• cümə, 29 Mart, 10:01
  • Baku Bakı 5°C

Namizədlər geri çəkilir

15.05.13 08:10 1783
Namizədlər geri çəkilir
Qonşu İranda keçiriləcək prezident seçkiləri ilə bağlı gərginlik davam edir. Namizədlərin rekord dərəcədə çoxluğuna baxmayaraq, əksəriyyət seçkilərdə mübarizənin üç-dörd namizəd arasında gedəcəyini proqnozlaşdırır. Bəlli olduğu kimi, seçkilərdə rekord sayda – 700-ə yaxın şəxs namizədliyini irəli sürüb. Lakin namizədlərin qeydiyyatı yaxınlaşdıqca, geriçəkilmələr də davam edir.
Seçkilərdə qalib gələcəyi proqnozlaşdırılan vitse-prezident Məhəmmədrza Rəhimi prezidentliyə namizədliyini geri götürüb. O, namizədliyini geri götürməsini daşıdığı vəzifənin ağırlığı ilə əlaqələndirib: “Bu məsuliyyətin ağırlığına baxmayaraq, hökumətdəki bir sıra həmkarlarımın və dost-tanışların israrı ilə seçkiyə qatılmaq qərarına gəldim. Lakin əvvəlcədən də demişdim ki, prezident seçkisinə qatılmağım ölkədə bir sıra ciddi icra işlərinin yerinə yetirilməsini ləngidə bilər. Prezident Əhmədinejad da mənimlə eyni fikirdədir. Məhz buna görə də xeyli fikirləşəndən sonra prezidentliyə namizədliyimi geri götürmək qərarına gəldim”. Məhəmmədrza Rəhiminin namizədliyini geri götürməsi hökumətin prezidentliyə əsas namizədi sayılan, Əhmədinejadın qudası olan, Prezident Administrasiyasına rəhbərlik edən İsfəndiyar Rəhim Məşayinin xeyrinə atılmış addım kimi qiymətləndirilir. İran prezidenti Mahmud Əhmədinejadın müşaviri Əli Əkbər Cavanfikr də bəyanat yayaraq prezidentliyə namizədliyini geri götürüb. Əli Əkbər Cavanfikr bəyanatında bildirib ki, o, namizədliyini Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin xeyrinə geri götürür: “Mən ölkənin nicatını prezident Əhmədinejadın xalqa və dəyərlərə söykənən inqilabçı hökumətinin işinin davam etdirilməsində görürəm. Məhz prezidentin bu barədə rəyinə hörmətlə yanaşaraq namizədliyimi geri götürür, ölkənin inkişafını və başucalığını istəyən bütün vətəndaşları iyunda keçiriləcək prezident seçkisində İsfəndiyar Rəhim Məşayiyə səs verməyə çağırıram”.
Xatırladaq ki, İranda bu il iyunun 14-də 11-ci dəfə prezident seçkiləri keçiriləcək. İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani son möhlətdən bir neçə dəqiqə əvvəl, iyunda keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürüb. Ekspertlər qeyd edirlər ki, islahatçılar 78 yaşlı Rəfsəncanini dəstəkləyəcək və bu, ölkənin mühafizəkar rəhbərliyi üçün vəziyyəti çətinləşdirə bilər. Konstitusiyaya görə, prezident Mahmud Əhmədinejad üçüncü dəfə namizəd ola bilməz. Amma onun seçdiyi namizəd, namizədliyini Rəfsəncanidən cəmi bir neçə dəqiqə əvvəl irəli sürüb. Sərt millətçi İsfəndiyar Rəhim Məşayi Əhmədinejadın yaxın dostudur və ayətulla Əli Xameneyinin ruhani elitasına təhlükə kimi görünür. İranın baş nüvə vasitəçisi Səid Cəlili də qeydiyyatdan keçib. Deyilənə görə, o, ayətulla Xameneyiyə yaxındır.
Ümumilikdə, qeyd edildiyi kimi, 700-dən çox namizəd qeydiyyatdan keçib, amma seçkilərdə kimin iştirak edə biləcəyini İranın İslam İnqilabı Keşikçiləri Şurası seçir. Bu qurumu isə ali rəhbər idarə edir. 2009-cü ildə keçirilən seçkilər, islahatçı müxalifət tərəfindən mübahisə olunmuşdu və böyük etirazlarla qarşılanmışdı. O zaman etirazları dəstəklədiyinə görə, indi Rəfsəncaninin islahatçılar tərəfindən dəstəklənməsi gözlənilir. Sorğulara əsasən, o, hazırda ən populyar namizəddir.
İran üzrə ekspert Səid Barzin hesab edir ki, təcrübəli mərkəzçi siyasətçinin böyük siyasətə qayıtması mühafizəkarların dominantlıq etdiyi idarədə rəqabət yaradır. Rəfsəncani artıq ölkənin prezidenti, parlamentin spikeri və Ekspertlər Məclisinin rəhbəri olub. Bu qurum ölkənin ali rəhbərini həm seçə, həm də işdən çıxara bilər. O, siyasi məhbusların azad olunması və siyasi azadlıqlar üçün çağırışlar edib. “Amma rejimi təcridən islahatlarla dəyişmək istəyənlər Rəfsəncanini "ustad manipulyator" kimi görürlər” - deyə Səid Barzini deyir. Əli Əkbər Rəfsəncani "daha açıq və təxmin edilə bilən siyasi mühit yarada bilər” - deyə ekspert bildirib. 1989 və 1997-ci illər arasında prezident olan Rəfsəncani bir dəfə deyib ki, ayətulla Xameneyi daha ona etibar etmir.
“Ola bilsin, İranın ali rəhbəri ayətulla Əli Xameneyi ümid edirdi ki, iyun seçkilərində rahat şəkildə sadiq, mühafizəkar prezidentin seçilməsini təmin edəcək, amma iki böyük müstəqilin namizədliyi buna mane ola bilər” - deyə “Reuters” xəbər agentliyindən Markus Corc bildirib. “Prezident Əhmədinejadın üstün tutduğu davamçısı İsfəndiyar Rəhim Məşayi ilə Rəfsəncani – Xameneyiyə yaxın olan mühafizəkar müharibə veteranı Səid Cəlilinin ən böyük rəqibləridir. Mühafizəkarlar Məşayini müsəlman ruhanilərin səlahiyyətlərini zəiflətmək cəhdlərində suçlayıblar və 2009-cu ildə ayətulla Xameneyi şəxsən Məşayinin-vitse prezidentliyinin qabağını almışdı. Az əvvəl Xameneyinin koalisiyası seçkilərin "ən dəqiq iştirakçısı idi” - deyə Markus Corc yazır. İndi isə ittifaq görünür ki, daha az təcrübəli Səid Cəlilini dəstəkləyəcək. Ekspertlər deyirlər ki, iqtisadi böhran vaxtında bu, seçki kampaniyasına böyük ziyan vura bilər.
Ekspertlər hesab edir ki, əvvəlki seçkidə baş verənlər bu dəfə də təkrarlana bilər. 2009-cu ildə keçirilən prezident seçkiləri göstərdi ki, İran iqtidarı ilə xalq arasında, xüsusən də müxalif qüvvələr arasında çox ciddi ziddiyyətlər var. Artıq iqtidar daxilində ciddi problemlər var ki, bu, hətta qarşıdurmalar səviyyəsindədir. İran əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir. «Dəyişən dünya, dəyişən reallıqlar kontekstində iranlı gənclər də əvvəlki kimi yaşamaq istəmirlər. Bu gün həm gənclər əvvəlki kimi yaşamaq istəmir, yuxarı dairələrdə əyləşən məmurlar da əvvəlki kimi idarə edə bilmirlər» - deyə iranlı ekspertlərdən biri bildirib. Belə olan halda İran daxilində hakimiyyətin, ümumiyyətlə, sistemin dəyişməsi üçün ciddi münbit şərait yaranıb. Əvvəllər monolit qüvvə kimi çıxış edən ruhani dairələri bu gün öz aralarında konfliktlər yaşayır. Şübhəsiz ki, xalqın hakimiyyətə etimadsızlıq mühitinin getdikcə artması, hakimiyyətin öz daxilində qarşıdurmaların vüsət alması, Yaxın Şərqdə, ərəb ölkələrində baş verən son inqilablar kontekstində düşünmək olar ki, qarşıdan gələn prezident seçkisində İranda çox ciddi daxili qarşıdurmaların şahidi ola bilərik. Eyni zamanda İranda baş qaldıran proseslərə həm də xarici qüvvələrin dəstəyi ola bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər