• çərşənbə axşamı, 19 mart, 13:21
  • Baku Bakı 8°C

Namiq Qafarov: “Şəki teatrının çox böyük ənənələri var”

18.01.18 17:27 3889
Namiq Qafarov: “Şəki teatrının çox böyük ənənələri var”
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına yeni direktor təyin edilməsi ilə bağlı sizləri xəbərdar etmişdik. Teatrın yeni direktoru Namiq Qafarov teatrdan əvvəl bir çox mədəniyyət ocaqlarında rəhbər vəzifələrdə işləyib. Onun Şəki teatrına direktor təyin edilməsi də təsadüfi deyil. Belə ki, o, Şəkidə Mədəniyyət və istirahət parkının direktoru, Ziyalılar Evinin bədii rəhbəri, Tarix Diyarşünaslıq Muzeyində fond mühafizəçisi vəzifəsində çalışıb. Bundan başqa, 1992-1995-ci illərdə Şəki kino-video idarəsinin rəisi, 1995-ci ildən 2000-ci ilə qədər Şəki Mədəniyyət şöbəsinin müdiri olub. 2000-ci ildən 2007-ci ilə qədər Mədəniyyət və Turizm Nazirliyində çalışan Namiq müəllim, 2007-2015-ci illərdə Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifələrində peşənin öhdəsindən layiqincə gəlib.
Namiq müəllimə teatrın yaradıcılıq prosesi barədə müsahibə almaq istədiyimizi deyəndə o, bir qədər tərəddüd etdi. Bildirdi ki, teatrda cəmi 4 aydır direktor kimi fəaliyyət göstərir. Bəlkə də teatrın inzibati və yarıdıcı prosesi ilə bağlı müsahibə vermək bir qədər tezdir?! Amma, biz onun razılığını aldıq və söhbətə başladıq.
- Namiq müəllim, heç düşünürdünüzmü ki, nə zamansa Şəki teatrına rəhbərlik edərsiniz?
- 2015-ci ilin noyabrında öz ərizəmlə işdən azad edildikdən sonra bir müddət əmək fəaliyyətimə fasilə verdim. Belə bir təklif aldıqda isə onu məmnuniyyətlə qəbul etdim. Hazırda teatrda çalışıram və hər şey qaydasındadır. Ümumiyyətlə, öz xahişimlə hər hansı vəzifədə işləmək kimi bir istəyim olmayıb. Mədəniyyət və Turizm Nazirliyindən mənə hansı vəzifə həvalə edilibsə, orada da çalışmışam. Bilirsiniz ki, Şəki mənim üçün doğmadır. Rəhbərlik mənə belə bir təklif etdikdə düşünmədən razılaşdım. Çünki Şəki Teatrının böyük tarixi var. Bu teatrda neçə-neçə tanınmış sənətkarlar yetişib, Azərbaycan teatr tarixində öz töhfələrini verən, tarixdə öz imzası ilə tanınan bir mədəniyyət ocağıdır. Teatrın tarixinə nəzər yetirsəniz, onun Azərbaycan teatr tarixində misilsiz xidmətlərinin şahidi olarsınız.
- Teatra rəhbər olaraq ilk gəlişinizdə kollektiv sizi necə qarşıladı?
- Çox yaxşı. Mənə qarşı çox isti münasibət göstərdilər. Şəki Teatrının yaradıcı heyəti mənim üçün doğma kollektivdir. Burada Mədəniyyət şöbəsində çalışanda teatra əlimdən gələn köməyi əsirgəməmişəm. Teatrın işçiləri ilə münasibətlərimiz bu günə deyil, uzun illərə söykənir. Ona görə mənə heç də çətin olmadı.
- Teatrlarda münaqişələr, konfliktlər qaçılmazdır. Belə hallar necə, varmı?
