Nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi
Son 14 il ərzində
ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində bir sıra mühüm
qərarlar qəbul edilib. Məqsəd ödəniş sistemində mövcud vəziyyəti əsaslı şəkildə
dəyişdirmək və bu sahədəki durumu inkişaf etmiş ölkələrdə formalaşmış səviyyəyə
çatdırmaqdır.
Nağdsız ödənişlər
sahəsində mühüm addım Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 dekabr
tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Milli Ödəniş
Sisteminin İnkişafı üzrə 2005-2007- ci illər üçün Dövlət Proqramı” və
"Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində
əlavə tədbirlər haqqında” 2005-ci il 22 noyabr tarixli sərəncamı ilə atıldı.
2016-cı ilin dekabr
ayında qəbul edilən və 2017-ci il yanvar ayının 1-dən qüvvəyə minən "Nağdsız
hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu” isə bu sahədə yeni
bir dönüşün başlanğıcını qoydu. Qəbul edilmiş bu qərarların və ötən ilin
əvvəlindən tətbiq edilən "Nağdsız hesablaşmalar haqqında Qanun”un məntiqi
nəticəsi bundan ibarət oldu ki, 2017-ci ildə ölkədə Milli Ödəniş Sistemi
vasitəsilə aparılan nağdsız hesablaşmaların həcmi son 5 illə müqaisədə 77 faizə
qədər artdı.
Keçən ilin sonlarında
Prezidenti cənab İlham Əliyev "2018–2020-ci illərdə Azərbaycan Respublikasında
rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Bu
vacib sənəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli
fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və
informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə
rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin
icrası məqsədilə hazırlanmışdır.
Hər bir proqramda
olduğu kimi, rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında da
strateji hədəflər müəyyən olunub. Buraya, ilk növbədə vətəndaş, biznes
subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli
genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və bu hesaba
bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi kimi zəruri
hədəflər daxildir.
Bu gün ölkənin bank
sektorunun canlandırılması və bu məqsədlə bankların resurs imkanlarının
genişləndirilməsi yolu ilə onların maliyyə vəziyyətinin sabitləşdirilməsi
olduqca mühüm əhəmiyyət kəsb edir. Son bir neçə il ərzində, xüsusilə milli
valyutamızın 2015-ci ildəki kəskin devalvasiyasından sonra bank sektorunda
durum bir xeyli ağırlaşıb. Bunun məntiqi nəticəsidir ki, bir neçə il ərzində
ölkədə 11 bank bağlanıb. Hazırda da bir sıra bankların maliyyə durumu ürəkaçan
deyil.
Bank sektorunda ciddi
islahatlar bu sahədə vəziyyəti tənzimləməyin yeganə doğru yoldur. Elə bu
səbəbdəndir ki, dövlət bank sektorunun dirçəldilməsi və bu sektorun
fəaliyyətinin ölkədə aparılan iqtisadi islahatlar səviyyəsində qurulması üçün
ən zəruri addımlar atır. Hökumət postneft dönəmində bankların normal durumda
olmasının fərqindədir və bu məqsədlə onlara hərtərəfli dəstək verir.
Hazırda banklar
resurs imkanlarını genişləndirərək ölkə iqtisadiyyatının real sektoruna üz
tuturlar. Onu da vurğulamaq lazımdır ki, bunun həm iqtisadiyyatımız, həm də
banklarımız üçün başqa alternativi yoxdur. Bəlli dünya təcrübəsi var: biznes
aləmi öz fəaliyyətində bir qayda olaraq şəxsi vəsaitlərdən daha çox, cəlb
edilən vəsaitlərə üstünlük verir. Bu səbəbdən də hökumət nağdsız
hesablaşmaların daha da genişləndirilməsini nəzərdə tutan son proqramda
bankların resurs imkanlarının genişləndirilməsini hədəfləyib. Bu imkanlar
genişləndikcə banklar iqtisadiyyata real yatırımlar edə biləcəklər.
Azərbaycanda
iqtisadiyyatın nağdsızlaşdırılması biznes sferasında fəaliyyətin tam
şəffaflaşdırılmasını və eyni zamanda, vergidənyayınma hallarının aradan
qaldırılmasını nəzərdə tutur. Bu olduqca mühüm bir məqamdır. Hesablaşmaların
nağd qaydada aparılması vergidən yayınmaq üçün münbit mühitin mövcud olması
deməkdir. Bu səbəbdən də haqqında danışdığımız proqramda hesablaşmaların
nağdsız formasına keçməklə vergi islahatlarının da davamlı aparılmasını nəzərdə
tutan müddəalar var. Sənədin müvafiq bəndində 2020-ci ilə qədər sadələşdirilmiş
vergi sisteminin tədricən əlavə dəyər vergisi sistemi ilə əvəzlənməsi nəzərdə
tutulur.
Bu məqsədlə
təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi sistemindən ƏDV sisteminə
mərhələli keçid mexanizmi hazırlanacaqdır. Müxtəlif sektorlar və ölçüsündən
asılı olaraq təsərrüfat subyektləri üçün mərhələli yanaşma planı tərtib
ediləcəkdir. Keçiddən sonra isə əlavə dəyər vergisinin müəssisə və
təşkilatların fəaliyyət istiqamətləri və xüsusiyyətləri nəzərə alınmaqla
diferensiallaşdırılması məsələsinə baxılacaqdır.
Proqramda ölkədə
biznes fəaliyyətinin şəffaflığını təmin edəcək ən mühüm addımlardan biri isə
vahid mühasibatlıq sisteminə keçid və elektron mühasibatlığın genişləndirilməsi
üzrə tədbirlərin nəzərdə tutulmasıdır. Bu da öz növbəsində biznes mühitinin
daha da şəffaflaşdırılması və vergi sisteminin təkmilləşdirilməsi üçün olduqca
vacib məsələdir.
Bir sözlə, ölkə
iqtisadiyyatının nağdsızlaşdırılması nəticə etibarilə iqtisadiyyatda şəffaflığı
təmin etməklə yanaşı, biznes mühitinin əsaslı şəkildə yaxşılaşdırılmasına, onun
daha münbit bir səviyyəyə yüksəlməsinə geniş imkan açacaq. Bu addımlar, eyni
zamanda, kölgə ioqtisadiyyatının aradan qaldırılmasında və vergidən yayınma
hallarının qarşısının alınmasında mühüm rol oynayacaq.
Fikrət YUSİFOV,
iqtisad elmləri
doktoru, professor