• çərşənbə, 24 Aprel, 05:44
  • Baku Bakı 14°C

“NATO hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”

10.09.14 12:18 1955
“NATO hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
Sentyabrın 4-5-i tarixlərində gerçəkləşən NATO-nun Uels sammiti ölkəmiz üçün müsbət qiymətləndirilir. NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçılarının qatıldığı, eləcə də ölkə başçısı İlham Əliyevin iştirak etdiyi sammitdə əsasən Ukrayna hadisələri müzakirə olunurdu. Amma Uels sammiti çərçivəsində Azərbaycanın işğal olunmuş torpaqları barədə də danışılıb və yekunda dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul olunub. Diqqət çəkən məqam odur ki, Ermənistan prezidenti də bu sənədə imza atmalı olub. Sammit çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin vaitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də baş tutub. Bu və digər məqamlarla bağlı “Kaspi”nin suallarını politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, NATO-nun Uels sammitində dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul edilməsi Azərbaycanın uğuru kimi qiymətləndirilə bilərmi?

- Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi çox yaxşı haldır. Xatırlatmalıyam ki, NATO hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Orada ortaya qoyulan sənəd elə hazırlanmışdı ki, Ermənistan prezidenti Serj Sarkisyan belə, məcbur qalıb onu imzaladı. Sənədlə təkcə Azərbaycanın deyil, Gürcüstan, Ermənistan və Ukraynanın da ərazi bütövlüyü dəstəklənir. Ona görə də Ermənistanın bu sənədin əleyhinə çıxması məntiqsizlik olardı. Bütün hallarda, NATO-da Azərbaycanla bağlı belə bir qərarın verilməsi bizim üçün çox əhəmiyyətli məsələdir. Ölkəmiz üçün ikinci uğur ondan ibarətdir ki, Türkiyə prezidenti Bakıda verdiyi vədi yerinə yetirdi və orada Qarabağ məsələsini qaldırdı. Üçüncü vacib məqam isə odur ki, ABŞ dövlət katibinin vasitəçiliyi ilə prezidentlərin görüşü baş tutdu. Bu da, ABŞ-ın vasitəçilik təşəbbüsündə aktivləşdiyindən xəbər verir. Belə hal Azərbaycanın xeyirinədir. Ancaq bu heç də o demək deyil ki, NATO Azərbaycanın ərazi bütövlüyünü vurğulayıbsa, münaqişənin ədalətli həllinin sürətlənəcəyini görəcəyik. Təəssüf ki, bu cür sənədlərin sayı çoxdur. Amma hər halda, elə bir məqam yetişə bilər ki, bu sənədlər həqiqətən, Azərbaycanın işinə yaraya bilər.
- Qeyd etdiniz ki, ABŞ Qarabağ münaqişəsi məsələsində əvvəlkindən daha aktivdir. Sizcə, NATO-nun keçmiş SSRİ məkanındakı dondurulmuş münaqişələrin həlli prosesinə təsir imkanları hansı səviyyədədir?

- Məlumdur ki, Azərbaycan NATO-ya üzv dövlət deyil. Amma Azərbaycan bu təşkilatla çox fəal əməkdaşlıq edir. Azərbaycanlıların Əfqanıstan əməliyyatında sülhməramlı qüvvələrin tərkibində iştirak etdiyini xatırlatmaq kifayət edir. Əfqanıstan hökumət işçilərinin Azərbaycanda təlimlərdə iştirak etdiyini də nəzərə çatdırmaq yerinə düşər. Əlbəttə ki, bunlar hamısı NATO ilə əməkdaşlıq çərçivəsində reallaşıb. Azərbaycandan fərqli olaraq, Türkiyə NATO-nun üzvüdür və Türkiyənin bizimlə bağlı məsələləri qaldırması xeyrimizədir. Təsəvvür edin, həm Azərbaycan, həm də Türkiyə prezidenti eyni məsələləri qaldırdılar. NATO da, BMT də bizim ərazi bütövlüyümüzü dəstəkləsə də, bu məsələdə əsas ünvan kimi ATƏT-i göstərirlər. Təəssüf ki, ATƏT bu münaqişə ilə bağlı passivlik nümayiş etdirir və qəsbkar dövləti torpaqlarımızı işğaldan azad etməyə sövq edə bilmir.
- Ərdoğan Bakıda “NATO Azərbaycana verdiyi vədləri yerinə yetirməlidir” deyərkən, konkret olaraq hansı vədləri nəzərdə tuturdu?

- Söhbət konkret o vədlərdən gedir ki, NATO dövlətlərinin rəhbərləri Azərbaycan torpaqları haqda fikirlərini bildiriblər. Bütün sənədlərdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir. Son iki ay ərzində ABŞ rəsmiləri Azərbaycanın mövqeyinə uyğun fikirlər səsləndirirlər. Onlar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının vacibliyini vurğulayıblar. Halbuki əvvəllər bu barədə danışmırdılar. Bütün bu açıqlamaları, vədləri Ərdoğan bütün görüşlərində qaldırıb. Bizim əsas çalışdığımız odur ki, onlar Ukrayna ilə Azərbaycan arasında fərq qoymasınlar. Necə ki, Ukraynaya görə Rusiyaya, separatçılara qarşı sanksiyalar tətbiq edilir, eyni sanksiyalar Ermənistana da qoyulmalıdır. Çünki Ermənistan da işğalçı dövlətdir. Bu fərqi ortadan qaldırmağa çalışmalıyıq.
- Ermənistan sammitdə qəbul olunan sənəddən bərk narahatdır. Hətta Nalbadyan açıqlamasında bunu regiondakı təhlükəsizliyə zərbə adlandırıb.

- Bəli, onlar çox narahat olublar. Sarkisyan İrəvana qayıdan kimi toplantı keçirib və NATO-da Azərbaycana məğlub olduğunu açıq etiraf edib. Ermənistan çoxdan məğlub olub. Bütün qətnamələrdə qeyd olunur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkməlidir. Yəni, onların həyəcan təbili çalması normaldır. Çünki NATO sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədə imza atmalı oldu. Bu isə Ermənistanın məğlubiyyəti deməkdir. Ermənilərin bundan narazı qalması təbiidir. Onların yeganə razı qaldığı platforma ATƏT-in Minsk qrupudur. Hansı ki, onlardan da biz narazıyıq. Çünki 20 ildir, danışıqların nəticəsi yoxdur. İndiki status-kvo ermənilərin maraqlarına cavab verir. Bu, bizi qane etmədiyinə görə Minsk qrupundan fəaliyyət tələb edirik. Əgər onlar normal fəaliyyət göstərməzlərsə, bizim onlardan imtina etmək hüququmuz var.
- Sammit çərçivəsində ABŞ dövlət katibinin vasitəçiliyi ilə prezidentlərin görüşünün keçirilməsinin nədən xəbər verdiyini düşünürsünüz? Sizcə, görüş haqqında əvvəlcədən niyə dəqiq məlumat verilməmişdi?

- Əvvəlcədən bildirilmişdi ki, ola bilsin Ermənistan və Azərbaycan prezidentləri görüşsün. Amma bunun Con Kerrinin vasitəçiliyi ilə baş tutacağı deyilməmişdi. Mən düşünürəm ki burada bir neçə amil var. Bilirsiniz ki, Rusiya bu münaqişədə təkbaşına vasitəçilik etməyə çalışırdı. Soçi görüşü də bunun sübutudur. Keçmiş prezident Medvedyevin vasitəçiliyi ilə Rusiyada on görüş baş tutmuşdu. Amerika və Fransa bu məsələdə passiv davranırdılar. Sanki ABŞ bu addımı ilə Rusiyaya mesaj verdi ki, Qarabağ məsələsini tək üzərinə götürə bilməzsən, burada biz də varıq. Amma Azərbaycan üçün bu, azdır. Biz istəyirik ki, ABŞ Ermənistana təsir etsin. Çünki ABŞ-ın belə imkanları var. Ermənistan siyasi cəhətdən Rusiyadan asılı olsa da, onun əsas maliyyə mənbəyi ABŞ-dır. Məlumdur ki, ABŞ Ermənistan və Qarabağ separatçılarını maliyyələşdirir. Ona görə də bilirik ki, ABŞ-ın Ermənistana təsir etmək gücü var. Çox təəssüf ki, Obama hökuməti hələ də Qarabağ məsələsinə ciddi yanaşmır. Onu da deyim ki, ABŞ da prezidentlərin görüşünü adi görüş xətrinə təşkil edəcəksə, real nəticə olmayacaq və onların vasitəçiliyi də nəticə verməyəcək.
- Elmar Məmmədyarovun prezidentlərin görüşü ilə bağlı verdiyi açıqlama, daha doğrusu, ABŞ-ın Qarabağ münaqişəsinin həlli ilə bağlı təklifi tam aydın deyil. Həm deyilir ki, böyük sülh sazişinin başlanmasının vaxtı çatıb, həm də gələcəkdə müəyyən görüşlərin, səfərlərin baş tutacağı elan olunur. Deyilənlərdən nə nəticə çıxarmaq olar?

- Elman Məmmədyarovun sevdiyi kəlimə var - şeytan detallarda gizlənir. Bu, həqiqətən belədir. Dağlıq Qarabağ məsələsinin bir çox məqamları, təxminən 90 faizi həll olunub. Ermənistan da həmin məsələlərlə bağlı razılığını verib. Ən vacib məqamlar qalan 10 faizdədir. Bəllidir ki, referendum məsələsinə biz razılıq vermirik. Əvvəlcə rayonlar geri qaytarılmalı, köçkünlər öz evlərinə dönməlidirlər. Bundan sonra referendum müzakirələri başlaya bilər. Bir daha deməliyəm ki, bu işlərdə Amerikanın vasitəçiliyinə razıyıq. Hətta Fransanın da vasitəçiliyi yaxşı olar. Xatırladım ki, Olland Cənubi Qafqaza səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinə görüşməyi təklif etmişdi. Amma bizim görüş xətrinə təşkil olunan görüşlərlə vaxt itirmək niyyətimiz yoxdur. Gedişat bu cür davam etməməli, Ermənistana təzyiq edilməli, müəyyən irəliləyiş əldə olunmalıdır. Bizim üçün önəmli olan mərhələli həll prinsipinin işə düşməsidir. Bu, Ermənistanın özü üçün də faydalıdır. Çünki Qarabağ ətrafındakı rayonlar boşaldılsa, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında diplomatik münasibətlər yaranacaq. Rusiyada bəlli qüvvələr var ki, Ermənistanın onların caynağından xilas olmasına imkan vermirlər. Deməli, Amerikanın qarşısında duran əsas işlərdən biri də Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır.
- Sizcə, ABŞ-ın böyük sülh sazişi üzərində işə başlamaqla bağlı təklifi nəyə xidmət edə bilər?

- Bu, müsbət hadisədir. Elmar Məmmədyarov da dəfələrlə vurğulayıb ki, böyük sülh sazişi üzərində çalışmalara başlamaq olar. Fikir verirsinizsə, amerikanlarla azərbaycanlıların fikirləri üst-üstə düşür. Onlar da Qarabağ ətrafındakı rayonların boşaldılmalı, böyük sülh sazişinin imzalanmalı olduğunu deyirlər. Əksəriyyət düşünür ki, bu münaqişənin həlli mərhələli şəkildə mümkündür. Heç nəyi birdən həll etmək olmaz. Təəssüf ki, erməni separatçılar şotlandları, katalonları misal çəkməklə referendum məsələsini ortaya atır, “niyə onlara olar, bizə yox” deyirlər. Vaxtilə, Qarabağ ilə Kosova arasında da paralellər aparmağa çalışırdılar. Amma məsələ burasındadır ki, Kosovada etnik təmizləməni serblər həyata keçiriblər. Bizdə isə əksinə, Qarabağ separatçıları təmizləmə həyata keçirəndən, qətliamlar törədəndən sonra referendum məsələsini gündəmə gətiriblər. O ki qaldı şotland və katalonlara, onlarla da Qarabağ separatçıları arasında böyük fərq var. Çünki ermənilərdən fərqli olaraq, katalonlar və şotlandlar ispanları və ingilisləri öz ölkələrindən qovmayıblar, qətliamlar törətməyiblər, kiminsə torpağını işğal etməyiblər. Referendum məsələsi isə illər sonra ortaya çıxıb. Amma ermənilər referendumu indi istəyirlər ki, bu da mümkün deyil.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər