“Nar ölkəsi. Əndəlüsün son illəri”
Yazar, tədqiqatçı
alim, türkçü ideoloq və kulturoloq kimi fəaliyyət göstərən Muhsin Kadıoğlunun– "Nar ölkəsi. Əndəlüsün
son illəri” (Türk Dünyası
Araştırmaları Vakfı, İstanbul, 2017) adlı tarixi romanı əhatə etdiyi
mövzu dairəsi, müasirlik ruhu, ifadə etdiyi ideyası ilə əhəmiyyətli bir əsərdir.
Tarixin müxtəlif mərhələlərində dünya ictimai-siyasi və mədəni həyatında türklərin
rolu Muhsin Kadıoğlunun bir çox kitablarında öz əksini tapmışdır. Araşdırmaçı yazarın
"Poloniyada Türk izləri” (2011) "Turan Yolunda” (2014) və digər kitablarında
türk tarixi, mədəniyyəti, ədəbiyyatı və dünyagörüşünün çeşidli tərəfləri öyrənilmiş,
ayrı-ayrı dünya ölkələrində qədim türk izləri tədqiq olunmuş, türklərin dünya
xalqlarının həyatı və mədəniyyətindəki yeri dəyərləndirilmişdir. "Nar ölkəsi.
Əndəlüsün son illəri” romanı da Muhsin Kadıoğlunun önəmli əsərlərindən biri
olaraq çox vacib məsələləri əks etdirir.
Romanda yazar mühüm bir
tarixi dövrü və hadisəni qələmə almışdır. Məlum olduğu kimi, indiki İspaniya ərazisinə
daxil olan müsəlmanlara məxsus Qranada Əmirliyi 1482-ci ildə başlayan və 10 il
davam edən müharibədən sonra İspaniyanın nüfuz dairəsinə daxil olmuşdur. Müəllifin
də yazdığı kimi, "Qranada əmiri XII Məhəmməd ilə əldə edilən razılıqda "din
azadlığı”na açıq şəkildə zəmanət verilsə də, əvvəlcə yəhudilərdən dinlərini dəyişdirmək
və katolikliyi qəbul etmək tələb olunmuşdur. Sülh müqaviləsinin heç bir maddəsində
belə bir hökmün olmamasına baxmayaraq, dinini dəyişdirməyən yəhudilərə İspaniya
torpaqlarını tərk etmək üçün sadəcə üç ay vaxt verilmişdir”. Bu əmirlikdə
yaşayan müsəlmanların da eyni təzyiqə məruz qaldığı tarixi həqiqətlərdir. Belə
bir vəziyyətdə isə Qranada Əmirliyində yaşayan yəhudilər və müsəlmanlar
ayrı-ayrılıqda o dövrün nüfuzlu türk və müsəlman imperatorluqlarından biri olan
Osmanlı dövlətinə yardım üçün müraciət etdilər. Yəhudilər İspaniyadan qovulan
millətdaşları üçün vətən, torpaq, can və mal əmniyyətinin mühafizəsi üçün
Osmanlı dövlətindən kömək istədilər.
Qranada Əmirliyindəki müsəlmanların yardım
istəmələrini də M.Kadıoğlu kitabın ön sözündə tarixi faktlara əsaslanaraq şərh
edir: "Qranada əmiri Məhəmməd Sultan Bəyazidə elçi göndərərək yardım istədi.
Qranada əmirinin səfiri Sultan Bəyazidin, Şeyxülislamın və paşaların hüzurunda
Qranada müsəlmanlarına edilən zülmü göz yaşları içində nəql etdi. Eyni zamanda,
Məmlük İmperatorluğundan dəfələrcə yardım istədiklərini, lakin, təəssüf ki,
yardım ala bilmədiklərini bildirdi”. Nəticə olaraq
Sultan Bəyazid Granada Əmirliyindəki müsəlmanlara yardım etmək və dönərkən
sığınacaq istəyən yəhudiləri Osmanlı torpaqlarına gətirmək üçün Osmanlı
donanmasının məşhur admirallarından biri olmuş Kamal Rəisin başçılığı ilə ordu
göndərdi və böyük bir tarixi missiyanı uğurla həyata keçirdi: "Osmanlı
donanması müsəlmanların şəhərlərində daş üstə daş qoymayan İspaniya donanmasına
həddini bildirəcək, İslambola dönərkən də yəhudilərdən və müsəlmanlardan ora
getmək istəyənləri gətirən gəmiləri müşayiət edəcəkdir”. Bütün bunlar
M.Kadıoğlunun tarixi romanında öz bədii əksini tapmışdır.
