• cümə axşamı, 28 mart, 22:39
  • Baku Bakı 13°C

Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb

18.10.19 13:23 347
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
"Ölkəmizin uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Bu tərəqqinin geniş vüsət almasında gənclərin də rolu böyükdür. Həyata keçirilən bu siyasət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi, bir sözlə, hərtərəfli inkişafı üzərində qurulub”.
Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın dinamik inkişafında gənclər siyasətinin inamla həyata keçirilməsinin öz payı var: "Gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir ki, dövlət siyasətində gənclər sektoru önəmli yerlərdən birini tutur. Dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi təqdirəlayiq haldır. Bu, dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür”.
Millət vəkili N.Həmzəyev vurğulayıb ki, dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub: "Əslində gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illərdir baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsində artıq ölkədə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Hazırda dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb. Ölkədə müasir dövrdə gənc kadrlar korpusunun formalaşmasında gəncliyin təhsili sahəsində zamanında atılmış addımlar da öz sözünü deməkdədir. Gəncliyin beynəlxalq standartlara cavab verən yüksək səviyyəli təhsilə yiyələnməsi istiqamətində qarşıya qoyulmuş məqsədlər bu gün öz bəhrəsini verir. İrəli çəkilən gənclərin idarəçilik sistemində beynəlxalq təcrübədən istifadə və innovativliyin təmin edilməsi baxımından bacarığı mühüm əhəmiyyət kəsb edir”.
Deputat deyib ki, gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da diqqət çəkir: "Gənc kadrların irəli çəkilməsini müşahidə edən gənclərdə bilik və təcrübəsini artırmağa həvəslənməklə yanaşı, öz potensiallarının dövlət tərəfindən dəyərləndiriləcəyinə də inam artır. Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən təqdirəlayiqdir. Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər. Bu isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Digər tərəfdən, yeni nəsil yaşlı nəsillə müqayisədə müasir dövrün tələblərinə daha tez uyğunlaşır, elmi-texniki tərəqqinin nailiyyətlərini daha tez mənimsəyir, onun tətbiqinə üstünlük verir. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verə bilər”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər