• cümə axşamı, 18 aprel, 09:48
  • Baku Bakı 12°C

Natiqlik mədəniyyəti

19.07.13 08:38 44209
Natiqlik mədəniyyəti
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
El gözü tərəzidir. Həmişə yaxşını pisdən ayırmağı bacarır. Xüsusilə də geniş dünyagörüşü, zövqü olan adamlara hər şeyi zorla qəbul etdirmək mümkün deyil! İnsanların ürəyinə yol tapmaq üçün gərək elə söz seçib, elə ifadə işlədəsən ki, sənə qulaq asa, söylədiyindən nəticə çıxara bilsinlər.
Müxtəlif məclislərdə, toplantılarda, yubiley gecələrində, təqdimat mərasimlərində, bayram və şənliklərdə çıxış etmək, qulaq asanların diqqətini cəlb etmək, yadda qalmaq həqiqətən çox çətindir. Bəzən ayrılan müddət ərzində elə sözləri, cümlələri, fikri tapıb işlətməlisən ki, həm vaxta qənaət olsun, həm də danışığın mənalı və məntiqli alınsın. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Söz sarıdan yükünü necə tutasan ki, ətrafını bezdirməyəsən. Bunun üçün mütaliən geniş olmalıdır, müzakirəyə çəkilən hər hansı mövzu haqqında dərin biliyə malik olmalısan. Bu mənada əvvəlcədən çıxışa hazır olmalısan. Doğrudur, qəflətən də səni hansısa bir mövzu barədə danışmağa dəvət edə bilərlər. Buna görə də sözünü, cümləni elə qurmalısan ki, gülüş hədəfi olmayasan, istehza ilə qarşılanmayasan.
Əslində, «natiq» sözü Azərbaycan dilinin izahlı lüğətində «nitq, çıxış edən» mənasında verilir. Özünün ictimai əhəmiyyətli fikirlərini anlaşıqlı, inandırıcı, təsiredici bir şəkildə ifadə etməyi bacaran adam əsl natiqdir. Natiqin də silahı canlı sözdür. Bəs bu sözdən necə istifadə edə bilirik?
Əslində, natiqlik söz ustalığı üzərində qurulmuş bir sənətdir. Əlbəttə, hər bir işdə olduğu kimi, burada da Allah tərəfindən bəxş edilmiş qabiliyyət öz rolunu oynayır. Lakin bu qabiliyyətin hər şeyi həll etdiyini düşünmək səhv olardı. Ən zəngin mənəviyyata malik olan insan da üzərində müntəzəm işləməsə, dünyanın yeniliklərindən, ətrafda baş verən hadisələrdən, Azərbaycan dilinin qanun-qaydalarından, qrammatikasından xəbərdar olmasa, bu yerdə hansısa istedadın da köməyi çatmaz. Canlı söz ustalığı və natiqlik sənəti ilk növbədə insandan böyük zəhmət tələb edir ki, öz üzərində işləyərək müəyyən vərdişlərə yiyələnsin.
Canlı söz sənəti bütün sənətlərin ən qədimidir. Natiqlik sənəti isə qədim Yunanıstanda daha geniş inkişaf etmişdir. Eramızdan əvvəl 490-429-cu illərdə yaşamış dövlət xadimi Perikl o zamankı yunan natiqlərinin «atası və dostu» adlandırılıb. Onun haqqında yazılanlardan bəlli olur ki, bu məşhur natiqin nitqlərində həqiqət, sadəlik, dərinlik əsas yer tuturdu. Sonrakı illərdə də müxtəlif xalqların şöhrət qazanmış natiqləri olub. Bu sırada Azərbaycanda natiqlik mədəniyyətinə görə seçilən şəxsiyyət ümummilli lider Heydər Əliyev olub. Bir çox mütəxəssislər hələ indiyə kimi ulu öndərin nitqindəki gözəlliyin, cazibənin, səmimiliyin sirrini aça bilməyiblər. Hansı məclisdə Heydər Əliyev iştirak edirdisə, bəlli idi ki, gündəmdə olan məsələ haqqında ən parlaq nitqi məhz ulu öndər söyləyəcək. Bu sahədə Heydər Əliyev hər hansı bir mövzuda danşanda təqdim edilən sahənin əsl bilicisi kimi çıxış edirdi. İstər ədəbiyyat olsun, tarix, musiqi, teatr, rəssamlıq, iqtisadiyyat, siyasət – fərq etmirdi. Heydər Əliyev lider idi! Hər kəs də bu unudulmaz insanın qeyri-adi yaddaşına, natiqlik qabiliyyətinə heyran qalırdı. Elə şirin, cazibəli danışardı ki, hamı vurğunluqla qulaq asardı. Dəfələrlə etiraf edilib ki, Heydər Əliyevin natiqlik məharətinin analoqu yoxdur.
Natiqlik sənətinin əsas materialı sözdür. Ona görə də bu materiala mükəmməl yiyələnmək gərəkdir. Hər şeydən əvvəl insan öz leksikonunu zənginləşdirməlidir. Hərdən özümüzə bu sualı mütləq verməliyik: biz nə qədər söz bilirik? Bu, insanın mədəni inkişaf dərəcəsindən asılıdır. Tədqiqatçıların müşahidələrinə görə, vaxtilə cəngəlliklərdə yaşayan vəhşi adamın lüğəti 50, ya 60 sözdən ibarət olub. XIX əsrin ortalarında yaşamış savadsız kəndli ən çox 300 söz bilirdi. Zəmanəmizin ziyalısı təxminən 1500-2000 sözdən ibarət lüğətdən istifadə edir. Keçmişin və bugünün böyük yazıçılarının lüğəti ölçüyəgəlməz dərəcədə zəngindir. Böyük rus şairi A.S.Puşkin on min sözdən ibarət lüğətdən istifadə edərmiş. Ötən əsrin ortalarından başlayaraq bugünə kimi müxtəlif lüğətlər çap edildi. Öz işləkliyini itirmiş törəmə sözlər və digərləri bəzi hallarda həmin nəşrlərdə bir daha verilmədi. Lüğət üzərində diqqət və fədakarlıqla işləmək hər bir kəsin fərdi düşüncəsini, söz ehtiyatını zənginləşdirməyə kömək edir.
Dövlət müstəqilliyimizi qazandıqdan sonra «Azərbaycan dilinin orfoqrafiya lüğəti», «Azərbaycan dilinin izahlı lüğəti», müxtəlif terminlərin izahı ilə bağlı lüğətlər, sözlüklər, digər köməkçi vasitələr işıq üzü gördü. Təəssüf ki, bəzən həmin nəşrlərdən də geniş şəkildə faydalanmaq mümkün olmur. Çünki əksər sözlərin izahı düzgün verilməyib. Yəni meyar nöqsanlı olanda insan çaşbaş qalır. Bəzən də sovet dövründə buraxılmış lüğətlərdən bu gün istifadə etsək də, təəssüf ki, həmin lüğətlər müasir elmin səviyyəsindən çox geridə qalır. Buna görə də mütəxəssislər gərək lüğət hazırlayanda son dərəcə diqqətli və səriştəli olsunlar. Dilimizdə «cəfəngiyyat» sözü olduğu halda, niyə «absurd» deməliyik? Yaxud da, nədən «müsahibə»ni «intervyü» ilə dəyişdiririk? Təəssüf ki, bu gəlmə ifadələr bəzi lüğətlərdə də öz yerini tapıb.
Müasir dövrdə natiqin məna yozumları xeyli genişlənib. Bu gün aparıcı da bir növ natiqdir. Gərək o, öz nitqinə çox diqqətlə yanaşsın. Xalq arasında işlənən atalar sözlərini, məsələləri, tapmacaları və s. bilərsə, çox yaxşы olar. Onda aparıcının danışığı xeyli zənginləşər, sözünün şirəsi artar. Natiqlik adicə danışmaqdan ibarət deyil. Natiq onu əhatə edən adamların sözünə diqqətlə və düşüncəli şəkildə qulaq asmalıdır. Onda dinləyici ilə danışan arasında söz körpüsü qurulur, münasibət tarazlanır, müsahibə baş tutur, anlaşma yaranır. Aparıcının söz zənginliyi, öz fikirlərini dinləyiciyə düzgün çatdırması üçün Azərbaycan dilinin imkanlarından məharətlə istifadə edilməlidir. Müəyyən bir fikri ifadə etmək üçün sözlərin mənasını bilmək kifayət deyildir. Bundan başqa, onları müvafiq surətdə uyğunlaşdırmağı bacarmaq, öz nitqini, tələb olunan nəticələri verə biləcək qaydada qurmaq gərəkdir. Nitqin anlaşıqlı və təsirli olmasının birinci və ən mühüm şərti onun orijinallığındadır. Əlbəttə, orijinallığı orijinal görünməyə cəhd etməklə qarışdırmaq olmaz. Bir də görürsən ki, aparıcı özünü əldən salır, öz mühakimələrinin çiyliyi ilə dinləyiciləri cəlb etmək istəyir. Bu isə alınmır. Əsl aparıcı o zaman orijinal ola bilir ki, deməyə sözü var, danışmaq xatirinə nitq söyləmir.
Nitqin aydınlığı, dilin sadəliyi naminə hər nə gəldi danışmaq gərək deyil. Aparıcı tez-tez «deməli ki», «biz görürük ki», «necə deyərlər», «özünüz bilirsiniz ki» və s. kimi təkrarlanan ifadələri öz nitqindən çıxarmalıdır. Əcnəbi sözlərdən də tez-tez istifadə etmək qeyri-məqbuldur. Beləliklə, biz həm də ana dilimizin gözəlliyinə xələl gətiririk. Doğrudur, bütün dillərdə neologizmlər var. Amma dildə vətəndaşlıq hüququ qazanmış sözlərdən istifadə edilməlidir. Bir də hansı əcnəbi ifadənin dilimizdə qarşılığı varsa, niyə onu işlətməyək? Təəssüf ki, bu gün hələ də televiziya aparıcılarının nitqində «uje», «neujeli», «koneçno», «vsyo», «davay», «privet», «qudbay», «interesni», «defekt», «xolodelnik», «pereriv» kimi sözlər işlədilməkdədir.
Nitqin bir mühüm cəhəti də qısa olmasıdır. Natiq nə qədər öz fikrini yığcam ifadə etməyi bacarsa, bir o qədər yaxşıdır. Sadəlik ən böyük məziyyətdir. Sadəlik dilin zənginliyini və gözəlliyini nəinki sadələşdirir, əksinə, dildə ifadəli vasitələrdən daha bariz istifadə edilməsinə şərait yaradır.
Maraqlıdır ki, bu gün ölkəmizdə Azərbaycan dilinin zənginliyini qorumaq baxımından öz nitqində sadə və rəvan danışanlar sırasında birinci yer ölkə başçısı İlham Əliyevə məxsusdur. Həqiqətən də bütün çıxış və nitqlərində doğma ana dilimizdə çox səmimi və dürüst danışan Prezident bu sahədə örnəkdir. İstər orta, istərsə də ali təhsilini rus dilində alan, xeyli müddət ali məktəbdə – Moskvadakı Beynəlxalq Münasibətlər İnstitutunda bu dildə dərs deyən bir şəxsiyyətin ana dilində bu dərəcədə səlis və aydın danışması çox xoşdur və nümunədir. Təəssüf ki, bir çox məmurlar hələ də müxtəlif dillərin qarışığından qurduqları nitqlərində yaratdıqları çaşbaşlıqdan xəbərsizdirlər. «Yaylımı yayım», «yayımı yaylım», «müsahibəni müsabiqə», «dəstəyi dəstə», «təvazökarı təcavüzkar», «cəsuru cəsus» kimi tələffüz edərək insanlar arasında necə istehza ilə qarşılandığından xəbərsiz olan məmurlar hələ də var.
Natiqlik həm də mədəniyyətdir. Bu qədim sənətin həm tarixi, həm də indiki təcrübəsi bunun dinləyicilər arasında düzgün qarşılıqlı münasibət qurmasının müstəsna əhəmiyyətə malik olduğunu aydın sübut edir. Bir də nitq söyləyən gərək auditoriyanın tərkibini mütləq nəzərə alsın ki, dinləyicilər ona diqqətlə qulaq asırlar, ya yox. Təcrübəli natiq həmişə öz nitqinə diqqətlə yanaşır, çalışır ki, auditoriya ilə qarşılıqlı münasibət qura bilsin. Belə olan halda dinləyici də narazı qalmaz, söz deyən də. Nitqi lüzumsuz, şablon ifadələrlə yükləmək də olmaz. Natiqin intonasiya ustalığının böyük əhəmiyyəti var. Tələsmədən, aramla danışmaq, nitq söyləyərkən əsəbləşməmək, danışarkən fasilədən bacarıqla istifadə etmək nitqin təsirliyini artırır. Yorulmuş dinləyicilərin diqqətini çəkmək, auditoriyada canlanma yaratmaq üçün müxtəlif üsullardan da istifadə edilir. İstər aparıcı olsun, istərsə də natiq – onlar öz çıxışlarında bəzən zarafatdan da yerində istifadə edəndə gözəl nəticə verir.
Nitqimizin mənalı, zəngin və rəngarəng olması üçün nitq mədəniyyətinin tələb etdiyi kimi, qrammatik cəhətdən düzgün, məntiqli cəhətdən səlis və ana dilində danışmağı bacarmalıyıq. Natiqlik həm də dil mədəniyyətinə söykənir. Mədəni görünmək yox, həqiqətən mədəniyyətli olmalıyıq.
banner

Oxşar Xəbərlər