"Nar ölkəsi.
Əndəlüsün son illəri” tarixi romanının müasir dövrümüz üçün də bir çox əhəmiyyətli
cəhətləri mövcuddur: Hər bir türk insanına qürur verən milli keçmişini bədii-tarixi qəhrəmanların
həyatındakı ən önəmli özəlliklərə diqqət edərək öyrənmək; Türklərin dünya
xalqları ilə münasibətinin dərinliklərinə varmaq, digər millətlərin tarixindəki
həlledici rolunu önə çıxarmaq; Gənc nəslə türk örnəkləri təqdim etmək,
humanizm, qəhrəmanlıq, ədalət, dövlətçilik prinsipləri nümunələrini göstərmək;
Türk-islam düşüncəsinin əzəmətini ifadə etmək; Türkləri, ilk növbədə, türk mənbələrindən
öyrənməyin vacibliyini ön plana çəkmək.
M.Kadıoğlu türk
tarixini qələmə alsa da, burada sadəcə türklər deyil, haqsızlığa uğramış digər
xalqların həyatında baş verən çox mühüm hadisələr də öz əksini tapmışdır. Türklərin qeyri millətlərin
tarixinin müəyyən mərhələsində onların xilaskarı kimi çıxış etməsi gerçəkliyinə
şübhə olmasa da, bu məsələlər çox zaman diqqətdən kənarda saxlanılmışdır. Məlumdur
ki, tarixin dolaşıq yollarında unudulmağa, yanlış dəyərləndirilməyə məruz
qalmış faktları gənc nəslə öyrətməyin və bütün dünyaya izhar etmənin ən mühüm
yollarından biri də ədəbiyyatdır. Ona görə də M.Kadıoğlunun romanı çağdaş
dünyamızın zəruriyyəti kimi meydana gəlmiş, yaddaş və ədəbi diskurs problemini
bir tarixçi və yazar məharəti ilə həll etmişdir.
Türklərin digər
millətlərin tarixindəki rolu baxımından yəhudilərə münasibət əsərdə mühüm yer
tutur. Əsərin kiçik nümunəsində sözügedən məsələlərə diqqət edək: "Bursaya
yerləşən yəhudilər adətlərini, ənənələrini və dini inanclarını rahat yaşaya
bilmək üçün onlara məxsus olacaq bir məhəllə təsis edilməsini rica etdikdə
Sultan Orxanın fərmanı ilə yəhudi məhəlləsi qurulmuşdur. Yenə böyük atanız
Sultan Murad Ədirnəni aldığı zaman əsrlərlə Bizans hakimiyyətində yaşadıqları
üçün öz dillərini unudan və yalnız yunanca bilən Ədirnə yəhudilərinə hər cür
rahatlıq yaradılmışdır. Bursa yəhudiləri Ali-Osman torpaqlarına gələn yəhudilərə
türkcə öyrətmişdilər. Türklərin adət və humanizminə görə yüzillərcə xristian
zülmündən bezmiş yəhudilər Sofya, Niş, Larisadan ayrılaraq Ali-Osmanın əlinə
keçən Varna, Ruscuk kimi şəhərlərə köç etmişlər”. Yəhudilərin simasında
yabançı bir millətə bu qədər qayğı göstərən, lakin tarixi həqiqətlər təkzib
olunaraq soyqırımlarda, qətliamlarda günahlandırılan türk millətinin humanizminə
kölgə salan insanlara bu roman ən yaxşı cavablardan biridir.
Burada, eyni
zamanda, milli
dilini, mənəvi dəyərlərini, kültürünü, xüsusilə, haqqı olan millətlərə öyrədən
və onlardan türklərə qarşı hörmət gözləyən türk örnəyini təqdim etməklə
M.Kadıoğlu müasir zamanımız üçün də vacib problemlərə toxunur. Romanda Musəvi Karay türklərini
tarixi ilə bağlı faktlara istinad bu baxımdan maraq doğurur. Sultan Bəyazidin hüzuruna qəbul edilən Ədirnə baş ravvini
Sarfatinin dilindən söylənilir: "Konstantinopol Bizans zülmündən qurtarılan
zaman Bizansda Baş ravvin olan Moşe Kapsalinin səlahiyyətləri eynilə
verilmişdir. Sultan Mehmet Xan həzrətlərinin yəhudilərə verdiyi bəraət
sinaqoqumuzun ən dəyərli xəzinəsidir. Baş ravvin olan Moşe Kapsali də irq və
qan qardaşlarınız olan Musevi türkləri "Karayilər” olaraq ayrı bir cemaat kimi
tanımışdır”. Yazar bu hadisəni xatırlatmaqla müasir dövrümüzdə əməl olunmayan həmin
sözə diqqət çəkmək istəmişdir.
