Nahid Abbaszadə: “Arxa-dayaqsız da inkişaf etmək, uğur qazanmaq mümkündür”
Gələcək gənclərlə
gələcək deyə bir deyim var. Hər nə qədər pafoslu və böyük səslənsə də həqiqətən
belədir. Bu günün gəncləri dünyanın müxtəlif ölkələrinə inteqrasiya ediblər. Onlar
getdikləri torpaqlara ürəklərində kiçik bir Azərbaycan aparıblar. Bir çox
gənclərimiz dünyanın müxtəlif ölkələrində təhsil alır və öz təcrübələrini
genişləndirirlər. Əslində bir ölkə olaraq bu bizim qazancımızdır. Bu gün sizə təqdim
edəcəyim müsahibim Nahid Abbaszadə də onlardandır. Nahid nə okeanın o biri
tayına, nə də Avropa məmləkətlərinin birinə gedib, o elə qonşu-qardaş Türkiyədə
aktyorluq və rejissorluq edir, teatr səhnələrində çıxışları ilə tamaşaçı
sevgisini qazanmağa çalışır.
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Nahid bizimlə
söhbətində bildirdi ki, o Universitet illərində
Ramiz Əzizbəyli, Valeh Kərimov, İlham Namiq Kamal, Vidadi Həsənov, Pərviz
Məmmədrzayev, Ötkəm İsgəndərov, Könül Axundova, Məmməd Səfa və başqa çox
dəyərli sənətkarlarımızın tələbəsi olub və bu sənətin sirlərini onlardan
öyrənib. Onların təcrübələrindən
yararlanıb.
N.Abbaszadə
1991-ci ildə Qazax rayonunda anadan olub. 2000-ci ilə qədər Qazaxda yaşayıb.
Daha sonra ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə köçüblər. Atası
zərgər kimi işini Türkiyədə davam etdirib. Ailə 2007-ci ildə Azərbaycana geri
qayıdıb. 2009-cu ildə Nahid dahi şairimiz Səməd Vurğunun da təhsil aldığı Qazax
şəhər 4 saylı orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olan Nahid
2013-cü ildə burada təhsilini başa vurub.
- Türkiyəyə təhsil almaq üçünmü getdiniz?
- Bəli, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetini bitirdikdən sonra əsas hədəfim Türkiyədə təhsilimi
davam etdirmək, eyni zamanda orda yaşamaq, çalışmaq idi. Türkiyənin İstanbul şəhərində yerləşən "Sadri Alışık Akadmeyası”na
qəbul olub, təhsilimi davam etdirdim. Burada
da öz peşələrinin zirvəsində olan insanlardan - Kərəm Alışık, Şakir
Gürzumar, Alpaslan Karaduman, Yasin Usludur, Gülcə Uğurlu, Tolqa Çiftçi,
Mustafa Sancak kimi sənətkarlardan təhsil aldım. Bildiklərimin
üzərinə onların təcrübələrini də əlavə etdim. Bura mənim üçün ikinci vətənim
kimidir. İstanbul mənə yad bir ölkə deyil. Uşaqlığım burada keçib deyə hər
zaman İstanbulu öz ölkəm kimi sevmişəm. Özümü yad bir məmləkətdə hesab etmirəm.
Ancaq doğulduğum torpaqları da unutmamışam. Azərbaycan mənim doğma diyarımdır.
- Türkiyə teatrlarında hansı proseslər gedir?
Sistem olaraq hansı sistemdən yararlanırlar?
- Teatr canlı
sənət olaraq öz aktuallığını qoruyub saxlayıb. Burada da yaradıcı proseslər
gedir, gənclər teatra cəlb olunur, klassik əsərlər səhnə həllini tapır.
Proseslər demək olar ki, bizim teatrlardakı ilə eynidir. Mən hər iki ölkənin
təhsil və teatr prosesində böyük fərq görmürəm. Hər iki ölkədə sənətə, sənətkara
böyük dəyər verilir. Nəinki Türkiyədə, bu, dünyanın hər yerində belədir. Türk
teatrları da bizim teatr sistemimiz kimi Stanislavski sistemindən bəhrələnirlər.
Bertolt Brext və teatr tarixində öz dəsti xəttini qoyub gedən başqa dəyərli
şəxsiyyətlərin qoyduğu sistemlərdən geniş faydalanırlar. Ancaq özlərinin də
əlavə qatqıları az olmur. Bilirsiniz ki,
müasir dövrdür, indi tamaşaçılar səhnədə klassika ilə yanaşı müasir yanaşma da
görmək istəyir. Bu baxımdan rejissorlar klassik əsərləri səhnələşdirərkən belə
onlara öz yanaşmalarını və müasir səhnə həllini də əlavə edirlər. Belə olan
halda tamaşaçı öz maraq dairəsini genişləndirir.
