyən, təzyiq göstərməyə cəhd edən istənilən ölkə belə məsələlərdə güclü Türkiyəni qarşısında görəcək. Mənə elə gəlir ki, bu xəbərdarlıq bütün dünya dövlətləri, o cümlədən ABŞ və Avropa İttifaqı üçün çox önəmli mesaj xarakteri daşıyır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər