• cümə, 19 Aprel, 10:58
  • Baku Bakı 13°C

Nağdsız hesablaşmalar dövlətə də sərfəlidir, vətəndaşa da

08.08.19 09:30 10857
Nağdsız hesablaşmalar dövlətə də sərfəlidir, vətəndaşa da
Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin manatla geniş pul kütləsində xüsusi çəkisi 2018-ci ilin əvvəlindəki 60,1 faizdən cari ilin iyun ayının sonuna 52,9 faizə enib ki, bu da şəffaflaşma və nağdsız ödənişlərin genişləndirilməsi nəticəsində mümkün olub. Trend-in məlumatına görə, bunu vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, iqtisadiyyatda leqallaşma prosesləri özünü aktiv vergi ödəyicilərinin, o cümlədən ƏDV ödəyicilərinin və aktiv obyektlərin sayında da büruzə verir. Cari ilin iyul ayının 1-nə ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, aktiv obyektlərin sayı isə 14 faiz artıb.
M.Cabbarov əlavə edib ki, "kölgə” iqtisadiyyatının miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur: "Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əmək haqlarının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi artıq mühüm fiskal nəticələr verməkdədir. Güzəştin tətbiqi nəticəsində cari ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələri sayının 75 faizini təşkil edir. Ən son məlumata görə, cari ilin 7 ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə qədər, o cümlədən qeyri-dövlət bölməsində 84 minə qədər artım olub”.
Bu azalmanın səbəbini və iqtisadiyyatın inkişafına necə təsir edəcəyini öyrənməyə çalışdıq.
İqtisadçı Elçin Bayramlı deyir ki, dövriyyədə pul kütləsi artarsa, istər-istəməz, bir qədər bahalaşma olar: "Hazırda manat möhkəmlənib və manatdan istifadəyə üstünlük verənlərin sayı artıb. Həmçinin vergi sahəsində şəffaflığın artmasının da təsiri olub. Üstəlik də, hökumət yeni emissiya etmək, yəni dövriyyəyə pul kütləsi buraxmaq istəyir. Belə ki, maaşların, pensiyaların və digər sosial ödənişlərin artması ilə bağlı dövriyyəyə yeni pul kütləsi daxil olacaq. Amma bu, cüzi şəkildə olsa da inflyasiya riski yarada bilər. Təbii ki, burada tələb-təklif məsələsi əsasdır. Onu qeyd edim ki, təklif tələbdən daha çoxdur. Hökumət pul kütləsini artırdığı halda, müəyyən qədər inflyasiya müşahidə oluna bilər. Bu da təbiidir, maliyyə əməliyyatlarının bir qanunudur. İnflyasiya riskinin qarşısını almaq üçün bəzi addımlar atılmalıdır. Hazırda ölkədə aktiv dövr hökm sürür, ərzağın, meyvə-tərəvəzin bolluğudur. Ona görə də inflyasiya elə də ciddi hiss olunmur. Amma üzü payıza doğru ola bilər müəyyən bahalaşma müşahidə edilsin. Hökumət bəzi maliyyə alətləri ilə bunun qarşısını ala bilər”.
İqtisadçı ekspert Ramin Rəhimov bildirir ki, Vergilər Nazirliyinin də əsas təşəbbüsü nağdsız hesablaşmalara əhalinin təşviq edilməsi və stimullaşdırılmasından ibarətdir və belə olan halda, vergidən yayınma halları azalır, şəffaf vergi siyasəti həyata keçirilir: "Yəqin ki, xatırlayırsınız, prezidentin nağdsız hesablaşmalar barədə fərmanı var idi. Elə həmin fərmanın qüvvəyə minməsi və bu yaxınlarda da nağdsız hesablaşmaların artırılması ilə bağlı xüsusi tapşırığı oldu. Bundan irəli gələrək demək olar ki, əksər iri marketlər, mağazalar şəbəkələri, pərakəndə və topdan satış nöqtələri artıq nağdsız ödəmələr həyata keçirməyə başladı. Yəni, hansısa satış məntəqəsi alğı-satqı işini həyata keçirərkən bunu nağdsız qaydada həyata keçirir. Bu da nağdsız ödəmələrin həcmini genişləndirdi və artıq hər kəs başa düşməyə başladı ki, nağd yolla alış-veriş əməliyyatları çətinləşir. Dolayısı ilə əhalinin banklardakı hesablarında artım müşahidə edildi. Yəni, biz burada adi depozit yox, cari hesabları nəzərdə tuturuq. Bütün əhali əməliyyatları cari ödəmələr üzərindən həyata keçirməyə başladı. Bunlar da nağdsız hesablaşmaların həcmini artırdı. İnsanlar artıq nağd pulla alış-veriş etməyə yox, kartlarla ödəniş etməyə üstünlük verirlər. Vergilər Nazirliyinin də əsas təşəbbüsü nağdsız hesablaşmalara əhalinin təşviq edilməsi və stimullaşdırılmasından ibarət idi. Belə olan halda, vergidən yayınma halları azalır, şəffaf vergi siyasəti həyata keçirilir, eyni zamanda hökumət pulun hərəkətini doğru şəkildə izləyə bilir. Hazırda bütün alış-satış obyektləri nağdsız ödənişi dəstəkləyən yeni avadanlıqlarla təmin edilirlər. Yəni, əhalinin rahat şəkildə nağdsız şəkildə ödəməni həyata keçirə bilməsi üçün hər cür şərait yaradılır. Nəticə etibarı ilə bütün bunlar nağd pulun dövriyyəsinin azalmasına gətirib çıxaracaq”.
Ekspert qeyd edir ki, baş verəcək inflyasiya dövlətin nəzarəti ilə olacaq: "İnflyasiya tələb-təklif əsasında formalaşır. İnsanlar nağd pulla alış-veriş edəndə daha ehtiyatlı yanaşır. Çünki pulun varlığını onda daha çox hiss edir, nəinki nağdsız əməliyyatlar zamanı. Nağdsız alış-veriş ümumilikdə mallarda qiymət artımı ilə müşahidə oluna bilər. Amma ümumi götürsək, nağdsız əməliyyatlarda tələb-təklif kəsişməsi olmursa, yəni biri digərini üstələmirsə, burada inflyasiyadan söhbət gedə bilməz. Əksinə, Mərkəzi Bankın sədri çıxışlarından birində qeyd etmişdi ki, dövlət artıq inflyasiya hədəfindən narahatdır. Çünki faktiki inflyasiya proqnozlaşdırılan inflyasiya göstəricisindən aşağı səviyyədədir. Bu da iqtisadiyyatın stimullaşdırılmasının qarşısını alır və bir növ inflyasiya müəyyən qədər idarə olunan səviyyədə buraxıla bilər. Yəni, baş verəcək inflyasiya dövlətin nəzarəti ilə olacaq”.

Günel
banner

Oxşar Xəbərlər