- Bəzən biz teatrlarımızın tamaşaçı qıtlığından şikayət edirik. Bəs
Türkiyədə necə, serialları kimi tamaşaları da sevilib, izlənilirmi?
- Düzdür,
burada film və serial sektoru yaxşı inkişaf edib. Hətta beynəlxalq arenada türk
film və serialları ən çox tanınan, inkişaf edən sektorlardan biridir. Bizim
ölkədən fərqli olaraq burda teatr sevərlər çoxdur. Yəqin ki, bunun səbəbi də
buradakı əhalinin çoxluğundadır. Bizim əhalimizin sayı 9 milyondursa, Türkiyə
Cümhuriyyətinin əhalisi 80 milyona yaxındır. Təbii ki, onlarda teatra gedən çox
olacaq. Teatrlar da çoxdur, həm özəl, həm də dövlət teatrları mövcuddur. Gənclər,
orta nəslin nümayəndələri istənilən teatrda hər hansı yeni tamaşa səhnəyə
qoyulubsa ona baxmağa can atırlar. Bu onlara
maraqlı gəlir.
- Çalışdığınız Sadri Alışık Teatırı ilə
tanışlığınız necə yaranıb?
- 2016-cı ildə İnternetdə
"Sadri Alışık Akadmeyası”nın qəbul elanını
gördüm. Və öz CV-mi hazırlayıb onlara göndərdim. Bir neçə gündən sonra
CV-min qəbul olunduğu cavabını aldım. Təhsil almaq üçün şans əldə etdim və
təhsilimi bitirdikdən sonra həmin akademiyanın teatrında çalışmaq üçün imtahan
verdim. Bu imtahandan uğurlu nəticə əldə
etmək heç də asan olmadı. 60 nəfərin müraciət etdiyi imtahandan cəmi 3 nəfər
onların aktyor heyətinə keçə bildi və o 3 nəfərdən biri də mən oldum.
Qeyd edim ki,
çalışdığım teatrın müdiri də elə Türkiyənin dövlət sənətçisi olan Sadri
Alışıkın oğlu aktyor Kerem Alışıktdır. Böyük bir komandamız var və davamlı
olaraq yeni tamaşalar üzərində çalışırıq.
- Bu teatrda necə tamaşalar hazırlanır?
- Repertuar rəngarəngdir. Sizə onu deyə bilərəm
ki, aktyor kimi çalışdığım teatrda
möhtəşəm musiqili tamaşa səhnələşdirdik. Bu tamaşa ilə Türkiyənin ən gözəl səhnələrində
çıxışlarımız oldu. Turgut Özakmanın ssenariləşdirdiyi, dövlət sənətçisi Şakir
Gürzumarın rejissoru olduğu "Bir Şehnaz” tamaşasını təhvil verdik. Tamaşada baş rollardan bir olan Müştak bəy
obrazını mən canlandırdım.
- Ötən ay sizin "El” filminizin müsabiqələrin birində qalib olması
xəbərini eşitdik.
- Bəli, yanvarın
17-də Türkiyədə Sabancı Vəqfi tərəfindən keçirilən 2-ci "Qısa filmin uzun
təsiri” adlı film yarışması keçirildi. Müsabiqədə 395 film mübarizə
aparırdı. "El” adlanan filmim ilə finala vəsiqə qazandım. Final
gecəsində isə 15 film arasında yer alan "El” filmi xüsusi mükafata layiq
görüldü.Mənə mükafatı Nuri Bilge Ceylanın çəkdiyi filmlərin prodüseri olan
Zeynep Atakan təqdim etdi. Sözün düzü bir azərbaycanlı olaraq belə dəyərli bir
müsabiqədə yer tutmaq və mükafata layiq görülmək məni qürurlandırdı. 2 ildir ki,
Türkiyədə yaşayıram və bu 2 il ərzində dayanmadan çalışıram.
Addım-addım hədəfimə doğru irəliləyirəm. İnşallah Allah
utandırmaz. Aldığım mükafatın bütün gənclərimizə stimul olacağına ümid
edirəm.
Yeni qədəm
qoyduğumuz 2018-ci il mənə çox uğurlu
gəldi. Təzə ilin ilk günlərindən bir çox layihələrə başlamışam. Mən buradan öz
gənclərimizə səslənmək istəyirəm ki, insan nə əldə edirsə öz əziyyəti və
zəhməti ilə əldə edir. Çox zaman
deyirlər ki, kimsə qabağa gedirsə mütləq onun arxasında dayanan və maddi olaraq
dəstək göstərən biri var. Ancaq elə deyil, arxa-dayaqsız da inkişaf etmək, uğur qazanmaq mümkündür. Yetər ki, bunu
ürəkdən istəsin və ona doğru can atsın. Gerisi onsuz da gələcək. Siz bir cəhd
edin. İnsan həyatda heç nəyə əziyyətsiz nail olmur.
Xəyalə Rəis