• şənbə, 20 Aprel, 04:46
  • Baku Bakı 15°C

Naftalan, Duzdağ, Qalaaltı, İstisu

07.06.17 10:30 3841
Naftalan, Duzdağ, Qalaaltı, İstisu
Termal turizm deyəndə ilk növbədə Türkiyə, Rusiya, Çexiya, Macarıstan, İsveçrə, Almaniya, Sloveniya və s. ölkələrin adı dillərdə dolaşan müalicəvi sanatoriyaları, termal su mənbələri yada düşür. Dünyanın 50-dən çox ölkəsində rast gəlinən termal sulardan yararlanmaq üçün insanlar ayrı-ayrı qitələrdən bu yerlərə üz tuturlar. Statistikaya inansaq, hər il termal turizm məqsədi ilə Almaniya və Macarıstana 10 milyon, İsveçrəyə 800 min, İspaniyaya 500 min, Rusiyaya 8 milyon, Fransaya 1 milyona yaxın, Yaponiyanın Beppu şəhərinə 12-13 milyon nəfər səyahət edir.
O cümlədən, azərbaycanlılar da termal obyektlərdən istifadə edən turistlər sırasında öncüllük təşkil edir. Hələ sovet dövründən Kislovodsk, Yessentuki, Yalta, Soçi kimi şəhərlərə demək olar ki, sağlamlığının qayğısına qalan hər bir azərbaycanlı yol alıb. Son dövrlər isə bu sıyahıya Türkiyənin termal şəhərləri, o cümlədən bir çox Avropa ölkələrinin bu tip müalicəvi mərkəzləri əlavə edilib. Bizim insanlar üçün qonşu Türkiyə termal obyektlər baxımından ən çox üz tutulan ölkələrdəndir. Ancaq sağlamlıq turizminə üstünlük verən insanlarımız çox vaxt münbit coğrafi şəraitə və iqlimə malik ölkəmizdə eyni müalicəvi əhəmiyyəti və az qala əl uzadılsa çatacaq qədər məsafəsi olan termal obyektlərdən xəbərsizdirlər. Azərbaycan vətəndaşları Abşeron yarımadası, Böyük Qafqaz, Xəzəryanı-Quba, Kür çökəkliyi, Kiçik Qafqaz, Lənkəran dağətəyi düzənliyi, Cəlilabad, Şamaxı-Qobustan, Acınohur, Kür, İori çayları və Naxçıvan hidrotermik rayonlarında yer alan termal ocaqlardan, onların xidmətinin hansı səviyyədə olmasından bixəbər halda müalicəni xaricdə axtarırlar. Çoxları bilmir ki, Qalaaltı termal su mənbələri dünyada məşhur təbii müalicə vasitəsi sayılır. Bu termal mənbələrdən qaraciyər, öd yolları iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir.Böyük Qafqazın ətəklərində,dənizsəviyyəsindən 700 metr yüksəklikdə yerləşən "Qalaaltı” sanatoriyası 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerlilər müalicə əhəmiyyətli bu suya "Naftsu”, yəni neftli su deyirlər. "Naftsu” kəskin qoxusu və dadı ilə seçilir.
Eləcə də Naxçıvanda fəaliyyət göstərən Darıdağ Arsenli Su Müalicəxanası bir çox xəstəliklərin sağalmasında mühüm əhəmiyyətə malikdir.Burada 32 kəşfiyyat quyusu və 5 bulaqdan ibarət olan arsenli su Darıdağ suyu, karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. O cümlədən, cənub bölgəsində - Lənkəran, Masallı və Astarada isti su mənbələri var. Revmatizm, oynaq ağrıları, böyrək, qaraciyər, sonsuzluq, göbələk və s. kimi xəstəliklərin müalicəsində faydalı sayılan bu ocaqlara daha çox bölgə əhalisi tərəfindən üz tutulur. Çox vaxt da infrastrukturun yoxluğu, xidmət səviyyəsinin aşağı olması üzündən insanlar dərdlərinin dərmanını başqa ölkələrdə axtarmalı olurlar. O cümlədən, bu termal obyektlərə xarici ölkələrdən turist cəlb edilməsi vacib amillərdəndir. Belə ki, ölkəmizdə termal suların olduğu müalicə ocaqları fəaliyyət göstərsə də, onların çoxu beynəlxalq səviyyədə tanınmayıb. Bu amilin həm turizmin, həm də ölkə iqtisadiyyatının inkişafına səbəb ola bilmə əhəmiyyətini isə xüsusən hazırkı dönəmdə dəyərləndirməyə ehtiyac var.
