• şənbə, 20 Aprel, 08:45
  • Baku Bakı 14°C

Nakam ömrün xiffəti

16.12.17 14:00 4232
Nakam ömrün xiffəti
Yadımdadır, jurnalistika fakültəsində ilk dərs günü müəllimimiz bizə belə bir mövzuda inşa yazdırdı: "Mən nə üçün jurnalist olmaq istəyirəm”. Sonra da qiymətləndirdi. Həmin il də bu fakültəyə 50 nəfər daxil olmuşdu. Bir nəfər əla, dördü yaxşı, altısı kafi, yerdə qalanları isə qeyri-kafi qiymət almışdı. Xoşbəxtlikdən, mənim adım dörd alanların siyahısında idi. Yeganə "beş”in sahibi Sədaqət Paşayeva (indi Şahbazova) idi. O vaxtdan dostluğumuz başladı. Düz 45 ildir ki, birliyimiz davam edir. Həmişə bir yerdə olduq. Bir-birimizin ailə üzvlərini tanıdıq. Sədaqət əslən Bərdədən idi. Hətta rayon qəzetində istehsalat təcrübəsi keçmək üçün mən həmişə Bərdədə çıxan "Kommunizmi yolu” qəzetini seçərdim. Əslində biz üç dost idik: Şükufə, Sədaqət və mən. Sədaqətin atası Həbib dayı da, anası Həvva xala da çox mehriban, qonaq sevər insanlar idilər. Onlara qonaq gələndə elə sevinərdilər ki, bizi doğma balaları kimi əzizləyərdilər. Sədaqətin özündən bir-neçə yaş böyük Şahin adlı qardaşı vardı. O da pedaqoji institutda qiyabi təhsil alırdı. Gözəl təbi vardı. Şeirləri mətbuatda dərc edilərdi. Hələ o dövrdə Aşıq Şəmşirlə, eləcə də Bəxtiyar Vahabzadə, Tofiq Bayram, Mir Mehdi Seyidzadə, Əhməd Ənvər kimi şairlərlə görüşər, onlardan məsləhət alardı. Özünəməxsus yazı üslubu vardı. Amma acılar olsun, Şahin bir gün maşın qəzasına düşdü, başından ağır zərbə aldı. Bununla da həyatının normal sahmanı pozuldu. Ünvanı xəstəxanalar, müxtəlif müalicə ocaqları oldu. Şəfa ondan uzaq düşmüşdü…
Dəyişməyən bircə Şahinin ilhamı idi. Gecə-gündüz yazırdı. Bilmirəm nədən, bəlkə də hansısa bir talesizliyə görə Sədaqət - o gözəl qələm sahibi mətbuata gəlmədi. Eləcə, ömrü boyu nəşriyyatda çalışdı. Balalarını böyütdü, Şahinin qayğılarını çəkdi. Günlərin birində Şahin tələb etdi ki, onu Ağdamdakı xəstəxanaya aparsınlar. "Bezdim burdan, Qarabağ havası almaq istəyirəm” söyləmişdi. Bu o zamanlar idi ki, qonşularımız - namərd ermənilər torpaq iddiasına başlamışdılar. Daşnakların atdıqları mərmi bir gün Şahinin müalicə olunduğu xəstəxanaya düşdü. Beləcə, cavan bir şairin yeganə yaşam bağı olan ilhamı da söndü, həyat çırağı da…
Bu günlərdə Sədaqət mənə Şahinin çapa hazırlanan "Atəşlə doludur küllərim mənim” adlı seirlər kitabının əlyazmasını verdi: "Bəlkə bir nəzər salasan…” dedi. Bu, adicə kitab yox, elə özü boyda atəş idi, bağrım alışdı. Hiss etdim ki, bu nakam taleli, amma istedadlı qələm sahibi haqqında nəsə yazmalıyam, yoxsa özümü bağışlaya bilməzdim. Əgər Şahin yaşasaydı, kim bilir hansı zirvələri fəth edəcəkdi.
Şahin Bərdəlinin mövzuları həyatın, təbiətin rənglərinə bənzəyirdi. Bu müxtəlifliyin, rəngarəngliyin içindəki səmimiyyət, təbiilik, ifadə mükəmməlliyi, könül çırpıntısı, aydınlıq oxucunu valeh etməyə bilməzdi. Hələ 17-18 yaşında görün ana barəsində hansı mətləbləri poetik şəkildə bəyan edirdi:
Deyirəm dünyada bütün qanunlar,
Ananın əliylə yazılaydı kaş,
Olmazdı qırğınlar, ahlar, amanlar,
İnsan səadətə olardı sirdaş!
Sədaqət böyük ürək ağrısı, amma dərin məhəbbət və etibarla Şahini oxucuya belə təqdim edir: "Bir vaxt Bərdə əhlinin adı dillərdə gəzən sevimlisi, ədəbi mühitinin, şeir yığıncaqlarının bəzəyi olmuş, həyatının çiçəklənən bir vaxtında dünyasını dəyişmiş qardaşım Şahinin şeirlərini çap etdirib oxucuya çatdırmaq – bu, mənim ən böyük arzum, həyat idealım olub”. Bu, bir xiffətli bacının içindən gələn nisgilli arzusudur. Şahinin 14 yaşında yazdığı "Palıd” adlı şeirini oxuduqca, adamın içi oyulur, bu cür istedad və fikir sahibinin açmadan solan həyat güllərinə göynəməyə bilmirsən:
Palıdın kökünü ovdu yağışlar,
Lakin bərk dayandı, o yıxılmadı.
Yaşıl gövdəsini döydü dolu, qar,
Ondakı əzəmət heç yox olmadı.
Həmin yaşda yazdığı başqa bir şeirindən – "Bərdəm” adlı poetik qənaətindən nümunə:
Babam Nizaminin gur səsi səndə,
Anam Nüşabənin türbəsi səndə,
Palıddan yoğrulub torpağın, daşın,
Əyilməz ərlərin cərgəsi səndə.
Şahin xalq və klassik şeirimizin bütün formalarında, növlərində, janrlarında demək olar ki, poetik nümunələr yaradıb. Onun yazdıqlarının hamısını bir yerə toplasaq, mübaliğəsiz cildlər sıralanar. Bu külliyətin - gülüstanın içində bəzən zərif, zəif, solğun ləçəklər də ola bilər. Amma düşünəndə ki, bu şeirlərin çoxu müəllifin məktəbli, eləcə ağrılar içində qovurulduğu, həyatın zərbələrinə sinə gərdiyi vaxtlarında yazılıb, onda qara zülmətin işığa, günəşə qənim kəsilməsi səni ağrıtmaya bilmir. Şahin Bərdəli Hüseyn Cavidə həsr etdiyi şeirdə "Bülbülu susmayan sənət gülşənin əsrlər boyunca solmayacaqdı” deyir. Yaxud da, Mirzə Ələkbər Sabiri "Sənət vadisinin vüqarlı dağıdır” fikri ilə tərənnüm edir. "Könlümdə eşq adlı bir günəş yanırdı” deyən Şahinin lirik şeirləri də qəlbə təsirli və nidalıdır:
Günəşi görməyə torpaq gül açar,
Günəşlə qovuşsa torpaq kül olar,
Ən uzaq ulduza getsəm, yol olar,
Sən mənim əlçatmaz ehtiyacımsan…
Həqiqətən də, adamın ürəyi ağrıyır ki, qəlbi sevdalarla dolu olan bu istedadlı, bilikli, dərin düşüncəli, vətən eşqli gənc heç nədən yarımadı. Bütün arzuları doğulmamış, içindəcə boğuldu. Onun hər bir bölgəmizlə, eləcə də ayrı-ayrı şəhərlərimizlə bağlı şeirləri də çoxdur. "Ən gözəl dastanın sözüdür Bakı” deyən Şahinin milli kimliyi barəsində yazdığı qəzəl də özünün mətləb aydınlığı , vətəndaşlıq qayəsi ilə diqqəti çəkir:
Qanım bir türk qanıdır, şüarımı bilsin hamı,
İş, tərəqqi, hərəkət şerü-sənət, bir də vüqar!..
Mən bir daha tələbə dostum Sədaqət xanıma öz təşəkkürümü bildirirəm ki, nakam ömür sahibi Şahin Bərdəlinin söz çiçəklərinin solmağına rəvac verməyib, onları belə bir kitab şəkilində oxuculara çatdırır. Bu qədirbilənlik, etibarlıq insanın daxili zənginliyini əks etdirir. Belə məziyyətlərə malik olmaq çox təqdirəlayiq haldır. Unutmamaq, unudulmamaq deməkdir.
Ömrü yarıda qırılan bir insanın, şeirləri əlyazma şəkilində solan bir şairin, bir ailənin yeganə oğlunun, Qarabağ həsrətilə Ağdama qayıdıb, külə dönən bir şəhidin yad edilməsi mənəvi borcdur, rahatlıqdır... Bu rahatlığın içindəki xiffət isə əbədidir.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər