• cümə, 26 Aprel, 14:51
  • Baku Bakı 23°C

NATO-nun ədalətli mövqeyi Azərbaycanın uğurudur

09.09.14 12:20 1101
NATO-nun ədalətli mövqeyi Azərbaycanın uğurudur
Məlum olduğu kimi, NATO-nun Uelsdə keçirilmiş son sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən müddəa yer alıb. Bu isə dünyanın yeganə qüdrətli hərbi-siyasi alyansının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ortaya qoymuş olub.
Prezident İlham Əliyev də öz növbəsində sammitdəki nitqində NATO-nun bu mövqeyini yüksək qiymətləndirib: «Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir».
Əslində Dağlıq Qarabağ problemi ilə bağlı əsas platformanın ATƏT olmasına baxmayaraq, son dövrlər beynəlxalq münasibətlər sistemində NATO-nun rolunun güclənməsi qurumun bəyannaməsinin siyasi əhəmiyyətini bir qədər də artırır.
Sirr deyil ki, NATO bu gün ənənəvi məsuliyyət dairəsindən kənara çıxaraq dünyanın müxtəlif bölgələrində münaqişələrin həllində iştirak etməkdədir. Bu isə onunla bağlıdır ki, NATO-da hesab edirlər ki, müttəfiqlərin maraqlarına təhdid dünyanın müxtəlif bölgələrindən doğa bilir.
Bunu Əfqanıstan və Liviya ilə bağlı əyani şəkildə görmək mümkündür. Belə ki, Əfqanıstan və Liviya heç bir şəkildə NATO üzvü olan konkret ölkələrlə münaqişə yaşamırdı. Və bu ərazilər siyasi-coğrafi baxımından NATO-nun məsuliyyət zonasına da aid deyildi. Lakin həmin ərazilərdən NATO üzvləri olan ölkələrin milli təhlükəsizliyinə təhdidlər doğduğu üçün qurum hərbi müdaxilə etməyi vacib hesab etdi.
Ekspertlərin dəyərləndirmələrinə görə Uels sammiti NATO-nun «soyuq müharibə»dən sonra keçirdiyi ən böyük toplantı olub. Bunun isə son dövrlər Ukraynada baş verən hadisələrlə bağlı olduğu hər kəsə məlumdur.
Ukraynada Rusiyayönlü qüvvələrin aktivləşməsi və hətta bir çox hallarda Ukrayna ordusunu üstələməsi NATO-nu narahat etməyə bilməzdi. Qurum birbaşa Ukraynaya müdaxilə etməyə risk etməsə də, münaqişə zonasına yaxın olan müttəfiqlərini mümkün hədələrdən müdafiə etməyə çalışır. Həmçinin NATO Ukraynadakı münaqişənin tezliklə və ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə səy göstərir. Əks təqdirdə münaqişənin doğurduğu təhdidlərin miqyası və coğrafiyası genişlənə bilər.
Uels sammitində postsovet ölkələrinin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bəyanat verməsi isə qurumun bu münaqişələrin həllində rolunu tezliklə artıracağına inamı gücləndirir.
Əslində Qarabağ münaqişəsinin də müxtəlif aspektlərdən NATO üzrə müttəfiqlərin maraqlarına təhdid doğurduğu ortadadır. Belə ki, bu gün Avropanın NATO-nun təsir dairəsində olan cənub regionunun enerji ilə, xüsusilə qazla təchizatında Azərbaycan mühüm rol oynayır. Həmçinin ölkəmizdən Avropa və dünya əhəmiyyətli tranzit yolların, tranzit layihələrin keçməsi də Azərbaycanın Qərb üçün əhəmiyyətini artırır. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması NATO-nun maraqlarına cavab vermir.
Digər tərəfdən məlum olduğu kimi, Azərbaycan NATO üzvü olmasa da, daim onun missiyalarına ciddi dəstək verib. Kosovoda, Əfqanıstanda, İraqda NATO sülhməramlılarının tərkibində Azərbaycan əsgərləri də xidmət edib. Əfqanıstandakı NATO missiyasına Azərbaycanın dəstəyi, həmçinin digər sahələrdə də özünü göstərir. Belə ki, İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq-mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub.
Bundan əlavə, gələcəkdə Azərbaycan “Qətiyyətli dəstək” əməliyyatı çərçivəsində mühüm tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə də Əfqanıstana öz yardımını edəcək. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm də Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf üçün də imkanlar yarada bilər.
Göründüyü kimi, Azərbaycan NATO-nun missiyalarının işində aktiv iştirak etməklə qurumla qarşılıqlı maraq doğuran əlaqələrə malikdir. Bu mənada NATO-nun etibarlı və sərfəli tərəfdaşla münasibətlərin perspektivlərində də maraqlı olduğu şübhəsizdir. Bu mənada NATO-nun Azərbaycanın ərazi bütövlüyünü gələcəkdə də dəstəkləyəcəyi şübhəsizdir.
Eyni zamanda NATO-nun dünyada sülh və təhlükəsizliyin qorunub saxlanmasında və münaqişələrin həllindəki rolunun artması tendensiyası Dağlıq Qarabağ münaqişəsinin bu qurum müstəvisində həlli perspektivlərini nümayiş etdirir.
Qurumda Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşan Türkiyənin aktiv və sözükeçən üzvlərdən olması da inamı artırır. Yeri gəlmişkən, Türkiyə prezidenti Ərdoğan Uels sammitindəki nitqində Dağlıq Qarabağ probleminin həllinə ədalətli yanaşılması ilə bağlı məsələ qaldırıb.
Əlbəttə ki, Türkiyənin NATO-dakı aktiv rolu Ermənistanı qane edə bilməz. Bu, məqam özünü Uels sammitində də büruzə verdi. Belə ki, Ermənistan prezidenti çıxışında NATO-da Türkiyənin ərazi bütövlüyü prinsipini dəstəkləyən mövqedən lobbiçilik edəcəyi ilə bağlı narahatçılıq bildirdi. Lakin onun çıxışın heç bir nəticə vermədi və əksinə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən müddəanın əksini tapdığı yekun bəyannaməni də imzalamalı oldu.
Beləliklə də aparılan təhlillər göstərir ki, son dövrlər baş verən hərbi münaqişələr fonunda dünyada NATO-nun siyasi-hərbi qüdrəti artmaqdadır. Qurum münaqişələrin həllində getdikcə həlledici missiyanı öz üzərinə götürür. Belə bir şəraitdə alyansın son sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe nümayiş etdirməsi mühüm hadisədir və bundan maksimum şəkildə yararlanılmalıdır. Əlbəttə ki, NATO-nun bu mövqedən çıxış etməsində Azərbaycan və Türkiyə diplomatiyasının əhəmiyyətli rolu olduğu da sirr deyil. Bu istiqamətdə ardıcıl fəaliyyət isə Dağlıq Qarabağ münaqişə üzrə həll prosesinin NATO müstəvisinə keçirilməsi istiqamətində mühüm nəticələr verə bilər.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər