• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

NATO-nun postsovet məkanına irəliləməsi təxirə salınır?

07.02.19 18:52 591
NATO-nun postsovet məkanına irəliləməsi təxirə salınır?
Postsovet respublikalarının Şimali Atlantika Alyansına (NATO) üzvlüyü məsələsi, deyəsən hələ uzun müddət reallaşmayacaq. Təşkilatın bu planının reallaşmasına qarşı çıxan Rusiya onun yolunda əsas maneədir. Belə götürəndə, NATO-nun Şərqə doğru genişlənmə planında əsas maneə olan Moskva onsuz da ciddi təhlükə qarşısındadır. Şərqi Avropanın bir sıra dövlətləri artıq Alyansa üzvdürlər və onun raketləri artıq Rusiya sərhədləri yaxınlığında yerləşdirilib.
Bir tərəfdən keçmiş sovet respublikaları, xüsusən də Gürcüstan mütəmadi olaraq quruma üzvlük istəyini ortaya qoyur. Moskvanın narahatlığı da Alyansı əsas diqqəti Avropaya yönəltməyə məcbur edir. Məsələn, ötən gün Alyans Makedoniyanın bloka qoşulma sazişini imzalayıb. Hadisəni tarixi gün adlandıran NATO-nun baş katibiJens Stoltenbergəlavə edib ki, bu sənəd bütün regiona daha artıq təhlükəsizlik və rifah gətirəcək. "NATO-nun baş qərargahı üzərində 30 bayrağın dalğalanacağı günü səbirsizliklə gözləyirəm”, – Stoltenberg mərasimdən sonra tvitində yazıb. Qərb mediası dərhal belə bir sualla çıxış edib - NATO-nun qapıları yeni üzvlərə bağlanıbmı? "Qolos Ameriki” bununla bağlı maraqlı bir araşdırma aparıb.
Müəllif yazır ki, NATO-nun Brüsseldəki baş qərargahının qarşısında dövlətlərin bu alyansa daxil olma tarixini təcəssüm etdirən metal bir abidə var. Abidənin 1949-cu ili əks etdirən hissəsinə Şimal Alyansın əsasını qoymuş 12 ölkənin adları həkk olunub.Bundan təxminən 30 santimetr yan tərəfdə 1952-ci il gəlir. Bura Türkiyə ilə Yunanıstanın adları yazılıb. Daha üç il sonrakı lövhədə Almaniyanın adı görünür. Rikard Xozviakın reportajında deyilir ki, Almaniyanın adından sonra abidənin metal gövdəsində 1982-ci ilə qədər böyük bir boşluq görünür. Burda yalnız İspaniyanın adı yazılıb. İspaniyadan sonra NATO-nun genişlənməsini göstərən çoxsaylı adların sırası başlanır. Bu abidənin üzərinə yazılacaq daha bir ad var. Şimali Makedoniya Respublikası alyansa üzvlük barədə protokolu imzalayıb. Lakin onun adı bu abidənin üstündə təxminən 2020-ci ilin yazında görünəcək.
Xozviak yazır ki, abidənin üstündə hələ bir xeyli boş yer qalsa da, Makedoniya alyansın 30-cu üzvü olduqdan sonra onun qapısı hələ uzun müddət ürəyindən üzvlük keçən ölkələrin üzünə bağlı qalacaq. Onun qənaətincə, hazırda NATO-ya qoşulmaq niyyətini rəsmi elan etmiş üç ölkə var.Bunlar Bosniya, Gürcüstan və Ukraynadır.Bu üçlüyün arasında Bosniya daha real namizəddir, çünki ona NATO tərəfindən"Üzvlük üçün Hərəkət Planı” (Membership Action Plan)deyilən sənəd təqdim olunub. Bu hərəkət planı NATO-ya üzv olmaq istəyən ölkənin hansı standartlara malik olmalı olduğunu göstərir və Sarayevoya hələ 2010-cu ildə verilib: "Bundan başqa, ötən il NATO Bosniyadan üzvlüyə qoşulmaq üçün İllik Milli Proqramı təqdim etməsini istəyib. Rəsmi baxımdan bu, üzvlük üçün Hərəkət Planı sənədinin aktivləşməsi deməkdir. Lakin məsələ ilə tanış olanlar bilirlər ki, Bosniyanın bu sənədi tezliklə təqdim edəcəyi ağlabatan deyil. Bosniya prezident üçlüyünə serb Milorad Dodikin seçilməsi bu sənədin masa üstünə gələcəyinə dair bütün ümidləri öldürüb. Həqiqət naminə bunu da demək lazımdır ki, "Üzvlük üçün Hərəkət Planı”nın işə salınması üçün Bosniya hələ də mühüm bir şərti yerinə yetirməyib. Bu, Bosniyanın daşınmaz müdafiə əmlakına malik olması şərtidir. Başqa sözlə, bu şərtin icrası üçün Bosniya öz daşınmaz müdafiə əmlakının sahibi olmalıdır. Amma Bosniya üzvlük üçün lazım olan başqa şərtlərə də tam əməl edə bilməyib.Bu şərtlər qanunun aliliyi, korrupsiya və media azadlığı sahəsində islahatların həyata keçirilməsidir.
"Bəs Gürcüstan "Qərbi Almaniya” ola bilərmi” deyə ekspert sualla çıxış edir. Və cavab verir: "Gürcüstana gəldikdə isə, NATO bu ölkə ilə Bosniya ilə etdiyinin əksini edib. Gürcüstana 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində "bir gün bu alyansın üzvü olacağına” dair vəd verilib. Bosniyadan fərqli olaraq Gürcüstan indiyədək NATO-ya 10 dəfə "İllik Milli Proqram” təqdim edib, amma"Üzvlük üçün Hərəkət Planı” Tbilisi üçün hələ də əlçatmaz olaraq qalır. NATO Gürcüstana onun özünü müdafiə edə bilməsi üçün dəstək öhdəliyinə hələ də sadiq qalır və mart ayında bu ölkədə özünün ən böyük hərbi manevrlərini keçirəcək. Buna baxmayaraq, alyansın bir çox üzvləri Tbilisinin NATO üzvlüyünə qəbul olunmasının Moskvanı hiddətləndirəcəyini deyən Almaniya və Fransanın arxasında gizlənirlər. Ortalıqda Tbilisinin "Qərbi Almaniya” modelini seçməsi kimi variant da var.Bu halda, bir vaxtlar Almaniya özünün şərq hissəsindən imtina etməkləNATO-ya qoşulduğu kimi, Tbilisi də Abxaziya və Cənubi Osetiyadan birdəfəlik əl çəkməklə alyansa üzv ola bilər. Lakin NATO üzvlərini hətta bu variant da tam qane etmir. NATO rəsmiləri şəxsi söhbətlərində deyirlər ki, Gürcüstan özünün insan haqları və qanunun aliliyi ilə bağlı vəziyyətini "Qərbi Almaniya” standartlarına qaldırsa, daha yaxşı olardı”.
Ukraynaya gəlincə isə, ekspertin qənaətincə, o, ümumiyyətlə növbənin axırındadır.Kiyev hökuməti NATO üzvlüyü üçün hələlik heç bir hərəkət planı istəməyib.Belə görünür ki, Ukrayna bir növ Gürcüstanın başına gələnlərdən ibrət dərsi götürüb.
"Daha kim qaldı? Moldova?Bu ölkədə kimin rəhbər olmasından asılı olmayaraq, Moldova neytral ölkə statusunda qalacaq. Başqa sözlə, Moldova Gürcüstan və Ukrayna ilə bir torbanın içindədir. Kosovonun üzvlüyü də qaranlıq məsələ olaraq qalır. Belə ki, NATO-nun bəzi üzvləri onun heç müstəqilliyini qəbul etməyiblər. Bəlkə də ən yaxşısı NATO-nun iqamətgahı önündəki o lövhənin üstündə hazırda alyansın üzvü olmaq niyyətlərini bildirməyən iki ölkənin adlarının yazılması olardı.Bunlar Finlandiya və İsveçdir.
Lakin Rusiyanın Baltik dənizi hövzəsindəki qorxunc mövcudiyyəti bunun nə vaxt baş verə biləcəyini müşkül suala çevirir. Hərçənd hər iki ölkənin əhalisi rəsmi neytrallıq statusunu tərk etmək ideyasına getdikcə daha çox meyllənməyə başlayıb”, - deyə ekspert sonda fikrini tamamlayıb.

Azər
banner

Oxşar Xəbərlər