• cümə, 26 Aprel, 14:59
  • Baku Bakı 23°C

Naqif Həmzəyev: Son 15 ilin uğurları düşünülmüş strategiyanın nəticəsidir

16.10.18 16:01 433
Naqif Həmzəyev: Son 15 ilin uğurları düşünülmüş strategiyanın nəticəsidir
"Son 15 il ərzində Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş yüksəlişə nail olub, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatı kimi özünü təsdiqləyib. Bu illərdə ölkə həyatında baş verən dəyişikliklərə, nailiyyətlərə nəzər salsaq, istər daxili, istərsə də xarici siyasətdə əldə edilən hər bir uğurun Ulu öndər Heydər Əliyev zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürü olduğunu aydın görərik”.
Bu sözləri Azadinform-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədriNaqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, ölkədə sabitlik hökm sürür və Azərbaycan düzgün yolda irəliləyir: "Ulu öndər Heydər Əliyevin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin dediyi kimi – "Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir”. Bu gün hamımızın qürur mənbəyinə çevrilən Azərbaycan 15 il ərzində qlobal kataklizmlərlə çalxalanan regionda multikulturalizmin qalasına çevrilib, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edərək kosmik dövlətlər sırasına daxil olub. Son 9 ayda baş verənlər bugünkü reallığın ən bariz nümunəsidir”.
Millət vəkilinin fikrincə, Azərbaycanın qüdrətinin artması, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, ordunun döyüş qabiliyyətinin yüksəlməsi də ötən dövrün ən əlamətdar nailiyyətləri sırasında layiqli yer tutur: "Azərbaycanın dünyada ən təhlükəsiz, sabit ölkələrdən biri olması etiraf olunur. Bu gün qürur hissi ilə deyə bilərik ki, insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında, onun möhkəm təməllərinin qoyulmasında görkəmli dövlət xadimi, cənab İlham Əliyevin xidmətləri əvəzsizdir. Ölkə başçısının xalqının sevgisini qazanmasını şərtləndirən əsas şərtlərdən biri də əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir təhsil və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində aparılan ardıcıl addımlardır. Məhz xalqının mənafeyindən irəli gələn siyasət nəticəsində son 15 ildə ölkədə xeyli məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Təkcə paytaxtda deyil, bölgələrdə səhiyyə islahatları uğurla reallaşdırılıb. Prezidentin təşəbbüsü ilə dünya praktikasında rast gəlinməyən əhalinin pulsuz tibbi müayinəsi aksiyaları həyata keçirilir. Nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə ölkəmiz dünyanın bir çox dövlətlərinə nümunə olur”.
N.Həmzəyev bildirib ki, ölkə əhalisinin ən həssas təbəqəsi – doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin ən vacib prioritetinə çevrilib: "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırıb. Bu gün Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunub. Prezidentin tapşırığına əsasən, ölkənin bütün bölgələrinin mavi yanacaqla təmin olunması yolunda işlər gedir. Artıq ölkə əhalisinin böyük hissəsi təbii qazdan istifadə edir. Kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir olunur. Dövlət başçısının regionlara səfərləri, ictimaiyyətlə görüşləri, yerlərdə inşa olunan müasir ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin açılışlarında şəxsən iştirakı ənənəvi xarakter alıb. Sevindirici haldır ki, qazanılan uğurlarla yanaşı, ölkəmiz gələcək hədəflərə – iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə, ölkənin regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsinə doğru əmin addımlarla uğurla irəliləyir. Müstəqilliyimizin əbədiyaşar olması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsi ölkəmizə daha böyük nailiyyətlər qazandıracaq, ölkə vətəndaşları müstəqil dövlətin yaratdığı bütün imkanlardan bəhrələnəcəklər”.
banner

Oxşar Xəbərlər