İmkanları təbliğ və təqdim etmək
Son illər ölkədə sahənin inkişafına hesablanan addımların atılması, o cümlədən Termal və Sağlamlıq Turizm Assosiasiyasının yaradılması bu istiqamətdə inkişafa səbəb olmaq, təbliğat aparmaq məqsədi daşısa da, hələlik ciddi irəliləyişdən danışmaq olmaz. Ekspertlər termal turizminin inkişafı istiqamətində çox işlərin görülməsinə ehtiyac olduğunu desələr də, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov ölkədə nəinki sağlamlıq turizminin imkanlarının kifayət qədər geniş olduğunu, həmçinin turizmin bu sahəsinin artıq tanındığını deyir: "Xüsusən sovetlər dönəmində ölkəmizdə turizm imkanlarından geniş istifadə olunub. O zaman ittifaq daxilində çoxsaylı turist səfərləri Azərbaycana təşkil olunub. Bu ənənənin davamı olaraq müstəqillik dönəmində, xüsusən son illərdə ölkədə sağlamlıq turizminin infrastrukturu inkişaf etməkdədir”. Ölkə başçısının təsdiq etdiyi ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsində də sağlamlıq turizminin imkanlarının inkişaf etdirilməsi və prioritet istiqamətlər üzrə təbliğ olunmasının qarşıya məqsəd kimi qoyulduğunu deyən nazirlik rəsmisi bu istiqamətdə müəyyən işlərin görüldüyünü deyir. Xüsusən Naftalan, Qalaaltı, Duzdağ və Qəbələdəki termal mərkəzlər, həmçinin ölkənin müxtəlif regionlarında istisu mənbələrinin tanıdılması istiqamətində addımlar atılır. Hal-hazırda Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə bu sahədə müvafiq işlər aparır. Eyni zamanda, sağlamlıq turizminin mənbələrinin Avropada və dünyanın müxtəlif ölkələrində yerləşən assosiasiyalarla iş birliyində çalışaraq onların sertifikatlarının alınması, təbliğatı və tanıdılması istiqamətində işlər aparılır. Nazirlik rəsmisinin dediyinə görə, qurumun "Qalaaltı”nın Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi ilə bağlı uzun müddətdən bəri apardığı iş müsbət nəticəsini verib. "Qalaaltı” Assosiasiyaya üzv seçilərək qurumun beynəlxalq mədəni turizm marşrutuna qoşulub: "Bu üzvlük çərçivəsində onların bizim təbliğat maşınında, Ümumdünya Turizm Təşkilatının bayrağı altında keçirilən bütün sərgilərdə yayımlanan rəsmi kataloqlarda "Qalaalt”ı da artıq öz yerini tapıb. 2018-ci ildə həmin təşkilatın baş konfransının məhz Qalaaltıda keçirilməsi nəzərdə tutulub”. Nazirlik rəsmisi həmçinin Naftalan sanatoriyasının, burada yerləşən otellərin dünyaya tanıdılması istiqamətində müvafiq işlər aparıldığını deyir: "Bütün bu termal imkanlar MDB ölkələrində məşhurdur. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və s. ölkələrdən bu sanatoriyalara, xüsusən Duzdağa çoxlu turist səfərləri təşkil edilir. Azərbaycan hər bir ölkənin turistinə turizm imkanı təqdim etməyə malikdir. Bunun üçün də prioritet istiqamətlər gələn turistlərə həm imkanları təbliğ etmək, həm də təqdim etməkdir».
Yalnız infrastruktur yaradılandan sonra
Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə bu sahədə problemlərin mövcudluğunu gizlətmir: "Termal turizm sahəsini inkişaf etdirmək üçün infrastruktur yaradılmalıdır. Yəni həmin mineral su mənbələrinin yanında otellər, yollar qurulmalı, kommunal xidmətləri təmin edən amillər formalaşmalıdır. O cümlədən, Masallıda, Lənkəranda istisu mənbələri var. Ancaq həmin ərazilərdə o səviyyədə infrastruktur yaradılmayıb ki, turistləri cəlb etsin. Yalnız infrastruktur yaradılandan sonra ölkəmizdə bu sahənin inkişafından danışmaq, həmçinin həm MDB ölkələri arasında, həm də beynəlxalq səviyyədə öz termal turizmimizi təklif edə bilərik»
Ölkəmizdə müalicə məqsədilə turistlərin ən çox Naftalan sanatoriyasına üz tutduqlarını deyən ekspert həmçinin "Qalaaltı Hotel & SPA” kompleksinin son illər xeyli tanındığını bildirir: "Naxçıvandakı Duzdağ da bu baxımdan turistlərin diqqətini cəlb edir. Azərbaycanın təbiəti, coğrafi şəraiti, mineral suları ölkəmizdə sağlamlıq turizmini inkişaf etdirmək üçün geniş imkanlar açır”. İnsanların çoxunun Karlovı Varı, Mineralnıye vodı, Truskaves kimi müalicə mərkəzlərinə getməsinə isə ekspert həmin ərazilərdəki su mənbələrinin bizim ölkəmizdən fərqli olması ilə izah edir: «Elə termal məkanlar var ki, bizim ölkəmizdə yoxdur. Ancaq biz ölkəmizdə həmin ərazilərdə olmayan su mənbələri üçün infrastruktur yaradılarsa o ölkələrin turistini qəbul edə bilərik”. Ölkəmizdə İstisu, Kükürd su mənbələri, palçıq vannalarının olduğunu deyən M.Ağakərimov bu mənbələrdən geniş istifadənin vacibliyini bildirir: "Bu, həm turizm sektorunun, həm də ölkə iqtisadiyyatının inkişafına dəstək olar. Sadəcə, bu sahələrin hamısına lazımi investisiya qoyulmalıdır. Həmçinin sonra bu yerlərin necə gəlir gətirəcəyi barədə biznes planlar hazırlanmalıdır ki, həm xarici, həm də yerli investorları cəlb etmək olsun. Çox təəssüf ki, Azərbaycan kimi təbiəti zəngin bir ölkədə biz bu potensialın çox cüzi hissəsindən istifadə edirik. Bu sahədə çoxlu işlər görülməlidir. Bu sektorun inkişafı həm ölkəmizi tanıdar, həm də büdcəmizə xeyir gətirər».
Turizmin inkişafının həm də reklamdan asılı olduğunu nəzərə alsaq, bu sahədə problemlərin olduğu da istisna deyil. Belə ki, bizdə bu sahəyə o qədər də diqqət yetirilmir. Olsa-olsa turizm şirkətlərinin pul qazanmağa hesablanan elanları ilə rastlaşmaq olur. Məsələn, Qalaaltı, Masallı, Lənkəran və ya Naxçıvandakı Duzdağı reklam edən broşürlərə, videoçarxlara və ya bukletlərə rast gəlinmir. Üstəlik ölkəmizə səfər edən turistlərə bu müalicə mərkəzləri haqqında məlumat verilməlidir ki, onlar termal müalicə ocaqlarının yolunu tanısınlar. Yəni təkcə paytaxtın və ya rayonlarımızın tarixi məkanlarına səfər etməklə, qədim ənənələrimizlə, milli mətbəximizlə tanış olmaqla bərabər turizmin müalicəvi sahəsinin də mövcud olduğundan xəbərdar olsunlar. Amma bir şərtlə - infrastruktur turistlərin tələblərinə cavab verəndən sonra...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər