• şənbə, 20 Aprel, 13:47
  • Baku Bakı 23°C

Nar bayramına 15 mindən atrıq yerli və xarici qonaq qatılıb

05.11.16 19:23 973
Nar bayramına 15 mindən atrıq yerli və xarici qonaq qatılıb
Bu gün Göyçay rayonunda təşkil olunan XI nar bayramı möhtəşəmliyi ilə əvvəlkilərdən xeyli fərqlənib.APA-nın yerli bürosunun xəbərinə görə, dövlət və hökümət nümayəndələrinin, Milli Məclisin 10-a yaxın deputatının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, beynəlxalq təşkilatların əməkdaşlarının, ümumilikdə 15 minə yaxın insanın iştirak etdiyi möhtəşəm Nar bayramı təbii sərvətimizin, milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

Göyçay şəhər stadionunda keçirilən tədbirdə narla bağlı müxtəlif yarış və müsabiqələrin, yarmarkaların təşkili xüsusilə yadda qalan olub. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, artıq 11-ci dəfədir təşkil edilən bayram rayonda meyvəçiliyin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. O əlavə edib ki, bayram prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin noyabrından keçirilir.
Bayramın iştirakçıları əvvəlcə musiqi sədaları altında qarşılanıb, qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb. Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq bol ruzi-bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar.

Meydanda təşkil olunan kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib, idmançıların, folklor rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayramı daha da yadda qalan edib.

Festival öz rəngarəngliyi ilə əvvəlki illərdə təşkil olunan tədbirlərdən xeyli fərqlənib. Sərgi ilə tanış olan qonaqlara məlumat verilib ki, narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlara göstərilən yüksək aqrotexniki qulluq nəticəsində və havaların əlverişli keçməsi bağlarda bol məhsulun yetişməsinə səbəb olub. İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 48 min 500 tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 47 min 200 ton nar tədarük ediblər. Hər il məhsulun 60%-i Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır. Göyçayda narçılığa olan maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması istiqamətində tədbirlər görülür. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilib. Nar emalı müəssisələri isə ilbəil imkanlarını genişləndirirlər, daha çox nar şirəsi istehsal edərək xarici ölkələrə ixrac edirlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 3970 hektardan artıq sahədə nar bağı var.

Yerli və xarici qonaqlar tədbirin keçirildiyi Göyçay şəhər stadionunda hazırlanan sərgi masalarına yaxınlaşaraq isti təndir çörəyinin, müxtəlif sortdan olan narların və onlardan hazırlanan məhsulların, eləcə də pendirin, yuxa, kətə, kabab və döşəməli plovun, müxtəlif şirniyyatıların dadına baxıblar. Tədbirdə qonaqlar əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıblar, müxtəlif sort nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.

Qonaqlar nar sərgisində rayonun 30-dan çox kəndində narçılıqla məşğul olan insanların yetişdirdikləri müxtəlif sort nardan hazırlanan məhsullara baxış keçirib, yerli müəssisələrdə istehsal edilən meyvə şirələrinin keyfiyyəti ilə maraqlanıblar.

Sonda Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib və ətəşfəşanlıq olub.
banner

Oxşar Xəbərlər