• cümə, 19 Aprel, 06:56
  • Baku Bakı 13°C

Natan Filer: «Komputer arxasına keçərəmsə, mütləq nəsə yazacam»

02.06.14 14:05 1849
Natan Filer: «Komputer arxasına keçərəmsə, mütləq nəsə yazacam»
“Çox xoşbəxtəm... Bu kitabı insanlarla paylaşmaq fürsətimin olması möhtəşəmdir. Yeganə istəyim reallaşdı. Bu mükafatı almaq, bu kitaba görə seçilmək artıq insanların bu kitabı oxuması, istəyimin reallaşması deməkdir” - Natan Filer.
“Roman Filerin ilk əsəri olsa da çox yaxşı planlaşdırılıb. Bu həqiqətən də nadir rast gəlinən haldır” – Roze Treman “Kosta” mükafatının münsiflər heyətinin sədri.

Ötən il ədəbiyyat dünyasını təəccübləndirən mükafatlandırma mərasimlərindən biri məhz İngiltərədə reallaşdı. Yüksək ədəbi mükafatlar hesab olunan “Costa Ədəbiyyat Mükafatı” ruh-əsəb xəstələrinə qulluq edən tibb işçisi Natan Filerə getdi. Bu mükafatın “İlin kitabı” nominasiyasına alternativsiz namizəd göstərilən yazıçı Keyt Atkinsonun “Həyatdan sonra həyat” (“Life after life”) əsəri idi. Münsiflər heyəti isə heç gözlənilməyən bir əsərin və adı eşidilməmiş bir müəllifin adını açıqladı.
Əqli xəstəlikdən əziyyət çəkənləri anlamağın ən yaxşı yolu nədir – tibb kitabı, yoxsa bir əsər? “Bipolar”, “Autist”, “Şizofren” kimi terminlərin mənası anlamaq üçün tibb kitabını oxumaqla xəstəliyin səbəbləri və patologiyası haqqında məlumat almaq mümkündürsə, onun haqqında 300 səhifəlik bir əsəri oxumağa nə ehtiyac var? Natan Filer də ilk kitabı olmasına baxmayaraq, Britaniyanın nüfuzlu ədəbiyyat mükafatı “Kosta Birinci Hekayə Mükafatı”-na layiq görülən “Qıza Şoku”-nu (“The Shock of the Fall”) yazarkən bu suallar haqqında dərindən və uzun müddət düşünüb. Kitab doqquz yaşında ailəsi ilə tətil edərkən qardaşının qəza nəticəsində ölməsindən sonra xəstəlik tapan Metyu Holmsun hekayəsini danışır.
“Mən ona şizofreniya diaqnozu qoymazdım, baxmayaraq ki mənim heç vaxt xəstələrə diaqnoz qoymaq ixtiyarım olmayıb” – deyə Filer əsərinin gerçək qəhrəmanı haqqında danışarkən deyib. Dörd il 19 xəstənin yerləşdirildiyi şöbədə tibb işçisi işləyən və müxtəlif diaqnozlar qoyulmuş əsəb və ruhi xəstələrə baxan Filerin əsəri mükafat fondunun münsiflər heyəti tərəfindən hər baxımdan fərqli və trendlə ziddiyyət daşıyan əsər kimi dəyərləndirilir. Amerikalı yazar və münsiflər heyətinin üzvü Marko Rot Filerin əsərinin qəhrəmanını “neuronovel” (insan beyninin normaldan fərqli işləməsi ilə bağlı başına gələn hadisələrin yer aldığı hekayə forması – red.E.S.) tərzində yazılmış iki nəhəng əsərin qəhrəmanı - İan Mak Evanın “Dözülməz sevgi” romanındakı Ced Perri və Mark Haddonsun “Gecəyarı hadisə” əsərində Kristofer Bon ilə qarşılaşdırır. Rot bildirir ki, Filerin qəhrəmanı özünəinamın itməsini, bu prosesin yaşatdığı çətinlikləri göstərir. Yazıçının fikrincə, Rotun romanı həm də ona görə daha cəlbedici və üstündür ki, digər əsərlərdən fərqli olaraq, həmin əsərdə insanın düşdüyü bütün vəziyyətlərə ən doğru diaqnozu və düzgün həll yolunu tibbin verdiyini sübut edir, əsər reallıqdan uzaqlaşmır.
“Hansısa bir xəstəlik haqqında yazmaq elə də qeyri-adi bir şey deyil. Adətən bu cür əsərlər üçün əvvəlcə xəstəlik, onun ağırlaşması halları, verdiyi əziyyətlər haqqında məlumat toplanır, sonra yazar ona uyğun qəhrəman yaradır. Amma bu sahədə uzun müddətdir çalışmaq mənim üstünlüyüm oldu. Mənə elə gəlir ki, əsərin bu qədər təbii təsir bağışlamasında əsas səbəb də əsərin axtarışdan yox, qəhrəmandan başlamasıdır” – Natan Filer. Müəllif hələ də tibb işçisi kimi işləyir, onun davranışlarında və özünüifadə formasında əsla tanınmış və ya gözlənilməz uğur qazanmış adamlara xas ifadə görmək mümkün deyil, çünki özünün də fəxrlə vurğuladığı kimi Natan sadəcə sosial işçidir.
“Bir insanın əqli xəstəliyinə diaqnoz qoymaq üçün onun digər insanlarla rəftarına, ünsiyyətinə, əlaqələrinə diqqət etmək, onu bir müddət müşahidə etmək lazımdır. İnsan beynini skaynerdə qoyaraq ruhi xəstəliyə diaqnoz qoymaq olmur” – oxucuda yaranan istənilən sualı əvvəlcədən düşünüb, ən xırda detalların belə təsvirini verdiyini bildirən müəllif əsərin qəhrəmanı Metyunun sindromu ilə yanaşı bir çox nadir ruhi xəstəliklərin patologiyasını da digər qəhrəmanların simasında açıb: “Bu tip xəstəlikləri birmənalı olaraq, həyat tərzi, yaşadığımız hadisələr yaradır. Ruh və əsəb xəstəlikləri stresdən, mütəmadi gərginlikdən qidalanır. İndi siz peşəkar bir həkim kimi qarşınızdakı xəstənin hansı xəstəlikdən əziyyət çəkdiyini bilmək istəsəniz, mütləq ona qədər olan hadisələri bilmək istəyəcəksiniz. Mən də bunu bu əsər köməyi ilə etdim”.
Natan Filer ötən il yazdığı bu qeyri-adi əsəri ilə təkcə “Kosta” mükafatına layiq görülmədi, eyni zamanda 30000 funt (əlli min dollar) dəyərində pul mükafatının da sahibi oldu. Britaniyalı yazıçı Qərbi İngiltərə Universitetinin ruh-əsəb xəstəlikləri şöbəsinin psixiatriya bölməsi üzrə xüsusi dərəcə aldıqdan sonra, həmin ixtisas üzrə Bristol Universitetində uzun müddət araşdırmalar aparıb. Qələmini şair kimi də dəfələrlə sınamış 33 yaşlı müəllif ilk – çıxış kitabı ilə ədəbi gündəmi zəbt etsə də, bu mükafat onun ilk dəyərli uğuru deyil. Belə ki, Filer “Oedipus” filmi ilə 2005-ci ildə qısa filmlər üçün nəzərdə tutulmuş “BBC ən yaxşı qısa film rejissoru” mükafatının da qalibi olub. Onun mükafat qazandıqdan sonra müxtəlif mətbu orqanlara verdiyi müsahibələrdən hissələri təqdim edirik. Müəllif hazırda Bristolda yaşayır.
- Yazmağa başlayanda beyninizdə bir oxucu qəlibi var idi? Təxminən necə bir oxucunu xəyalınızda canlandırıb yazırdınız?
- “Düşmək şoku”-nu yazmağa başlayanda beynimdə belə bir oxucu, ümumiyyətlə, oxucu fikri yox idi. Çünki kimsə oxusun deyə yazmırdım, sadəcə özümə maraqlı gələn şeyləri yazırdım. Yəni bu kitab oxucunu düşünərək yazılmış bir kitab deyil.
- Ən son nəyi oxuyanda qəhqəhə çəkmisiniz? Hansı əsər sizi güldürüb?
- Mat Harvey və Kloe Udenin “Beastie və oğlanlar” (“Beastie and the Boys”) adlı əsəri var. Onu mən qızıma oxumaq üçün almışdım, amma ona oxuya-oxuya özüm də xeyli güldüm.
- Stolüstü kitablarınız varmı? Hansı kitablar həmişə başucunuzda olur?
- Lusi Daftinin “Həyətdəki alma ağacı” (“Apple Tree Yard”) və Cessi Burtonun “Miniatürist” (“The Miniaturist”) əsəri.
- Həyatınızı dəyişən kitablardan danışaq. Varmı belə bir kitab?
- Düşünmədən İan Mak Evanın “Dostluq bağı” (“The Cement Garden”) əsərinin adını çəkərəm. Bu əsəri oxuyanda 18 yaşım var idi və bu Evanın yaradıcılığı ilə ilk tanışlığım idi. Əsər beynimdə qəribə bir əks-səda doğurdu. Bu əsərlə nəinki ədəbiyyata, Evanın yaradıcılığına, üslubuna vuruldum. O həqiqətən də mükəmməl yazıçıdır.
- Nə vaxtdan bəri yazıçı olmaq istəyirsiniz? Bu istəyin dəqiqliyindən nə zaman əmin oldunuz?
- İllərdir ki məndə belə bir istək var. İlk hekayəmi yazmağa başlayanda, yəni cəhd edəndə hələ yeddi yaşım var idi. Yaşıdlarımı qorxudacaq hekayə yazmaq istəyirdim. Elə o vaxtdan ədəbiyyata olan həvəsim, oxumağa, yazmağa olan marağım itmədi.
- Artıq ədəbi aləmdə yazar kimi tanınırsınız. Yazmağı davam etdirəcəyinizi demisiniz. Yazı rejiminizlə bağlı danışa bilərsinizmi?
- Ən məhsuldar olduğum gecə saatlarıdır. Bəlkə də bu o qədər inandırıcı gəlməyəcək, amma məşhur yazarların dediyi kimi sözlər, ideyalar ağlıma gələn kimi oturub, yazmıram. Düzünü desəm, heç ağlıma gəlmirlər də. Amma bilirəm ki, gecə bu saatlar arasında komputer arxasına keçərəmsə, mütləq ürəyimcə olacaq nəsə yazacam.
- Kitabınız üçün müəyyən araşdırmalar etdiyinizi demisiniz? Araşdırmalar zamanı nə kimi qəribəliklər oldu?
- Əslində elə də çox axtarış eləməmişəm. Heç polis idarəsində olmamışdım, polis bölməsinə getdim, həbsxanada oldum, gözləmə zalında oturdum, bunlar yaşadığım ilk şeylər idi. Amma ümumilikdə əsər yaddaşımın və təcrübələrimin məhsuludur.
- Yazarkən nəsə yemək və ya içmək vərdişiniz var?
- Adətən belə şeyləri xanımım xatırladır. Çünki mən yemək yeməli olduğumu unuduram, bütün gün bir neçə fincan kofe ilə də dolana bilərəm.
- Sizi əks etdirən hansısa bir ədəbi qəhrəman var?
- Hə, Ceff Braunun eyniadlı əsərinin qəhrəmanı Flat Stanley – çünki mən də çox arığam.
- Əsərinizə hansısa başqa əsərlərin təsiri olubmu?
- Bir çox əsərin – İain Banksın “The Wasp Factory”, DBC Pyerin “Vernon God Little”, Mark Haddonun bayaq adını çəkdiyim “The Curious Incident of the Dog in the Night-Time”, Selinserin “The Catcher in the Rye” təsiri olub.
- Dediniz ki, gecələr yazanda daha məhsuldar olursunuz? Necə oyaq qalırsınız?
- Bəzən qızım narahat yatır, sağolsun, o qoymur. Əksərən beynimə ağırlıq edən fikirlər yatmağa qoymur. Bu nəsə elə bil zəncir kimidir. Bütün fikirlər bir-birinə keçib. Amma onu da deməliyəm ki, elə də yuxusevən, çoxyatan deyiləm.
- Həyatınızda özünüzü ən çox xoşbəxt hiss etdiyiniz anı xatırlayırsınız?
- 2011-ci ildə həyat yoldaşımla Fələstinə getmişdik. Bir təşkilat oraya humanitar yardımlar aparırdı, yardımları paylamaq və əhaliyə kömək etmək üçün könüllülər lazım idi. Onda biz də getdik. Kiməsə kömək etdiyim zamanlar ən xoşbəxt anlarımdır.
- Nə zaman özünüzü daha azad hiss edirsiniz?
- Yəqin ki, yuxularımda, yatanda.
- Əgər hansısa qiymətli bir tabloya sahib olmaq şansınız olsaydı, nəyi seçərdiniz?
- Salvador Dalinin “Swans Reflecting Elephants” əsərini.
- Bəs, hansı əsərin müəllifi olmaq istərdiniz? Yəni onu oxuyanda “kaş bunu mən yazmış olaydım” demisiniz.
- Karen Tomson Uolkerin “Möcüzələr dövrü” (“The Age of Miracles”) əsəri. Humanitar yardım kompaniyasına qoşulanda İsrailə getdik və geri qayıtmağa çalışanda əlimizdə yalnız bu kitab var idi. Həyat yoldaşımla mən 12 saat sıra ilə bir-birimizə həmin kitabdan hissələr oxumuşuq. Həmin gün çox uzun olmuşdu. Ömrümün ən uzun günü.
- Hazırda nəsə oxuyursunuz?
- Hə indi, “Kindle”-da bir kitab var, Paul Abbotun “To the pines” əsərinin elektron versiyasıdır, onu oxuyuram. Amerika ədəbiyyatının son dövrlər dəb halını almış silsilə kitabları içərisində ən maraqlılardan biridir. Müəllif nəsə mənə Uliyam Folkneri xatırladır. Bu kitabın müəllifi ilə magistraturada yaradıcı yazı mühazirələrində tanış olmuşduq, o həqiqətən istedad idi.
- Ən çox sevdiyiniz və pərəstişkarı olduğunuz yazarı deyin və niyə məhz onu sevdiyinizin səbəblərini göstərin.
- Heyranlıqla izlədiyim, acgözlüklə oxuduğum yazarlar çoxdur, amma birinin adını çəkmək lazımdırsa, İan Mak Evanın adını çəkmək istərdim. Mən onunla ədəbiyyatın gücünü, mahiyyətini kəşf etmişəm, onun nəsrindəki ədəbi keyfiyyət, sözdən nə qədər ehtiyatla istifadə üsulları məni heyran edir. Yazıçını qüdrətli edən onun sözlə işləmək bacarığıdır, Evanın əsərlərində boşuna istifadə edilmiş, yerinə düşməmiş bir söz belə yoxdur.
- Yazı otağınızı təsvir edə bilərsinizmi?
- Sakit bir guşədir. İşləyərkən musiqi səsi belə mənə mane olur. Əgər nəsə yazıramsa, bircə qızımın səsinə, oyun oynayanda yaratdığı səs-küyə dözə bilirəm. Elə də xüsusi ilham verən bir otaq deyil, bircə özünəməxsus şey uşaqlığımdan bəri mənim olan masada işləməyimdir. Hətta mən evlənəndə o masanı valideynlərim bizim evə gətirdilər. Neçə dəfə ev dəyişdik, onu atmadım, hara gedirəmsə, mənimlədir.
- Ədəbiyyatdan kənardakı həyatda sizin qəhrəmanınız kimdir?
- Xanımım. Böyük ürəkli nəhəng insandır gözümdə. Mehriban və səbrlidir. Əsla əsəbi halda qərar verməz və sevdiklərindən üz çevirməz. Vəziyyət nə olursa, olsun yumor hissini itirmir.
- Bir qədər də əsər haqqında danışaq. Əvvəl onu deyim ki, bu çox təsirli bir hekayədir. İnsanın unutduğu hislərini canlandırır. İdeyanın necə gəldiyi ilə bağlı danışaq.
- Xoş sözlər üçün minnətdaram, əsərlə bağlı rəyiniz çox xoş oldu. İnsanların özlərini bu əsərdə tapması və onu doğma qəbul etməsi mənim üçün dünyanın mənası deməkdir. Mən onun üçün nə qədər əziyyət çəkmişəm, amma belə sözlər eşidəndə yazdığımla fəxr edirəm. Sualınıza gəldikdə bu əsərin sujeti mənə ideya kimi gəlməyib, mən sizin ideya dediyiniz şeyin arxasında dayanmış həqiqətin, mahiyyətin içində idim, tərkib hissəsi idim. Mən içində aldığım hadisələri yazır və onlara qəhrəman axtarırdım. Bu əsər bir ideyadan yaranmayıb, bir neçə xırda ideyadan qidalanıb.
- Bu əsərlə böyük uğur qazandınız. Gələcəkdə başqa bir xəstəlik hansısa bir kitabın mövzusu ola bilərmi?
- Bilmirəm. İndi tamamilə fərqli mövzu ilə maraqlanıram.
- Nəşr prosesi necə keçdi?
- Bütün həvəskar yazarlar bilir, ilk kitabı yazanda nəşr olunmağın xəyalını qurmaq nə qədər xoşdur. Mən də çox xəyal etmişəm, kitabım nəşr olunmasını. Kitab mağazalarına, kitabxanaya girəndə həsəd aparmışam, haçansa mənim də kitabım o rəflərdə olacağını ümid etmişəm. Bu mənim ilk təcrübəm idi, təbii ki, təəccübümə səbəb olan şeylər çox oldu, amma çətinlik çəkmədim.
- Bundan sonra nə ilə məşğul olacaqsınız?
- Ata olmaqla.
banner

Oxşar Xəbərlər