Nardaranda Hüseyn Cavidin 135 illiyinə həsr olunan tədbir keçirilib - Fotolar
Azərbaycan
Respublukasının Prezidenti yanında Bilik Fondu böyük Azərbaycan şairi və
dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin imzaladığı 24 oktyabr 2017-ci il tarixli Sərəncamın
tələbinə uyğun olaraq silsilə tədbirlər keçirir.
Bu tədbirlər
çərçivəsində Nardaran Bilik Evində Hüseyn Cavidin zəngin yaradıcılığına həsr
olunmuş musiqili-bədii kompozisiya nümayiş etdirilib.
Nardaran
məktəblilərinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan Dövlət Pedaqoji
Kollecinin Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimi Nərgiz Fətiyeva
"Poeziyada əbədiləşən ömür” adlı məruzə ilə çıxış edib.
Natiq
bildirib ki, Hüseyn Cavid öz yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsini
tarixi-mədəni dəyərlərlə zənginləşdirən qüdrətli söz sənətkarıdır. Böyük
dramaturq sağlığında xalqını, millətini azad, xoşbəxt, vətənini isə sivil dövlətlər
sırasında görmək arzusuna çatmasa da, onun ideyaları müasir dövrümüzdə gerçəkləşdi
və Azərbaycan müstəqillik qazandı. N.Fətiyevanın sözlərinə görə, ölkənin ən
böyük dəyərə sahib çıxması Hüseyn Cavidin ruhuna hədiyyədir.
Hüseyn
Cavidin dostlarına yazdığı məktubların birindən sitat gətirən N.Fətiyeva dramaturqun "əsl məqsəd vətənə xidmət, həm
də layiqincə xidmət etməkdir" fikrini səsləndirib.
Sonda
kollecin istedadlı tələbələrinin iştirakı ilə "Mənim tanrım gözəllikdir,
sevgidir” adlı kompozisiya nümayiş olunub. Tədbir iştirakçıların marağına səbəb
olub, Nardaran Bilik Evində təşkil edilmiş təlim kurslarının dinləyiciləri tələbələrlə
mövzu ətrafında fikir mübadiləsi aparıblar.