• şənbə, 27 Aprel, 08:16
  • Baku Bakı 12°C

Narazılar Sarkisyan qarşısında tələb qoydular

16.07.15 10:58 1564
Narazılar Sarkisyan qarşısında tələb qoydular
Qiymət artırılması haqqında qərar avqustun 1-dək ləğv olunmasa, üç mərhələdə aksiyalar başlayacaq
Böyük ehtimalla Ermənistanda etiraz aksiyaları yenidən start götürəcək. Etiraz aksiyaları bu dəfə başqa tələblərlə keçirilə bilər. Belə ki, hökumətin borca girmək istəyi əhalinin narazılığına səbəb olub. Gələn il Ermənistan hökuməti təqribən 909 milyon dollardan çox borc götürmək niyyətindədir. Bunu hökumətə yaxın mənbələr bildirib. “Aykakan jamanak” qəzeti yazıb ki, Ermənistan hökuməti növbəti ildə götürəcəyi borcu ictimaiyyətdən gizlədir və sirr kimi saxlamağa çalışır. Amma çox güman ki, borc Rusiyadan alınacaq. Hətta bu məsələ hökumət tərəfindən təqdim edilmiş “2016-2018-ci ildə orta müddətli xərcləri Proqramı”na da salınıb. Bununla 2016-cı ilin əvvəlində Ermənistanın dövlət borcu 1 trilyon. 999 milyon dram (4.2 milyard dollar) təşkil edəcək. Həmin ilin sonunda isə bu göstərici 2 trilyon 431 milyard drama (5.1 milyard dollar) çatacaq. Yaranmış fərq 432 milyard dram olacaq ki, bu da indiki kursla ilə götürüldükdə 909 milyon dollar təşkil edir. Qəzet sonda yazır: “Ermənistanın dövlət büdcəsində bu ilin sonunda xarici borc 4,2 milyard dollar müəyyənləşdirilib. Lakin maliyyə nazirinin müavini Atom Janjuqazyan bildirib ki, “bu ilin sonunda dövlət borcu 4,9 milyard dollar ətrafında olacaq. Biz bura 909 milyon dolları da əlavə etsək, fantastik rəqəm alınacaq”. Beləliklə, hökumət tərəfindən proqnozlaşdırılan dövlət borcu 5,1 milyard dollar deyil, 5,8 milyard dollar təşkil edəcək. Bir sözlə, Ermənistanı rəsmi fəlakət gözləyir. Ölkədə növbəti ildə dövlət borcu dəfələrlə artacaq, reallıq daha amansız olacaq. Çünki dövlət borcu hökumətin proqnozlaşdırdığından daha sürətli şəkildə artır. Xalq isə meydanlara çıxaraq həyəcan təbili çalır. Ermənistanın Milli Statistika Xidmətinin “Ermənistanın sosial siması və kasıblıq” adlı tədqiqatında 2014-cü ildə ölkə əhalisinin 1/4-nin kasıblıq həddində yaşadığı göstərilir. Bu, 2008-ci il göstəricilərindən hədindən artıq çoxdur. Araşdırmanın nəticələrinə görə, istehlak kateqoriyası ilə müqayisədə 2008-ci ildə kasıblıq 27,6 faiz olsa da, 2014-cü ildə 34 faizə qədər yüksəlib. Kasıblıq həddində olan təbəqədə 1,5 faiz, çox kasıb həddində olanlarda isə 1 faiz artım müşahidə edilib. Əhalinin hər üç nəfərindən biri (33 faizi) kasıb sayılır. Onlardan 13,5 faizi kasıblıq həddinin altında, 3 faizdən çoxu isə çox kasıb vəziyyətdədir.
Bu arada elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan “Ayağa qalx, Ermənistan” hərəkatının üzvləri prezident Serj Sarkisyana ünvanlanan məktubu iqtidar partiyasının ofisinə təqdim ediblər. Məktubda elektrik enerji tariflərinin artırılması qərarının ləğvi tələb olunur. Məktubda bildirilir ki, əgər elektrik enerjisi tariflərinin artırılması haqqında qərar avqustun 1-dək ləğv olunmasa, fəallar aksiyaları üç mərhələdə davam etdirəcəklər. Onlar habelə ölkənin böyük şəhərlərinin əsas küçələrini bağlamaq üçün plan hazırlayacaqlar. Təşəbbüs qrupunun üzvü, “İrs” partiyasının mətbuat katibi David Sanasaryanın sözlərinə görə, onlar S. Sarkisyanı Ermənistan prezidenti kimi qəbul etmədiklərinə görə məktubu onun iqamətgahına deyil, məhz iqtidar partiyasının ofisinə təqdim ediblər. “Ölkənin enerji sistemi talan edilib. Prezidentin bəyanatında etiraf edib ki, bu sistem dağılmaq ərəfəsindədir. Audit problemin həllinə kömək etməyəcək. Ona görə də cinayət işi açılmalıdır” - deyə o vurğulayıb. Elektrik enerjisinin qiymətinin artmasına etiraz edən “Talana yox” hərəkatının minlərlə üzvü isə Yerevanın mərkəzi küçəsində oturaq etiraz aksiyası keçirərək, əhaliyə divan tutan günahkar polis əməkdaşlarının cəzalandırılmasını istəyir. Vəziyyətin gərginləşdiyini görən Yerevan Polis İdarəsi rəisinin müavini Valeri Osipyan aksiya keçirən gəncləri “başa salmağa” çalışıb. O, aksiya iştirakçılarına “xox” gələrək bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları istəsələr aksiyanı bir neçə dəqiqəyə dağıda, təşkilatçıları çətin vəziyyətdə qoya bilərlər. Ancaq polis belə addımlardan qaçmağa üstünlük verir. “Mən sizi respublika ərazisində oturaq piketi dayandırmağa, sakinlərin sərbəst hərəkətinə mane olmamağa və təntənəli yürüşü şəhər hakimiyyəti tərəfindən icazə verilmiş marşrut üzrə həyata keçirməyə çağırıram”. V.Osipyan xəbərdarlıq edib ki, əks təqdirdə, polis lazım olan ölçüləri götürməyə məcbur qalacaq: “Siz yeni texnologiyalardan yararlanaraq insanları toqquşmalara təhrik edirsiniz. Sizdən xahiş edirəm, hörmətli vətəndaşlar, oturaq piketi dayandırın. Siz artıq sırtıqlaşırsınız, bu söz üçün üzr istəyirəm, amma siz, əslində sırtıqlaşırsınız. Vətəndaşlar sizi qınayır, danlayırlar. Özünüzə gəlin!”. Yürüşün təşkilatçılarından olan Maksim Sarkisyan deyib ki, nümayişçilərin təqsirkar polislərin cəzalandırılması barədə prokurorluqdan zəmanət almayana qədər etirazlarını davam etdirəcəklər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər