Naqif Həmzəyev: Böyük iftixar hissi ilə müstəqil dövlətin vətəndaşı olduğumuzu deyirik
"Biz
bu gün böyük iftixar hissi ilə müstəqil dövlətin vətəndaşı olduğumuzu deyə
bilirik”.
Bu
barədə millət vəkili Naqif Həmzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib.
Deputat
qeyd edib ki, sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli
tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX
yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb.
Onun sözlərinə görə, bu, xalqımızın siyasi tarixində XX əsrdəki
ikinci parlaq qələbəsi idi: "1991-ci il
oktyabrın 18-də Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı qəbul edilsə də
Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin
qayıdışından sonra əldə etdi. Tarixi
faktlar dəfələrlə sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan
qat-qat çətindir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn
Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz
ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı Vətənə
olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.
Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və
mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Dövlət müstəqilliyi gündən-günə
gücləndi, dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr quruldu,
sazişlər imzalandı, Azərbaycan beynəlxalq təşkilatların tribunalarından sözünü,
mövqeyini bildirmək imkanı əldə etdi”.
Millət vəkili
deyib ki, xüsusən son illər ərzində müstəqil Azərbaycan humanist fəaliyyəti
ilə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən enerji layihələri,
regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları kimi səmərəli təklif və
təşəbbüslərlə dünyaya
dəyərli töhfələr verib: "İnkaredilməz gerçəklikdir ki, bunların təməlində
müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və parlaq gələcəyə hesablanmış siyasəti
dayanır. Bu gün ölkədə yürüdülən
siyasətin nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan
dövlət, dünyada sabitlik diyarı, iqtisadi inkişaf ölkəsi, yeni iqtisadi və sosial çağırışların müzakirə olunduğu məkan kimi tanınır. Məhz bunun üçün 18
oktyabr - Müstəqillik Günündə bütün dünya dövlətlərinin rəhbərləri Prezident
İlham Əliyevə təbrik məktubu ünvanlayır, Azərbaycan xalqını əlamətdar gün münasibəti ilə
təbrik edirlər. Azərbaycanın hər bir vətəndaşının vəzifəsi ölkəmizin dövlət müstəqilliyini,
milli azadlığını qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaqdan ibarətdir”.
Alpər TURAN