Naqif Həmzəyev: Dərsliklər xalqımızın mənəviyyatına uyğun olmalıdır
"Ulu
öndər Heydər Əliyevin müdrik kəlamlarından biri də "Təhsil millətin gələcəyidir”
sözləridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan təhsil sahəsinə xüsusi
qayğı ilə yanaşaraq bildirib ki, "təhsil sahəsi nə sənayedir, nə kənd
təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli
yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Bu
barədə "Kaspi" qəzetinə açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. O qeyd edib ki, təhsilin
inkişafı, düzgün qurulması hər bir cəmiyyətin taleyüklü məsələsidir. Deputatın
fikrincə, başqa sahələrindən fərqli olaraq, təhsildə buraxılan
nöqsanların nəticələri ayrı-ayrı fərdlərə deyil, birbaşa cəmiyyətə zərbə vurur:
"Gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və
tərbiyəsinin düzgün təşkil edilməsinin yolu buradan keçir. Məhz bunun üçün
təlim-tərbiyə ilə yanaşı dərsliklər milli məqsədlər, mənafelər əsasında
qurulmalıdır. Özəl nəşriyyatlar tərəfindən çap
edilən dərs vəsaitləri isə bəzən xalqımızın, millətimizin tarixinə,
mənəviyyatına uyğun olmur. Ali məktəblərə hazırlaşanlar üçün "Azərbaycan
tarixi” məlumat kitabının üz qabığının üzlüyünün dizaynının, ibtidai sinif dərsliyində
cədvəlin Ermənistan bayrağı fonunda tərtib
olunması nə dərəcədə doğrudur? Təbiətdə 7
rəng və bu rənglərin saysız-hesabsız çalarları olduğu halda Ermənistan
bayrağını əks etdirən, bir-birinə uymayan, ardıcıl
3 rəngdən istifadə olunması
narahatçılıq yaradır”.
Millət
vəkili N.Həmzəyev deyib ki aidiyyatı qurumlar bu məsələyə laqeyd qalmamalı, ölkəmiz üçün
strateji əhəmiyyət kəsb edən məqamlara münasibət
bildirməlidirlər.