- Bizim heç bir konfliktimiz yoxdur. Ola da bilməz. Bunun üçün zəmin olmalıdır, o da bizim teatrdan uzaqdır. Teatra yeni gələndə yaradıcı heyətlə iclasımızda onlara dedim ki, sizin yaradıcı məsələlərinizə bilməyərəkdən və yaxud da bilərəkdən yersiz müdaxilələr etməyəcəm. Onlar da bunu normal qarşıladılar. Ümumilikdə isə nəinki teatrda, hər bir kollektivdə müəyyən konfliktlər olur. İş prosesində hansısa fikir ayrılıqları ola bilər. Biz yekunda məsələni birlikdə həll edirik. Ona görə, bu mövzuda heç bir sıxıntımız yoxdur. Ümid edirəm ki, olmayacaq da. Yaradıcı heyətdən əlavə, teatrın texniki heyətində çalışan işçilərə də deyirəm ki, yaradıcı heyətə qulluq etməli, onlara şərait yaratmalıyıq ki, tamaşaları pozitiv əhval ruhiyyədə təhvil versinlər.
- Hazırda Teatrda hansı proseslər gedir?
- Teatrımızda yaradıcı mühit var. İki yeni tamaşamızı təhvil verdik. Onlardan biri "Davul səsi” tamaşasıdır ki, bu tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Tamaşada rolları Lalə Məmmədova, Xanlar Həşimzadə, Akif Yusifov, İqrar Salamov, Fidan Lətifova və başqaları canlandırıblar. Tamaşada həmçinin teatrın nəzdində fəaliyyət göstərən studiyanın tələbələri iştirak ediblər. Biz ötən mövsümü bu tamaşa ilə bağladıq.
Növbəti tamaşamız isə Hans Xristian Andersenin "Kralın yeni libası” tamaşası oldu. Tamaşa Avropa İttifaqının dəstəyi ilə "Avropa İttifaqı Avtobus Turu-2017” layihəsi çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq hazırlanıb. Tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Arzu Əhmədova, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas rolları əməkdar artist İqrar Salamov, aktyorlardan Orxan Həmidli, Fidan Lətifova, Rəşid Mirizadə, Günay Novruzəliyeva, İlyas Əsədov, Qurban Rəsulov və başqaları ifa edir. Mövsümü bu tamaşa ilə açmışıq.
Bundan başqa, Yeni ildə Bilal Appayevin "Gözəlləri necə qaçırdılar” əsəri üzərində məşqlərə də başladıq. Tamaşanın quruluşçu rejissoru Arzu Əhmədova, rəssamı Nicat Məmmədli, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Ailə-məişət mövzusundan bəhs edən tamaşada əsas rolları Rəşad Rüstəmov, Günay Novruzəliyeva, Rəhim Qocayev, Nərmin Abbasova, Briliant Babayeva və başqaları oynayırlar. Tamaşa martın əvvəllərində teatrsevərlərə təqdim olunacaq.
Ümumiyyətlə, bu il teatrda Əli Səmədlinin "Hərənin bir ulduzu” əsəri, xarici dramaturgiyadan, türk dramaturqu Bayazıt Gülercanın "Dəniz küləyi Lodos”, adıgey Bilal Appayevin "Gözəlləri necə qaçırdılar” və rumın dramaturqu Matey Vişnekin "Qoca kloun tələb olunur” əsərləri hazırlanacaq.
- Repertuar seçərkən nələrə daha çox diqqət yetirirsiniz?
- Teatrın repertuar planı ən vacib məsələlərdəndir. Belə ki, biz repertuar seçərkən Şəki teatrının yaradıcılıq ənənələrini-özünəməxsusluğunu qoruyub saxlamaq, dünya və ölkə dramaturqlarının ən yaxşı əsərlərini tamaşaya qoymağa çalışırıq. Özünüz də gördüyünüz kimi, builki repertuar planına Azərbaycanın və qardaş xalqların dramaturqlarının əsərləri ilə yanaşı, müasir Qərb dramaturgiyasının nümunələri də daxil edilib. Əsas məqsədimiz teatrın rejissor və aktyorlarının yaradıcılığını, peşəkarlığını daha da inkişaf etdirməkdir.
- Teatra təyin olunandan sonra hansı dəyişikləri həyata keçirdiniz? Adətən hər hansı yeni təyinatdan sonra bir çox dəyişikliklər baş verir.
- Teatr müasir dövrdə canlı şəkildə fəaliyyətini davam etdirən yeganə sənət növlərindəndir. Burada köklü dəyişiklik mümkün deyil. Ancaq bəzi dəyişiklər etməyə çalışdıq. Belə ki, əmək, icra intizamının möhkəmləndirilməsi, yaradıcı heyətin işinə nəzarəti artırdıq. Bundan başqa teatrda yaradıcı kadrların seçilib yerləşdirilməsi məsələsinə daha ciddi nəzarət etdik. Bütün bunlarla yanaşı, bu 4 ay ərzində maliyyə və digər planların yerinə yetirilməsi istiqamətində tədbirlər gördük.
- Bilirik ki, Şəki teatrının özünün yetişdirdiyi teatr studiyası var. Studiyanın hazırda fəaliyyətini necə səciyyələndirirsiniz?
- Bu studiya teatrın ən böyük qazanclarından biri olub. Yarandığı gündən etibarən studiyanın 21 tələbəsi işlə təmin olunub. Bu da teatrımızın baş rejissoru Mirbala Səlimlinin danılmaz xidmətləri sayəsində baş verib. Həmin aktyorlar hazırda teatrın repertuarında yer alan bir çox tamaşalarda iştirak edirlər. Onlar işlərinin peşəkarı və gözəl aktyorlardır. Studiyamızın yetişdirdiyi aktyorların böyük əksəriyyəti tamaşalarımızda baş rollarda oynayırlar. Onların ikisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır. Təhsil almalarına baxmayaraq, teatrla əlaqələrini kəsmir və bizim səhnəmizdə tamaşalar hazırlayırlar. Deməyim odur ki, studiyanın yaradıcılıq missiyası davam edir.
- Teatrın qarşıya qoyduğu gələcək planları nələrdən ibarətdir?
- Qarşıda böyük planlarımız var. İlk növbədə Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi repertuar planını lazımi şəkildə icra etməyi qarşıya məqsəd qoymuşuq. Tamaşaçıların zövqünü nəzərə alaraq yeni tamaşalar hazırlamaq, qastrol səfərlərini həyata keçirmək, yerli və beynəlxalq festivallarda iştirak etməyi hələ ki, əsas hədəf olaraq seçmişik. Bundan başqa mayda Şəkidə keçiriləcək 3-cü Beynəlxalq Teatr Festivalına hazırlıq işlərini vaxtında başa çatdırmağı planlaşdırmışıq. Teatrın maddi və texniki bazasını möhkəmləndirmək kimi məsələlər də bu planın bir hissəsidir. Bilirsiniz ki, bu il Xalq Cümhuriyyət ili elan olunub. Biz də bununla əlaqədar, Cümhuriyyətlə bağlı bir mövzuda dövlət planından əlavə tamaşa hazırlamaq istəyirik.
- Bəs paytaxta qastrol səfəri gözlənilirmi?
-Əlbəttə, planlarımızda var. Bakıdan dəfələrlə dəvət almışıq. Teatrımızın baş rejissoru Mirbala Səlimlinin səhnələşdirdiyi, tanınmış yazarımız Elçinin "Sevgililərin cəhənnəmdə vüsalı” tamaşası bir dəfə Bakıda oynanılıb. Həmin tamaşa böyük maraqla qarşılanıb. İstəyirik ki, növbəti dəfə bu tamaşa ilə yanaşı, repertuarımızın ən baxılan, sevilən tamaşalarından olan "Vaqif” tamaşası ilə paytaxt tamaşaçılarının görüşünə gələk. Nəinki Bakı, bizim digər bölgələrə də səfərlərimiz gözlənilir. Bu barədə artıq söhbətlər gedir. Belə ki, Sumqayıt, Gəncə, Mingəçevir Dövlət Dram Teatrlarına qarşılıqlı səfərlər etmək istəyirik. Artıq Mingəçevir Dövlət Dram Teatrı ilə danışmışıq. Bu barədə mətbuat nümayəndələrinə ətraflı məlumat veriləcək.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər