“Narkomaniya gələcəksiz həyat” mövzusunda tədbir keçirilib - Fotolar

Nərimanov rayonunda Narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Narkomaniya gələcəksiz həyat”
mövzusunda tədbir keçirilib. Əvvəlcə narkomaniya və onun törətdiyi fəsadlarla
bağlı qısametrajlı film nümayiş olunub. Filmdə narkomaniyanın qurbanına
çevrilmiş insanların həyat tərzi, onların üzləşdiyi çətinliklər, səhhətlərində
yaranan problemlər bilavasitə onların öz dilindən səsləndirilib. Filmin qəhrəmanları
insanları "ağ ölüm”dən uzaq durmağa, sağlam həyat tərzi yaşamağa səsləyiblər.

Sonra tədbiri giriş sözü ilə kollecin
tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov açaraq, müasir dünyada cəmiyyəti
narahat edən problemlər içərisində narkomaniyanın, narkobiznesin ön sıralarda
dayandığını bildirib. Qeyd edib ki, narkomaniya və narkobiznes cəmiyyətdə çox
faciəvi nəticələrə gətirib çıxaran bir bəladır. Onun sözlərinə görə,
narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil,
həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Mütəxəssislərin hesablamalarına
istinad edən direktor müavini deyib ki, narkotiklərin qanunsuz dövriyyəsindən hər
il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq
üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti, neft və
silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada
milyonlarla minlərlə insan bu bəladan əziyyət çəkir. X.Məcidov təəssüflə vurğulayıb
ki, Azərbaycanda da minlərlə insan narkotiklərə aludə olaraq narkomaniyanın
qurbanına çevrilib.

Kollecin hərbi rəhbəri
Qəzənfər Vəliyev narkomaniya və onun
cəmiyyətə, insanlığa vurduğu zərər barədə məruzə edib. Bildirib ki, insanları
sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm” - narkomaniya yunan sözüdür.
"Narko” donub qalmaq, "maniya” psixi pozğunluq deməkdir. Hərbi rəhbər deyib ki,
bəşəriyyət uzun illərdir narkomaniyanın törətdiyi dəhşətli fəsadlarla üz-üzə
qalıb. Onun sözlərinə görə, narkotika insanlarda mərkəzi sinir sisteminin təsir
gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat
yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin
çəkisi sanki get-gedə "azalır”, fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü
itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs
normal insan düşüncəsindən məhrum olur. Narkotik maddə qəbul edən insanlar özləri
də bilmədən öz immunitet sistemini iflasa uğradır, yoluxucu xəstəliklərə
yoluxurlar. Narkotik maddələrin çoxu qana şprislə ötürüldüyündən və narkoman
qrupları daxilində eyni iynədən istifadə edildiyindən onların müxtəlif xəstəliklərə
yoluxma halları daha asanlıqla baş verir. Narkotikanın ən çox yayılmış növləri
xaş-xaş, kokain, nəşə, metazon, tiryək, marixuana və heroindir. Ən geci saat
yarımdan sonra tədricən öz təsirini göstərməyə başlayan bu narkotik maddələri
bir-iki dəfə qəbul etdikdən sonra insan onlara öyrəşir, asılılıq yaranır, vaxtı
çatanda qəbul etmədikdə bədəndə dəhşətli ağrılar başlayır. Hətta bəziləri
narkotik maddə tapa bilmədiklərindən, ağrılara dözməyib özlərinə qəsd etmək məcburiyyətində
də qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu
sindromu çox olduğundan onlar daim qaçıb insanlardan uzaqlaşmağa çalışırlar.
Kollecin hərbi rəhbəri deyib ki, narkotik maddə təkcə onu qəbul edən adamı məhv
etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların
uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Q.Vəliyevin sözlərinə
görə, son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik
maddələr meydana çıxıb ki, bu da xüsusilə təhlükəlidir. Çünki, bu növ yeni
narkotik maddələr insanı asanlıqla özünə alışdırır, tezliklə arıqladır və tədricən
ölüm yatağına doğru sürükləyir.Kollecin hərbi rəhbəri çıxışının sonunda tələbələri
narkomaniyadan – "ağ ölüm”dən, ümumiyyətlə pis vərdişlərdən uzaq durmağa, ailələrinə,
Vətəninə, xalqına layiqli övlad kimi böyüməyə, təmsil olunduğu cəmiyyətə,
bütövlükdə bəşəriyyətə öz əməlləri ilə töhfə vermək amalı ilə yaşamağa səsləyib.

Bakı Şəhər Baş Səhiyyə
İdarəsi Şəhər Narkoloji Dispanserinin həkimi Pərvanə Məmmədova narkomaniyanın fəsadları, narkotik aludəçilərinin müalicə proseduru,
onların yenidən cəmiyyətə inteqrasiyası, normal həyat tərzinə qayıtması üçün
görüləsi vacib olan işlərdən söhbət açıb.

Nərimanov Rayon Polis
İdarəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi, polis mayoru
Rüstəm Rüstəmov ölkə
qanunvericiliyindən sitatlar gətirməklə,
narkotik maddələrin alqı-satqısına, yaymağa görə nəzərdə tutulan cinayət məsuliyyətdən,
narkomaniya və narkobizneslə mübarizə tədbirlərindən danışıb. O, narkotik
asılılığı olan insanların cinayət törətməyə meyilli olmalarını, narkotik maddəni
əldə etmək üçün müxtəlif yollara əl atdıqlarını diqqətə çatdırıb.

Nərimanov Rayon İcra
Hakimiyyətinin Baş məsləhətçisi Kənan Babayevyeniyetmələrin hansı səbəblərdən narkotik vasitələrin istifadəçisi olmalarından
danışıb. Qeyd edib ki, hər bir valideyn övladını narkotik vasitələrdən, "ağ
ölüm”dən uzaq tutmaq üçün öz sevgi və diqqətini ondan əsirgəməməli, övladının ən
yaxın dostuna, sirdaşına çevrilməlidir.

Tədbirdə tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb. Bununla yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı "Sağlam ailə
naminə narkotiklərə yox deyək!!!” adlı bukletlər tələbələrə paylanıb.
Rufik İSMAYILOV














