AZE | RUS | ENG |

Naşı Paşinyanın ziddiyyətli bəyanatlarına qarşı göstərilən susqunluq

Naşı Paşinyanın ziddiyyətli bəyanatlarına qarşı göstərilən susqunluq
Ekspertlərin fikrincə, həm ATƏT, həm də Minsk qrupunun həmsədrləri məsələyə münasibət bildirməlidirlər

1994-cü ildə imzalanmış Bişkek protokoluna əsasən Azərbaycan və Ermənistan arasında atəşkəs elan olundu və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları başladı. Danışıqlarda vasitəçilik missiyası isə ATƏT-in Minsk qrupu həmsədrlərinə (ABŞ, Rusiya, Fransa) həvalə olundu. Eyni zamanda bu sənəddə Qarabağdakı separatçı rejim yox, məhz danışıqlarda tərəf kimi Ermənistan müəyyən olunub. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan son günlər verdiyi açıqlamalarla ATƏT-in Minsk qrupu tərəfindən müəyyənləşdirilən formatı inkar etməyə başlayıb. Həmçinin bu şəxs növbəti bəyanatı ilə Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş 7 rayonun qondarma rejimin tərkib hissəsi olduğunu iddia edir. Paşinyanın bu ziddiyyətli və sərsəm bəyanatlarına isə nə ATƏT, nə də Minsk qrupunun həmsədr dövlətləri tərəfindən münasibət bildirilməyib. Bu günlərdə Prezident İlham Əliyev də  ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü zamanı qeyd etdi ki, təşkilat bu kimi hallara biganə yanaşmamalıdır.
Bəs görəsən, ATƏT və Minsk qrupunun həmsədrləri Paşinyanın ziddiyyətli bəyanatlarına niyə münasibət bildirmirlər?      
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövcud olan Minsk qrupu formatı məhz ATƏT çərçivəsində yaradılıb: "Deyərdim ki, bu, ATƏT-in yaratdığı bir formatdır. Bu formatda kimlərin təmsil olunacağı, ümumiyyətlə, həmsədrlik institutunun təsisi və danışıqların gedişi məsələsi həm Azərbaycanın, həm də Ermənistanın razılığı ilə müəyyən olunub. İndiki halda Ermənistanın baş naziri Nikol Paşinyanın bu formatın dəyişdirilməsi haqqında təklifi, yəni Dağlıq Qarabağdakı separatçı rejimi proseslərə tərəf kimi qoşmaq istəməsi, o cümlədən Azərbaycana məxsus yeddi rayon barədə də "Dağlıq Qarabağın tərkib hissəsidir və konstitusiyada yer alıb” deməsi ciddi bir siyasi xadimə yaraşmayan, anormal bir fikirdir. Bu, həm də Ermənistanın qoşulduğu beynəlxalq sənədlərə ziddir. Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü zamanı qeyd etdiyi kimi, həm ATƏT, həm də Minsk qrupu həmsədrləri bu məsələyə öz münasibətlərini bildirməlidirlər. Bildirməyəcəklərsə və Ermənistanın son dərəcə populist, səbatsız və verdiyi bəyanatlardan göründüyü kimi tutduğu vəzifəyə adekvat  olmayan baş naziri ağıllandırılmayacağı halda, bunun məsuliyyəti Ermənistanın və Paşinyanın üzərində qalacaq. Bu məsuliyyətin nə demək olduğu və  cənab prezidentin xəbərdarlığının arxasında nə durması isə aydındır”.
S.Alıyevin sözlərinə görə, Azərbaycan münaqişənin həll olunması üçün oturub gözləyən deyil və problemi başqa yolla həll edəcək: "Aydın məsələdir ki, bu da savaş yoludur və bunun da bütün məsuliyyətini Ermənistan tərəfi daşıyacaq. Prezident İlham Əliyevin ATƏT rəsmisi ilə görüşü zamanı qeyd etdiyi xəbərdarlıq məhz bununla bağlıdır. Onu qeyd edim ki, Paşinyan bu günlərdə Fransaya səfər edəcək. Hesab edirəm ki, Minsk qrupunun həmsədr dövləti kimi Fransa prezidenti də hər halda, Paşinyana öz fikirlərini bildirəcək. Çünki son dövrlər Minsk qrupu həmsədrlərinin fikirlərinə diqqət etsək görərik ki, onlar Azərbaycanın tələb etdiyi kimi, substantiv danışıqların aparılmasını istəyirlər. Bu, artıq həmsədrlərin leksikonunda da var. Ümid edirəm ki, bu məsələ Ermənistanın baş naziri Nikol Paşinayana başa salınacaq. Amma eyni zamanda bu adam tutduğu vəzifəyə adekvat olmayan bir siyasətçidir. Paşinyan meydanla Nazirlər Kabinetini, parlamenti dəyişik salan bir adamdır. Açığını deyim ki, bu adamın proqnoza yatımlı bir dialoq tərəfdaşı olacağını gözləmirəm. Ümumiyyətlə, bu gedişlə Paşinyanın hakimiyyətdə çox qalamayacağı da bəlli olur”.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, əgər Ermənistanın baş naziri Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması ilə bağlı reallıqdan uzaq, sərsəm bəyanatlar verirsə, əlbəttə, ATƏT bu məsələyə reaksiya verməlidir: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçi olaraq problemin tez bir zamanda həllində və regionun təhlükəsizliyi məsələsində maraqlıdırsa, o zaman bu istiqamətdə mütləq şəkildə addımlar atmalı, bəyanatlarla çıxış etməlidir. Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingeri ilə görüşü zamanı dövlət başçısı hər dəfə olduğu kimi, bu dəfə də məsələ ilə bağlı Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu. Hesab edirəm ki, bunu həm ATƏT-in baş katibi, həm həmsədrlər, həm də Ermənistanın baş naziri Nikol Paşinyan eşitdi. Ermənistan rəhbərliyinin söylədiyi iddialar nəinki beynəlxalq hüquq normalarına ziddir, eyni zamanda Paşinyanın ATƏT-in sənədlərindən xəbəri olmadığını göstərir. Çünki, onun iddiaları uydurma və əsassızdır”.
F.Sadıqov əlavə etdi ki, artıq Ermənistanda Paşinyana qarşı ciddi müqavimət göstərilməyə başlanılıb: "Azərbaycan prezidentinin Soçiyə səfəri zamanı bir sıra mühüm məsələlər müzakirə olunmaqla yanaşı, vacib sənədlər də imzalandı. Lakin Paşinyanın Moskvaya səfəri şifahi bəyanatlarla yekunlaşdı. Hətta o, bu görüşdən sonra Rusiyanın maraqlarının əksinə olaraq, ziddiyyətli hərəkətlər də etdi. Belə ki, Putinin Koçaryanı doğum günü münasibətilə təbrikinin əksinə gedən Paşinyan, ona qarşı ikinci cinayət işini açdı. Paşinyanın özünü aparmaq tərzi şübhə yaradır. Bütün bunlar onun çətin və çıxılmaz vəziyyətə düşdüyünü göstərir. Artıq Ermənistanın siyasi dairələri də Paşinyana qarşı addımlar atmağa başlayıblar. Son zamanlar düşmən ölkənin güc strukturlarının rəhbərləri arasında telefon danışıqlarının sosial şəbəkələrdə yayılması da təsadüfi deyil. Bütün bunlar Ermənistanda Paşinyana qarşı artan müqavimətin göstəricisidir”.    
 
BƏXTİYAR

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000