• cümə axşamı, 25 aprel, 20:13
  • Baku Bakı 21°C

Naqif Həmzəyev: “Gəncəlilərin alternativsiz seçimi İlham Əliyevdir”

09.02.18 15:45 1927
Naqif Həmzəyev: “Gəncəlilərin alternativsiz seçimi İlham Əliyevdir”
"Bu gün dünyada sabitlik diyarı kimi tanınan Azərbaycan öz uğurları ilə beynəlxalq aləmin diqqətini cəlb edir. Ölkənin güclü və qüdrətli iqtisadiyyatı sayəsində yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzular reallığa çevrilir, Azərbaycan müasir dünyanın tələblərinə cavab verən yüksək inkişaf etmiş bir dövlət kimi tanınır. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasi xəttinin nəticəsidir”.

Bu barədə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib. O deyib ki, dünyanın siyasi çəkisində nüfuz sahibi olan ölkələrin Azərbaycana artan marağı fonunda Prezident İlham Əliyevin adı ətrafında dünyamiqyaslı siyasətçi imicinin formalaşması da artıq sübuta ehtiyacı olmayan bir aksiomdur. Millət vəkili bildirib ki, Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirməsi, Prezident İlham Əliyevin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bütün nailiyyətlər Gəncə sakinlərində də böyük qürur hissi yaradır, onların daha səylə çalışmalarına stimul verir: "Gəncəlilər ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafının davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışırlar”.

Millət vəkili Azərbaycanda sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən də söhbət açıb. O vurğulayıb ki, ölkə başçısının sahibkarlıq fəaliyyəti ilə bağlı imzaladığı fərman və sərəncamlar Nizami yurdunda sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradıb: "Bunun nəticəsidir ki, 2017-ci ildə Gəncə şəhərinə ümumi dəyəri 338 milyon 700 min manat investisiya qoyulub. 2018-ci ildə isə bu rəqəmin 1,8 dəfə artması gözlənilir. Ölkəmizdə özəl sektora göstərilən dövlət qayğısından bəhrələnən 14 sahibkarlıq subyekti tərəfindən 20-yə yaxın xarici ölkəyə 183 milyondan çox rəqabətqabiliyyətli məhsul ixrac olunub və özəl sektorun ümumi daxili məhsuldakı payı artaraq 81,0 faizə çatıb”.

Millət vəkili N.Həmzəyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində aparılan işlər, demokratik dəyərlərin cəmiyyətdə öz yerini möhkəmləndirməsi, respublikamızın mədəni yüksəlişi də Prezident İlham Əliyevin ölkəyə layiqli rəhbərliyinin nümunəsidir: "Ölkəmiz növbəti prezident seçkiləri ərəfəsindədir. Bu gün gündəmin əsas mövzusu seçki məsələsidir. Tam əminliklə söyləmək olar ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti 11 aprel - Seçki Günündə Prezident İlham Əliyevi dəstəkləyəcək və öz səsini həmişə xalqının yanında olan liderinə səs verəcək. YAP Gəncə şəhər Təşkilatının 50 minlik üzvü də öz növbəsində ölkə başçımız, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin seçkilərdə qələbə qazanması uğrunda çalışacaq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün fədakarlıq göstərəcəklər”.

Rufik İSMAYILOV








banner

Oxşar Xəbərlər