Digər bir nümunədə
Sultan Bəyazidin
dilindən yəhudi ravvinə söylənilən sözlərdə oxuyuruq: "Mən sizə "camaatınız
arasında öz dilinizdə danışa bilərsiniz, təhsil edə bilərsiniz, dilinizə lazım
olanları edə bilərsiniz” deyə izn verdim. Bu müqəddəs məkanları adlandırarkən
türk dilindəki adlarını istifadə etməyiniz lazımdır”. Burada bir tərəfdən türklərin
humanizmi ön plana çəkilirsə, digər tərəfdən də milli dəyərlərin qorunması zəruriyyəti
ifadə olunur.
Romanın əsasında
vahid türk idealı olan Qızıl Alma düşüncəsi dayanır. Bu idealın türklər üçün önəmi
M.Kadıoğlunun bir sıra əsərlərində öz əksini tapmışdır. "Portretini yaradan ilk
türk və müsəlman imperator. Dünyanın hakimi (Victor Orbis)” məqaləsində yazar Fateh Sultan Mehmet italyan
rəssamı Q.Bellini tərəfindən çəkilmiş portreti əsasında bu məsələləri əhəmiyyətli
şəkildə şərh etmişdir. "Nar ölkəsi. Əndəlüsün son illəri” romanında da
sözügedən cəhətlər diqqət mərkəzindədir. Elçi kimi göndərilmiş Canpoladlı Bekri Həsən
Ağa İspaniya kralı Fernando ilə söhbətində türklərin və müsəlmanların Qızıl
Alma hədəflərini xatırladaraq söyləyir: "Biz türklər və müsəlmanlar üçün ruyı
arzda altı qızıl alma vardır. Ən böyük Qızılalma Romadadır və Roma indi
sizindir. Digər macar Qızıl alması Ustolni-Belqraddadır, necə deyərlər, "təşbehdə
xəta olmaz”: Macarıstanın Kəbəsidir. Üçüncüsü Alaman Qızıl alması Viyana
qalasıdır. Dördüncüsü Budin qalasıdır, beşincisi Esterqondur. Altıncısı isə
Eğre qalasıdır. Ali-Osman bu qızıl almaları Allahın izniylə yaxında bir-bir ələ
keçirəcəkdir. Şeyx Həzrəti Muhyiddin Arabi həzrətləri qızıl almaların bir-bir
Ali-Osman tərəfindən fəthediləcəyinə işarət etmişdir. Biz istərik ki, atalarınızdan
sizlərə yadigar qalan bu qızıl almalar zərər görmədən Ali-Osmana keçsin.
Ali-Osmana keçsin ki, onlar gələcək nəsillərə
çatsın”. Göründüyü kimi, milli-mənəvi dəyərlərin gələcək nəsillər üçün
mühafizə olunmasında türk dövlətinin rolu xüsusi vurğulanmışdır.
Romanda türk və
islam dövlətlərinin birliyə çağırılması fikirləri də əsas yer tutur ki, bunun müasir
dövrümüz üçün böyük əhəmiyyəti vardır. Ali-Osman, Roma, Trabzon və Rum
imperatoru Sultan Mehmetin Məmlük sultanı Seyfəddin Xoşqədəmə yazdığı məktubunda
türk və islam dünyasını parçalamağa cəhd edən xristian ittifaqının fəaliyyətinə
diqqət çəkib, "kafir Venesiya bizimlə savaşdığına görə müsəlmanları
müsəlmanlara qırdırmaq üçün Ağqoyunlulara elçi göndərərək ittifaq yaratdı”
faktını da örnək gətirərək yazır: "İslambolu ələ keçirmək bəxtiyarlığını mənə
yaşadan Tanrının verdiyi ağıl ilə iki böyük müsəlman sultanlığının
xristianlarla ittifaq axtarmasını anlamaqda çətinlik çəkirəm”.
