• çərşənbə axşamı, 23 aprel, 13:24
  • Baku Bakı 24°C

Naftalana gələn xarici turistlərin sayı artır

05.07.16 12:47 1827
Naftalana gələn xarici turistlərin sayı artır
İyulun 2-3-də media və turizm nümayəndələri üçün "Ata Travel”, "Synergy Group” və Termal və Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı ilə Naftalanda yerləşən "Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzinə iki günlük info-tur təşkil edildi. İnfo-turun təşkil edilməsində əsas məqsəd sözügedən məkanın turizm potensialının tanıdılması və ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ edilməsi idi. Əvvəlcə iştirakçılara mərkəzdə turistlər üçün yaradılmış müxtəlif imkanlar və orijinal müalicə prosedurları barədə ətraflı məlumat verildi. Bildirildi ki, kompleks tibb və hotel bölməsindən ibarətdir. Tibb bölməsində poliklinika, diaqnostika, fizioterapiya və SPA mərkəzləri fəaliyyət göstərir. Poliklinikada terapiya, nevrologiya, kardiologiya, dermatologiya, dietologiya, ginekologiya, urologiya, qulaq-burun-boğaz və stomatologiya otağı var. Naftalan müalicəsi üçün kompleksə müraciət edənlər əvvəlcə poliklinikada müayinədən keçirilir, pasientdə Naftalan müalicəsi zamanı əks reaksiyanın olub-olmayacağı müəyyənləşdirilir. Kompleksin diaqnostika mərkəzi isə texniki imkanlarına görə ən müasir avadanlıqlarla təchiz edilib. Burada rəqəmli rentgenoqrafiya, flüoroskopiya, ultrasəs müayinəsi, exo doppler, tibbi laboratoriya otaqları var. Fizioterapiya mərkəzində Naftalan, elektro, lazer, ultrasəs, maqnito, şok dalğa və hidro terapiya, həmçinin tibbi masaj, traksiya, müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan terapiya şöbəsində 28 ədəd Naftalan vannası var. Bu vannalar 36-38 dərəcəli Naftalan nefti ilə doldurulur və pasientlər vanna otaqlarına həkim nəzarəti altında daxil olurlar. Pasient 10 dəqiqə vannada qaldıqdan sonra çıxıb təmizlənir. Vanna qəbul olunarkən əks-reaksiya hiss edilərsə, çağırış düyməsini basmaq lazımdır. Ümumilikdə isə Naftalan nefti ilə normal müalicə kursu 21 gündür və bu müddət ərzində 12-14 dəfə vanna qəbul etmək tələb olunur. Bu müalicə növü hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə edir. Onu da qeyd edək ki, kompleks 20 hektar ərazidə yerləşir və ətrafda ağaclıq, qonaqların dincəlmələri və əylənmələri üçün gəzinti yolları, skamyalar, idman meydançası, uşaq oyun parkı var. Burada hazırda 170 nəfər işçi çalışır. Hoteldə rusca, ingiliscə, almanca, ərəbcə, fransızca və tay dilində danışa bilən işçilər var.

Qeyd edək ki, info-turdan sonra hotelin fəaliyyət imkanlarına həsr olunmuş mətbuat konfransı keçirildi. "Chinar Hotel & Spa”nın baş meneceri Turqay Ari dedi ki, hotel 2011-ci ilin fevralında yeni təmirdən çıxıb və fəaliyyətə başlayıb: "Artıq 5 ildir ki, bu sahədə xidmət göstəririk. Orta hesabla, ildə 10 min turist qəbul edirik. İndiyə qədər ümumilikdə 50 min turist qəbul etmişik. İldən-ilə bu rəqəm artır. Artıq Azərbaycanın sağlamlıq turizmində güclü mövqeyə sahibik və bu mövqeyimizi daha da gücləndirməyi, daha çox turisti qəbul etməyi qarşıya məqsəd qoymuşuq. Bu baxımdan, bir çox yeniliklər və kampaniyalar həyata keçiririk ki, bu da daha çox turist cəlb etməyə şərait yaradır. İstirahət və sağlamlıq mərkəzinə daha çox turist cəlb etmək üçün cəlbedici paketlər təklif edilir. Məsələn, iki həftəlik paket, müalicə ilə yanaşı gündə 3 dəfə yeməyi də əlavə etməklə 59 manat təşkil edir”.

Termal və Müalicəvi Turizm Assosiasiyasının rəhbəri Ruslan Quliyev qeyd etdi ki, son illərdə Azərbaycan turizminin tanıdılmasında medianın rolu böyükdür: "Media turizm sahəsində baş verən yenilikləri və problemləri qabardır, müzakirəyə çıxarır, cəmiyyəti və müvafiq qurumları məlumatlandırır. Həmçinin ölkə prezidenti tərəfindən turizmin inkişafını şərtləndirən müxtəlif fərman və qərarların verilməsi də sözügedən sahədə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olmaqdadır. Son dövrlər bir sıra qurumlar da turizmin inkişafına ciddi töhfə verirlər. Xüsusən, "AtaHolding” və "Ata Travel” ölkə turizminin inkişafına, xarici turizmin rentabellik qazanmasına önəmli töhfələr verməkdədirlər. Onu da deyim ki, Qərb, Türkiyə və körfəz ölkələrində Naftalanın tanıdılması üçün işlər gücləndirilir. Məqsəd rəqabət qabiliyyətli turizm məhsullarını çox satmaqla bu sahədə öncül olmaqdır. Düşünürəm ki, bir sıra güzəştlərin, güzəştli vergi siyasətinin tətbiq edilməsi də zəruridir”.

Naftalan rayon mədəniyyət şöbəsinin müdiri Zöhrab Adıgözəlov isə bildirdi ki, Bakıdan 330 km məsafədə yerləşən Naftalanda 2017-ci ildən hava limanının təmirinə başlanacaq: "Gəncədəki hava limanından bura məsafə yaxındır. 10 min nəfərlik kurort şəhəri olan Naftalanın sovet dönəmindəki şöhrətini qaytarmağı və daha da artırmağı qarşıya məqsəd qoymuşuq. Nəzərə çatdıraq ki, ötən il Naftalana 20 min turist gəlib və onlardan 4800-ü xarici turist olub. Bu ilin 5 ayında isə 5000 turist gəlib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1200 nəfərlik artım var. Bu ilin 5 ayı ərzində gələn turistlərdən 900 nəfərə qədəri xarici turist olub”.
"AtaHolding” Şirkətlər Qrupunun Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova isə bildirdi ki, təmsil etdiyi şirkət və "AtaTravel” daim Azərbaycan turizminin inkişafına dəstək olur: "Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün xarici ölkələrdən ölkəmizə info-turlar təşkil edirik, həmçinin xarici ölkələrə info-turlar həyata keçiririk. Bundan sonra da bu sahədə tədbirlərimizi intensivləşdirməyi planlaşdırırıq”.





Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər