“Nar”ın uşaqların üzündə yaratdığı təbəssüm - Fotolar
İlk dərs gününün
özəlliyi bir başqadır, hətta dərs oxumağı sevməyən şagirdlər belə, məktəbə
sevinə-sevinə gedir. Hələ məktəbə ilk dəfə qədəm qoyanların üzündəki sevinci isə
yəqin ki, hər kəs təsəvvür edə bilir. Hələ sənin gözləmədiyin anda hədiyyə
veriləndə, bu sevinc ikiqat artır. "Bilik Günü”ndə "Nar”ın Cəlilabad rayon Təzəkənd
kənd məktəblilərinin görüşünə getməsi, onların sevincinə sevinc qatdı. Bütün məktəb
ləvazimatları ilə dolu məktəbli çantasını görən birincilərin gözündə böyük
sevinc və təbəssüm yarandı.
"Nar” əməkdaşları
birincilərin təhsilə başladıqları siniflərə daxil olub balacalarla ünsiyyətdə
oldular. Şirkətin ictimaiyyətlə əlaqələr
departamentinin rəhbəri Əziz Axundov ilk olaraq balacaları məktəbə qədəm
qoymaları münasibətilə təbrik etdi, gələcək təhsillərinin uğurlu olmasını
arzuladı. O, qeyd etdi ki, "Nar” ilk dərs gününün sevincini məktəblilərlə
bölüşməyə gəlib və hədiyyələri də var. Uşaqların pozitiv əhvalına bir də hədiyyələr
rəng qatdı. Üzlərinə baxanda hədiyyəni çox bəyəndiklərini hiss etməmək
mümkünsüz idi. Ancaq yenə də hədiyyələrlə bağlı öz təəssüratlarını da alaq.
İlk olaraq birinci sinif şagirdi Səkinə Qurbanova
ilə danışdıq. Səkinə hədiyyələrini açıb hamısını masanın üzərinə yığmışdı. Ən
çox nəyi bəyəndiyini soruşduq. Deyir ki, çantanın dolu olması daha çox xoşuna gəlib:
"Çanta qəşəngdir, rəngi də sevdiyimdir, çəhrayı. Amma ən çox içindəkiləri
sevdim. Hər şey var, buna görə, daha çox xoşuma gəldi”.
Növbəti
müsahibimiz Murad oldu. Murad Səməd
Vurğunun "Azərbaycan” şeirini dedikdən sonra hədiyyələrdən ağız dolusu danışdı:
"Bu hədiyyə xoşuma gəldi. Evdə də çantam var idi. Amma bu, daha çox xoşuma gəldi.
İçində də hər şey var. Hələ baxın, qələmi iki dənə qoyublar”.
"Atamın adı
Rasimdir, amma mən babamın qızıyam” deyən Erzi
Şahbalayeva da hədiyyəsini çox bəyəndiyini dedi: "Çanta da qəşəngdir, rəngi
də, üstündəki şəkil də. Əllə tutub yerlə aparmaq da olur. İçində hədiyyə
çoxdur, hamısına baxa bilməmişəm, bir-bir açıram. Evdə hamısına daha yaxşı
baxacağam”.
Onların hədiyyələri
ilə başı qarışmışkən, müəllimləri Zərnigar
Cəfərova bizimlə söhbət etdi. Dedi ki, uşaqlarda hər bir məktəb ləvazimatı
olanda, bu, onlara çox kömək edir: "Bu aksiyanı təşkil edən hər kəsə təşəkkür
edirəm. Mən maraqlanıram, bilirəm ki, "Nar”ın belə xeyriyyə tədbirləri çox
olur. Bizim məktəbi də unutmur. Kəndimizdə də belə tədbir keçirmələri ilə
şagirdləri, valideynləri sevindirirlər. Hər il "Texnologiya” dərsi üçün lazım
olan ləvazimatların siyahısını yazıb uşaqlara verirəm ki, alsınlar. Görürəm ki,
valideynlərin maddi imkanı çatmır. Birini alanda, birini də ala bilmirlər. Bu
gün çantaya baxdım, ürəyim dağa döndü. İçərisində hər şey var. Uşaqlar isə bu diqqətin
qarşılığını təhsilləri ilə verə bilərlər. Uşaqlar, üzlərindəki gülüş ilə "Nar”a təşəkkürlərini
çatdırdılar”.
Məktəbin direktoru Valeh Niftiyev söhbətə rəhbərlik etdiyi tədris ocağında "Nar”ın
bu ilin əvvəlində yaratdığı elektron kitabxana ilə başladı. Bildirdi ki,
şagirdlərin həmin kitabxanaya marağı böyükdür: "Nar” bizim məktəbdə ilk dəfə
500-dən çox kitab və elektron kitabxanaya giriş imkanı yaradan müasir kompüterlər
hədiyyə etməklə, kitabxananı yenilədi. Bu, şagirdlərimizə çox maraqlı gəldi. Bu
dəfə isə "Nar” "Bilik Günü”ndə birincilərin görüşünə gəldi. Bu cür diqqət
uşaqların dərsə, məktəbə marağını daha da artırır. Kitabxana ilə bağlı yenilik
olanda, kitabla maraqlananların, oxuyanların sayı çoxalır. Bu dəfə isə çanta və
məktəb ləvazimatları hədiyyə edildi. İndi uşaqlar oradakı hədiyyələrin dərsdə tətbiqini
gözləyəcəklər ki, istifadə etsinlər. Bunlar da təbii ki təhsillərinə öz töhfəsini
verəcək”.
Direktor qeyd
etdi ki, yeni dərs ili başlayanda uşaqlar üçün lazım olan hər şeyi almaq bəzən
valideynlərin maddi imkanı xaricində olur: "Kənd adamlarıdır, əsas dolanışıq
yeri təsərrüfatlarıdır. Bu da çox gəlirli iş deyil axı. Düzdür, müəllim, həkim,
başqa sahələrdə çalışan valideynlər də var, amma başqaları üçün uşağın hər istədiyi
şeyi almaq çətindir. Yeni dərs ili başlayanda isə valideynlərin xərcinin necə
olduğu hər kəsə məlumdur. Elə ailələr var ki, bir yox, bir neçə uşağı məktəbə
gedir. Biri uşağın hər istədiyini alırsa, beşi ala bilmir. Bu dəstəyə görə, müəllimlər,
şagirdlər, valideynlər adından "Nar”a təşəkkür edirəm”.
Məktəbin həyətinə
düşürük, dərs saatı olduğu üçün həyətdə ən çox birinci siniflərin valideynlərini
gördük. Ən azı övladları qədər həyəcanlı, sevincli idilər. Onlar arasında nəvəsini
gözləyən nənələr də az deyildi. Onlardan biri də Qızılgül Məmmədova idi. Bizə yaxınlaşıb öz təəssüratlarını bölüşdü:
"Keçən dəfə müəllim uşağa, dərsdən əlavə vəsait almağı tapşırmışdı.
Maraqlandım, ikisi xeyli pul edirdi. Məktəbdir, daim nəsə lazım olur. Uşaq da
valideynin, nənə-babanın üstünə gedir. İndi imkanı olanlar var ki, hər şeyi ala
bilirlər, ancaq elə ailələr olur ki, çatdırıb ala bilmir. Uşaq da məktəbdə
utanır, yaxud nədəsə geri qalır. "Nar”ın uşaqların ilk dərs günündə belə hədiyyə
ilə gəlməsi çox sevindiricidir. Şirkətin hədiyyəsinin biri də mənim nəvəmə
verildi. Uşaqlar da valideynlərin, nənə-babalarının, müəllimlərin, dəstək olan
hər kəsin zəhmətini itirməsinlər, dərslərini yaxşı oxusunlar”.
Aygün Asımqızı
Bakı-Cəlilabad-Bakı