• şənbə, 20 Aprel, 01:36
  • Baku Bakı 15°C

Nankorluğun sinonimi

24.07.13 08:36 1972
Nankorluğun sinonimi
«138 yaşlı Azərbaycan mətbuatı reanimasiya vəziyyətindədir. Amma «pasiyent»in vəziyyəti sabit-ağır olaraq qalır» - bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyir. Onun hansı qəzetin baş redaktoru olduğunu xatırlatsaq, məsələni lokallaşdırmış olarıq. Məhz Jurnalistlər Birliyinin sədri düşünür ki, ölkə mətbuatı reanimasiyadadır, yəni can üstədir. Sual yaranır, bəs onda Elçin Şıxlı hansı birliyə rəhbərlik edir? Xəstələr və ölülər birliyinəmi?
Digər tərəfdən, o, iddia edir ki, hakimiyyət mətbuatdan qorxduğu, ehtiyatlandığı üçün jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında tədbirlər görməyə məcbur olub. Lazımsız mülahizəni əsaslandırmaq üçün gətirilən arqument də olduqca çürük və kəsərsizdir. Sən demə, hakimiyyət mətbuatla hesablaşmasaydı, jurnalistlərə ev verməzdi, mətbuatı ələ almağa çalışmazdı. Birlik sədri ölkə başçısına təşəkkür etməyə də yumşaq desək, ərinir. Nə qədər ağır səslənsə də, jurnalistlərin bayramının bayrama qarışdığı günlərdə yenə də köhnə təkəbbürü yerə qoymamaq nankorluqdan başqa bir şey deyil. Belə davranış tərzi təbii ki, mətbuat işçilərinin böyük bir qisminə şamil edilə bilməz.
Cənab Prezidentin böyük diqqəti və qayğısı nəticəsində jurnalistlər evlə təmin olundu. Uzun illərdir kirayələrdə, yataqxanalarda yaşayan insanların nəhayət, öz evində işığı yandı. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yandırdığı işıqdır. Jurnalistlərə ev verilməsinə öz xislətlərinə uyğun olaraq kinayəli yanaşanlar gərək evlərin təqdimetmə mərasiminə qatılaydı. Orada qələm adamlarının sevinc göz yaşlarını görmək, dövlət başçısına ürəkdən minnətdarlıq bildirmələrinin şahidi olmaq lazım idi. Dövlətin təmənnasız jestini bəxşişlə səhv salanlar bunun ifadə azadlığını kölgədə qoyacağını iddia edirlər. Guya bunlar bu vaxta kimi müstəqil media prinsipləri ilə yaşayıblar.
Prezident yanında KİV-ə dəstək fondunun ayırdığı vəsaitdən redaksiya üçün bir qəpik də xərcləməyib cibinə qoyan adamların təkəbbürlü davranışı bütün jurnalistlərə şamil edilə bilməz. Redaksiyasını yalnız öz həmkəndlilərinin tribunasına çevirənlər gərək mətbuat adından danışanda utansınlar. Onlar bu illər ərzində qəzetə maarifləndirmə vasitəsi kimi yox, pul kisəsi kimi baxıblar. İndi davaları da həmən davadı. Yaxşı deyiblər, pişiyin ağzı ətə çatmayanda…
Fuad
banner

Oxşar Xəbərlər