Narahatlıq və xəstəlik mənbəyi
Yay fəslinin gəlməsi ilə əlaqədar
olaraq bəzi iaşə obyektləri açıq havada da xidmət göstərir. Bəzi bu cür kafe və
restoranlarda səslənən musiqinin səsi ətrafdakıları ciddi narahat edir. Şikayətlərə
baxmayaraq, həmin kafe və restoranlar musiqinin səsini azaltmadan müştərilərə
xidmət göstərirlər. Əslində orada səslənən musiqi nəinki ətrafdakı insanlara,
həmçinin məkanda olanların da sinir sisteminə təsir edir. Ola bilər bunu
həmin dəqiqə anlamaq olmur, amma səsdən
uzaqlaşdıqdan bir müddət sonra əks təsirləri hiss edirik. Yüksək səslə musiqiyə
qulaq asmaq səhhətimizdə başqa problemlər də yaradır. İnsanların bu cür narahat
edilməsi həm də sosial davranış qaydalarının pozulmasıdır. "Bu kafe və ya
restoran mənimdir, istədiyimi edə bilərəm” düşüncəsindən çıxış edərək ətrafdakıların
hüquqlarının pozulması düzgün deyil.
Biz də bu cür durumlarda insanların
nə etməli olduğu sualına aydınlıq gətirməyə çalışdıq.
İaşə
obyektləri təhlükə mənbəyi kimi
Millət
vəkili, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva deyir ki, o, bu
problemi bir müddət əvvəl Milli Məclisdə qaldırıb. "Şəhərdə olan bəzi səslər sakinləri
narahat edir. Buna gecə vaxtı tikinti aparılması, nəqliyyatda yersiz verilən
siqnallar, restoran və kafelərdəki musiqi səsləri aiddir. Bu məsələ
qaldırıldıqdan sonra bəzilərinə qadağa qoyuldu. Amma şadlıq saraylarının,
kafelərin səs-küyü ilə bağlı problem hələ də qalır. Bu cür obyektlərə lisenziya
veriləndə onların qarşısına tələblər qoyulmalıdır. Səsin başqa insanları
narahat etməməsi üçün ciddi izolyasiya işləri aparılmalıdır. Pəncərələri,
tavanları, divarları xüsusi səs keçirməyən materiallarla təmir edib, musiqinin
həmin məkandan kənara çıxmasının qarşısı alınmalıdır. Bundan başqa, yüksək
səsli musiqi şadlıq evində çalışanlar, qonaqlar üçün də zərərlidir. Xüsusilə
də, ofisiantlar daim o cür şəraitdə işlədikləri üçün bir müddət sonra onların
səhhətlərində problemlər yaranır. Bu baxımdan, belə iaşə obyektləri təhlükə
mənbəyi hesab edilir. Təəssüflər olsun
ki, bu halın qarşısının alınması və ya hər hansısa bir cərimənin tətbiq
edilməsi qanunvericilikdə əksini tapmır. Düşünürəm ki, bu kimi məsələlərin
həllində KİV-in rolu böyükdür.”.
Musiqinin
səsi 85 desibeldən yuxarı olmamalıdır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblınınbildirdiyinə görə, "Şadlıq saraylarının təsnifatı və qaydaları”nda iaşə
obyektlərinin, eləcə də digər xidmət müəssisələrinin səs akustikasının
sərhədlərinin müəyyən edilməsi haqqında bəzi tələblər öz əksini tapır. "Bu tələblərdən biri çalğı
zamanı musiqinin səsi 85 desibeldən
yuxarı olmamalıdır. Bu rəqəm beynəlxalq standartlar əsasında müəyyən edilib.
Göstərilən rəqəmdən artıq olduğu təqdirdə musiqi insan səhhətinə mənfi təsir
göstərir. Bir neçə il öncə yoxlama aparılaraq bəzi şadlıq sarayları
araşdırıldı. Müvafiq ölçmə vasitələri ilə mərasim gedən zaman səsin akustikası
yoxlanıldı. Obyektlərin böyük əksəriyyətində səsin normadan artıq olduğunu
müşahidə etdik. Həmin sahibkarlara iradlar bildirildi ki, aradan qaldırılsın. Hazırda
isə qanunvericiliyə uyğun olaraq bu sahədə yoxlamalar dayandırılıb. Ona görə
də, bizim komitə bu sahədə aparılan işləri bir müddətlik təxirə salıb. Qanunun
qüvvədə olduğu vaxt bitdikdən sonra, metroloji nəzarət qaydasında yenidən bu
istiqamətdə yoxlanışlar aparılacaq”.
Şadlıq saraylarının göstərilən səs
diapazonunu keçdiyi təqdirdə hansı
tədbirlərin görüldüyünü soruşduq. Komitə sədri qeyd edir ki, təbii olaraq
standartın tələblərinin pozulması inzibati xəta yaradır və bu zaman cərimə
tətbiq edilməlidir. "Biz ilkin olaraq sahibkara iradlarımızın qeyd olunduğu bir
sənəd veririk və qayda pozuntularının aradan qaldırılmasını tapşırdıq. Bəziləri
bunun məsuliyyətini anlayıb problemi həll etdi. Digərləri isə təkrarən həmin nöqsanlara
yol verdi. Bu zaman onlara ciddi şəkildə xəbərdarlıq edildi. Cərimə sanksiyası
o halda tətbiq olunur ki, artıq sahibkar xəbərdarlığa da əhəmiyyət vermir, öz
bildiyini edir. Amma təəssüflər olsun ki, 3-cü yoxlanış yeni qaydaların qüvvədə
olduğu müddətə təsadüf etdiyindən işi icra edə bilmədik”.
Səs-küy
mədəniyyətin göstəricisi deyil
Sosioloq
Asif Bayramov bildirir ki, hüquqi dövlətdə bütün sosial problemlər qanun səviyyəsində həllini
tapmalıdır. "Azərbaycanda qanunverici baza müstəqillik illərində xeyli inkişaf
etsə də, müəyyən boşluqlar hələ də var. Bu da təbii haldır. Çünki biz
qanunverici bazamızı daha çox qərbin taktikasına uyğun olaraq təkmilləşdiririk.
Hazırda qloballaşan problemlərdən biri də yüksək diapazonla səs məsələsidir.
Son dövrlər psixoloji xəstəliklərin həm sayı artıb, həm də yaşı cavanlaşıb.
Bunun sosial-psixoloji səbəblərini araşdırmaq və həllini yolunu tapmaq
lazımdır. Səbəblərdən biri həddən artıq yüksək templi səs qəbuludur. Bu, uzun müddətdir
ki, aktual olan məsələlərdəndir. Xüsusi sosial-psixoloji faktor kimi elmi
tədqiqatın predmetidir. Amma təəssüflər olsun ki, bizdə bu tədqiqat sahəsi yox
səviyyəsindədir. Onun da nəticəsi olaraq, bu istiqamətlə bağlı qanunverici baza
mövcud deyil”.
Sosioloq
Əhməd Qəşəmoğlu deyir ki, burada sosial və psixoloji faktorlar böyük rol
oynayır. Hər kəs bilir ki, səs-küy mədəniyyətin göstəricisi deyil. "O xalq, o
insan daha mədəni sayıla bilər ki, davranışı ilə başqalarını narahat etməsin.
Bu cür yüksək səs diapazonunun qarşısını almaq üçün inzibati yollarla qadağalar
qoyulmasını məqsədəuyğun hesab edirəm. Hər hansısa bir davranışa üç mühüm amil təsir
edir. Bunlardan biri mühit, ikincisi alınan informasiya, üçüncüsü isə üstünlük
verilən dəyərlərdir. Biz iaşə obyektlərindəki həmin davranış qaydasını
tənzimləmək istəyiriksə, "bu cür yüksək səslə musiqiyə qulaq asmağa mühitin nə
kimi təsiri var” sualına cavab tapmalıyıq. Bunu bildikdən sonra həmin faktoru
aradan qaldırmalıyıq. Digər bir tərəfdən məlumatlandırma işi aparılmalıdır.
KİV-də insanları narahat edə biləcək bu kimi davranışlar tənqid edilməlidir.
Restoran və kafelərdəki musiqinin insanları nə dərəcədə narahat etdiyini əyani
olaraq göstərmək lazımdır. İnsanların üstünlük verdiyi dəyərlər də burada böyük
rol oynayır. Belə deyərdim ki, mənəvi dəyərləri üstün tutanlar yüksək səslə
danışmağı, musiqiyə qulaq asmağı sevmirlər. Çox səs-küy edənlər isə adətən, maddi dəyərlərə üstünlük verənlər,
dəbdəbəni, şöhrətpərəstliyi sevənlərdir. Bu da cəhalətin əlamətidir”.
Tibb üzrə
ekspert Adil Qeybulla deyir ki, nəinki kafe və restoranlarda səslənən, hətta qulaqcıqla
dinlədiyimiz musiqinin belə, həddən artıq olması insanın sinir sisteminə təsir
göstərir. "İaşə obyektlərində səslənən yüksək templi musiqilər insanların həm
əhval-ruhiyyəsinə pis təsir edir, həm də onların istirahətini pozur. Həmin kafe
və restoranlar nəzərə almalıdır ki, ətrafda məişət problemləri olan, depressiyada,
qəm-qüssədə olan adamlar da var ki, bu davranış onlara daha da mənfi təsir edə
və qıcıqlandıra bilər. Belə hallar həmçinin,
eşitmə qabiliyyətinin itirilməsi, qan təzyiqinin yüksəlməsi, yuxu pozğunluğu və
diqqətsizlik kimi fəsadlar yaradır. Uzun müddət yüksək səslə musiqiyə
qulaq asdıqda insanda xroniki karlıq da əmələ gələ bilər. Ona görə də musiqinin səslənmə diapazonu mütləq
tənzimlənməlidir”.
Günel Azadə