Digər bir nümunədə
milləti parçalayan təriqətlər, məzhəblər tənqid hədəfi olaraq türk birliyinə
çağırış ifadə olunur. Sultan Mehmet tərəfindən Məmlük sultanı və Osmanlı
dövləti arasındakı problemlərin həll olunmasında vasitəçilik etmək üçün
Dulkadiroğlu Süleyman bəyin yanına göndərilmiş Afşin bəyə Süleyman bəy "Ağqoyunlu şiəliyi
qəbul etmiş və yaymaqla məşğuldur. Qırx ildir ki, Anadoluda şiəlik toxumları səpirlər”
dedikdə yazar Afşin bəyin dilindən çox mənalı şəkildə söyləyir: "Biz sünniyik”
desək, onlar da "biz şiəyik” deyərlər və beləcə ayrılıq başlayar. Halbuki hər iki
tərəf də türkdür. Demək ki, türk olduğumuzu xatırlasaq, türklük üzərində
qardaşlıq inşa etsək, bu ayrılıqlar ortaya çıxmaz”. Türk millətinin
milli dəyərlərinin hər zaman qiymətli olduğu, bunun islama zidd olmadığı
romanın fikir dünyasında aydın səslənir. Afşin bəyin dilindən oxuyuruq: "Hər
millətin milli dəyərləri də vardır. Əgər islam millətlərin milli dəyərlərini
qadağan etsəydi, heç bir millət müsəlman olmazdı. Çünki hər millət üçün milli dəyərləri
son dərəcə önəmlidir, toxunulmazdır”.
M.Kadıoğlunun
romanı qəhrəmanlıqları, ədalət örnəklərini, cəsarət nümunələrini, din, dil, irq
və milliyyət ayrımı gözləməyən tarixi şəxsiyyətləri gənc nəslə rol-model kimi təqdim
etmişdir. Əsərdə
ən parlaq türk qəhrəmanlarından biri də Kamal Rəisdir. "Qranadadakı müsəlman
qardaşlarını katoliklərin zülmündən” xilas etmək üçün hazırlanan donanmanın
başında dayanan bu qəhrəman Osmanlı donanmasının böyük admirallarından biri
olmuşdur.
Kamal Rəis
obrazı tarixi şəxsiyyət olmaqla yanaşı, M.Kadıoğlunun türk simasının ən özəl keyfiyyətlərini
qələmə aldığı, türklük ənənələrini ifadə etdiyi, cəsarət, ağıl və gözəl mənəvi
sifətləri birləşdirdiyi bir qəhrəmandır. Həmin qəhrəmanın romandakı iştirakı
bir sıra mühüm məqamların ifadəsinə doğru istiqamətləndirilmişdir.
Kamal Rəis yalnız
müsəlmanları deyil, yəhudiləri də katoliklərin zülmündən qurtarmaq və Osmanlı
ölkəsinə gətirmək üçün yola çıxır. Kamal Rəisin idarəçiliyindəki donanmanın Əndəlüsə
doğru yola çıxdığını əks etdirən səhifələrdə yazar oxuculara türklərin donanma ənənələrini
xatırlatmışdır. Kamal
Rəisin komandalığındakı donanmanın yardıma getmək üçün dənizə açılmasının təsvirində
Osmanlı dövlətinin gücü donanma üzərindən oxucuya belə ifadə olunur: "Bütün gəmilər
durna qatarı kimi ard-arda dörd sıra şəklində düzüldü. Aralıq dənizinə doğru
yola çıxmadan əvvəl elə bir yaylım top atəşi açdılar ki, ətrafı sanki Nəmrud atəşi
bürüdü. Cəmi-İslambol əhalisi elə bir mənzərə içində qaldı ki, seyr edənlər
bir-birinə nəql edirdilər”.
Kamal Rəisin
əsərdəki rolu islam və türklüyün qovuşduğu məqamların ifadə olunmasına, milli
düşüncənin daim hakim tutulmasına yardım edir: "…hər ləvənd "Məhəmməd Mustafa
eşqinə” deyir, yanındakı ləvəndin biləyini biləngi ilə sərt bir şəkildə tutub
digərinə keçirdi. Bu türk dənizçilərinin qardaşlıq andı idi”.
Romanda
türk simvollarının önə çəkilməsində də sözügedən qəhrəman fəal iştirak edir: "Kamal Rəisin
doqquz baş rəisi var idi. Ondan əvvəlki rəislər yeddi baş rəis saxlayırdılar”.
Kamal
Rəis mənəvi dəyərləri yüksək tutan, cəsarətli və iradəli qəhrəmandır. Donanma Geliboludan dənizə açılmadan əvvəl ənənələrə uyğun
olaraq bütün əsgərlər Azərlər namazgahında namaz qılırlar. Kamal Rəisə xristianların
idarəçiliyində olan qalalardan hədiyyələr göndərilir, lakin o bunların heç
birini qəbul etmir. Kamal Rəisin donanması savaşdığı İspaniya gəmisində kürək çəkən
yəhudi və müsəlman əsirləri fərq qoymadan azadlığına qovuşdurur. İspaniya gəmisindən
ələ keçirilən qənimətlər yəhudilər və müsəlmanlar arasında bərabər olaraq
paylaşdırılır.
Kamal Rəis
və sevgilisi Taçlı Sultanın dialoqlarında bir tərəfdən qəhrəmanın gözəl və mənalı
eşq tarixçəsini öyrənirik. Digər tərəfdən də bu səhnələrdə türklərə məxsus
milli-mənəvi abidələrin təsvirinə təsadüf edirik. Yazar Anadolunun ərənlərini,
Anadoluda olan və dünyada başqa örnəkləri tapılmayan Alaaddin Camisi kimi
daşınmaz kültür varlıqlarını iki sevən qəhrəmanının vasitəsilə oxuculara
tanıdır.
Türk ölkələrində
ərəb dilində yazmaq ənənələrinə də yazar romanda öz münasibətini bildirmişdir.
Kamal Rəisin atası Hacı Əhməd Rəis ilə babası Hacı Əli Rəisin söhbətlərində bu
məsələyə diqqət yetirilir: "Ölkədə hər kəs türkcə danışırkən kitabların ərəb
dilində olmasının məntiqi nə ola bilər? Ərəbcə yazılan bu kitablarda nələrin
yazıldığını türklər oxuya bilmir. Ərəbcə bilənlər isə çox azdır. Elə isə bu ağılsızlıq
deyilmi?” Hacı Əhməd Rəis bu mühüm məsələ haqqındakı fikirlərini davam etdirərək
əsas səbəbi də göstərir: "Ali-Osmana gələn ərəblər ərəbcə bilməyi fəzilət kimi
göstərirlər. Halbuki fəzilət olan ərəbcə bilmək deyil, Quranda yazılanları və
onların ruhunu qavramaqdır. Ərəbcə bilməyən Quranın ruhunu anlaya bilməz deyirlər.
Çünki xalq ərəbcə bilmədiyinə görə, ərəblərə sormağa məcbur olacaqlar. Beləcə də,
ərəbcə bilənlər və ərəblər daim soruşulan və danışan kimsələr olacaq”.
Kamal Rəisin
babasının sözləri ilə türk dilində "Quran”ın Fateh Sultan Mehmetin babası II
Murad tərəfindən yazıldığı da oxuculara çatdırılır: "Nə yazıq ki, Sultan
Muradi-Saniyə qədər Ali-Osmanda ərəblərin bu hiyləgərliyini fərq edən
olmamışdır. Cənnət məkan Sultan Murad xalqın Tanrıdan istərkən nə istədiyini
bilməsi, Allahın əmrlərini anlaması üçün alimlərdən türkcə yazmalarını tələb
etmişdir. Bunun ən gözəl meyvələrindən biri də Yazıçızadənin Muhammədiyəsi
olmuşdur. Türk dilində yazıldığı üçün xalq bu kitabı elə mənimsədi ki, şeriül qələmlər
gecə gündüz yazmaqlarına baxmayaraq, Muhammədiyə yetişdirə bilmədilər”.
Romanın
maraqlı bölmələrindən biri də yüksək vergiləri ödəyə bilmədikləri üçün İspaniya
gəmisində kürək çəkmək məhkumu edilən müsəlman qadınları təsvir edən səhnələrdir.
Bu qadınlar azadlığa qovuşunca məmləkətlərinə dönmək əvəzinə, dəniz savaşçısı
olmaq istəyirlər. O zamana qədər müsəlman gəmilərində dəniz savaşçıları
arasında qadınlara təsadüf olunmamışdır. İslam xəlifəsindən bununla bağlı fitva
istəməyə gedildiyi zaman xəlifənin hüzurunda çox əhəmiyyətli bir söhbət, qəhrəmanların
mühakimələri baş tutur. Bu söhbətlər nəticəsində qadınlar fitva almağa nail
olurlar. Burada milli-mənəvi dəyərlərə bağlı olan Kamal Rəisin ağıl, cəsarət,
gözəl əxlaq sahibi olduğunu görürük, eyni zamanda, o, yenilikçi və zamanın şərtləri
ilə ayaqlaşa bilən bir şəxsiyyət kimi təsvir olunur.
Kamal Rəisin
müxtəlif şəxslərlə dialoqlarında M.Kadıoğlunun zəkası, intellekti, dünyagörüşü,
tarix və mədəniyyəti dərindən bildiyi görünməkdədir. Bu baxımdan Q.Bellinini
Misirə apardığı zaman gəmidə Kamal Rəis ilə italyan rəssamı arasındakı Avropada
"İkinci Batlamyus” kimi tanınan Battani, 1487-ci ildə Afrikanın cənubunu kəşf
edən Barthelmo Dias haqqında edilən söhbətlərdə yazarın zəngin dünyagörüşü
ortaya çıxır. Eyni zamanda, Əlhambra Sarayında Əndəlus və ərəb ədəbiyyatının
öndə gedən şairlərinin şeir məclisinə yer verilməsi romana intellektual bir dərinlik
gətirmişdir.
İslam və
xristianlıq problemi və onun müxtəlif tərəfləri də romanda öz əksini tapmışdır.
Bütün dünyada
barışın hakim olması fikrini irəli sürən romanda papaya göndərilən məktubda
onun "Avropada bir müsəlman da qalmamalıdır”
sözlərinə "Türk və müsəlman ölkələrində də xristianların yaşadığını,
sizin müsəlmanlara etdiklərinizi onların da xristianlara edə biləcəklərini heç
düşünmürsüzmü?” deyə cavab verilir. Burada Osmanlı ölkəsinə gəlmək istəyənlərin
"sadəcə müsəlmanlar və yəhudilərdən ibarət olmadığı, Fransadakı və Avropadakı bəzi
xristian təriqətlərin mənsublarının da Osmanlı sultanının mərhəmət və şəfqətinə
sığınmaq istədikləri” xatırlanmaqdadır.
Romanda
Azərbaycan türklərinin böyük qəhrəmanlarından biri olan Babəkin təsviri ilə
yazar islam inancı xaricində digər inanclara da sahib olan türklərin zəngin
tarix və dünyagörüşünə məxsus olduqlarını göstərməyə çalışmışdır. "Ərəblərdən
başqa digər müsəlman xalqlar tərəfindən milli bir qəhrəman kimi qəbul edilən
Babək və Cavidan islam əvəzinə ərəb mədəniyyətinin Azərbaycanda, İranda və digər
türk ölkələrində yayılmasına əngəl olmaq üçün var gücləri ilə vuruşmuşlar”.
Türkiyə
və dünyanın digər ölkələrindəki türk məkanları, fərqli türk cəmiyyətlərinin
müxtəlif dini inancları ilə bağlı məlumatlar verərək bu müxtəlifliyi "Türklük”
qazanında qarışdırmaq, islam adına günümüzdə də mübahisə doğuran məsələlərə aid
tarixi keçmişdə mövcud olan, lakin unudulan çözümləri gündəmə gətirmək
M.Kadıoğlunun romanının əsas xüsusiyyətlərindəndir.
Yazar
türk tarixini doğru öyrətmək cəhdində oxucuların, ilk növbədə, öyrənmək
arzusuna sahib olmaları zəruriyyətini ifadə edir, türklərin mənsub olduğu və qərar
verilməsində çətinliklərlə qarşılaşdığı məsələlərdə "ağıl yolu”nu göstərən İmam
Maturidi fəlsəfəsinə müasir baxışın əhəmiyyətini önə çəkir. Eyni zamanda,
"dünyanı idarə etmək idealı daşıyan bir millət "millət” qavramı ilə özünü məhdudlaşdırmaz”
fikirləri ilə yazar türklərin və müsəlmanların "Dünya hakimiyyəti məfkurəsi”
olan "Qızıl Alma” və "İlay-i Kelimatullah” ideallarının "Türk kimliyinin” mərkəzində
olduğu halda mümkün olacağını ifadə etmişdir.
Romanda tarixi hadisələrdən biri digərinə keçid o qədər
mənalı şəkildə qurulmuşdur ki, M.Kadıoğlunun tarixi hadisələri, onların mahiyyətini,
incəliklərini dərindən bildiyi və romanda ustalıqla ifadə etdiyi bəlli olur.
M.Kadıoğlunun "Nar ölkəsi. Əndəlüsün son illəri”
romanı
Türk-İslam Dünya Hakimiyyəti düşüncəsinin milli, fəlsəfi və dini qaynaqlarını
oxuculara bir daha təqdim etmişdir.
Bəsirə Əzizəli