• cümə, 29 Mart, 10:26
  • Baku Bakı 5°C

Nadin Qordimer: “Ev” anlayışının mənasını dəqiqliklə dərk etdim – evim Afrika idi”

01.02.15 07:04 1491
Nadin Qordimer: “Ev” anlayışının mənasını dəqiqliklə dərk etdim – evim Afrika idi”
Cənubi Afrikalı yazıçı, siyasi fəal Nadin Qordimer 1923-cü ildə anadan olub. Atası yəhudi əsilli immiqrant İsidor Qordimer Litvada, anası Hannah Myers Qordimer isə Londanda dünyaya göz açıb və Cənubi Afrikada tanış olaraq, ailə qurublar. Ədəbi uğurları Avropaya gəlişi ilə başlayan yazıçı 1991-ci ildə “öz bənzərsiz eposu ilə bəşəriyyətə verdiyi faydaya görə” Nobel ədəbiyyat mükafatına layiq görülüb. Qormider “Yadellilərin torpağı”, “Təsadüfi sevgi”, “Fəxri Qonaq”, “Mühafizəçi” – (1974-cü ildə işıq üzü görmüş bu roman müəllifə “Man Booker” mükafatı qazandırıb – red. E.S.) , “Burgerin qızı”, “Oğlumun hekayəsi” kimi romanların müəllifidir. Hekayə kitablarından isə “Altı fut torpaq”, “Cümənin izi”, “Məxfidir”, “Livinqstonun yoldaşları”, “Yəqin ki, bazar ertəsi”, “Əsgərin ağuşları” və s. misal çəkmək olar. “İyul adamları”, “Təbiətin əyləncələri”, “Oğlumun hekayəsi” romanlarında və “Nəsə, hardasa orda” hekayələr toplusunda Qordimer həmişəki mövzusuna – CAR-dakı həyatın problemlərinə sadiq qaldığını göstərir. Müsahibələrindən birində müəllif bütün əsərlərinin əslində elə yeganə bir kitabdan ibarət olduğunu deyib. “Yanımda kimsə yoxdur” romanında Qordimer özünü tanıyıb tapmaq istəyən Vera Stark adlı qadının siyasətə həsr olunmuş taleyini qələmə alıb. 1999-cu ildə “Ümid içində və tarix içində olan həyat: Bizim əsr haqqında qeydlər” adlı kitabında isə Qordimerin ədəbiyyat, mədəniyyət, insan haqları və təbii ki, özünün CAR-dakı işi və həyatı haqqında məqalələri, mühazirələri işıq üzü görüb. Dünyaca məşhur yazıçı ötən il anadan olduğu Cohannesburqda dünyasını dəyişib. Müəllifin “The Paris Review” jurnalında yayımlanmış müsahibəsini təqdim edirik.
Nadin Qordimerlə apardığımız müsahibə iki hissədən ibarətdir. Müsahibənin birinci hissəsini 1979-cu ilin payızında – ədib “Burgerin qızı” romanının ictimai təqdimatı üçün Amerikada olarkən, ikinci hissəsi isə 1980-ci ilin yazında yenə Amerikada oğlunun məzuniyyətinə gələndə hazırlanıb.
İlk görüşümüz “Vikinq Nəşriyyatı”-nda baş tutub. Naşirin otağının yanında bizim üçün xüsusi otaq açılmışdı. Bu, əksər nəşriyyatlarda olduğu kimi konfrans üçün ayrılmış, pəncərəsiz, kitablarla dolu otaq idi. İkinci görüşümüz oteldə oldu. Otaq rahat və ilıq söhbət üçün olduqca münasib olsa da, Qordimer eyni ilə yazarkən olduğu kimi, danışanda da sözləri boşuna sərf etməkdən imtina etdi. Hər iki görüşümüzdə sanki saniyələri sayırmış kimi qapıdan ayağımı içəri basan kimi müsahibəyə dərhal başlamağa hazır olduğunu nümayiş etdirdi, bizə təklif etdiyi vaxt yaxınlaşanda isə artıq danışmaq istəmədiyini, vaxtın bitdiyini açıq-aşkar bildirdi. Zehni aydınlıq və diqqətin mərkəzləşməsi o qədər güclüdür ki, əsla mövzudan və sualdan kənara çıxmır, qısa zaman ərzində mümkün ola biləcək qədər çox və lazımlı məlumatı verir.
Zərif, incə səsli, yumşaq danışan, davranışlarında sürət və incəliyi mükəmməl formada uzlaşdırmış, baxışlarından beyninin daim nə isə düşündüyünü, nəsə işlədiyini aydınca görə biləcəyiniz xanımdır Nadin. Bəzən insana elə gəlir ki, o, qırx ildən çoxdur ki, sadəcə dünyəvi ehtiraslarından arınmaq, daxilini süzgəcdən keçirmək üçün yazır. Lakin Cənubi Afrikadan olanlara xas bu enerji, hər tərəfdən saysız-hesabsız maraq və hər gün yeni bir həvəslə tutulmuş olması həqiqətini də dərk edir.
- Cənubi Afrikada fəsillərin fərqi varmı, yoxsa elə bütün il boyu hava istidir?
- Yox, əlbəttə ki, fəsillər seçilir, hiss olunur. Yalnız ekvatora yaxın ərazilərdə bu fərq çox cüzidir, yəni orada hava adətən dəyişmir. Ancaq qitənin lap sonunda bir yerdə olsaq və ən yuxarı yerinə, məsələn, mənim yaşadığım Cohannasburqa qalxsaq, tamamilə bir-birindən fərqli iqlimlərdən keçəcəksiniz. Olduqca sərt və kəskin soyuqlarla müşayiət olunan qış fəsli olur Afrikada. Qar olmur, baxsanız, elə bilərsiniz payızdır, ya da yazın əvvəlləridir, təmiz, günəşli havalar olur, amma gecələr şaxta insanı öldürür. Afrikanın xüsusi, yağışlı mövsümü var. Həmin ərəfələrdə durmadan yağış yağır. Lakin ilin yarısından çoxunu göydən bir damcı belə düşmür, hətta qışda da. Hətta bəzən bu müddət o qədər uzanır ki, yağışın olduğunu belə yadırğayır insan. Bir səhər gözlərinizi açıb, havada yağışdan doymağa çalışan torpağın iyisini almaq elə möhtəşəm duyğudur ki... Köhnə tikili evlərin çoxu, bizimki kimi, dəmir və ya qalayla örtülü olur. Möhkəm yağış, dolu düşəndə təsəvvürünüzdə bunun evin içində necə səsləndiyini özünüz canlandırın, elə bil böyük ilxı dörtnala çapır. Böyüdüyüm evin qalaydan damı vardı, yatağıma uzanıb, yağışın səsini dinləmək uşaqlığıma aid ilk xatirələrimdəndir.
- İlk dəfə nə zaman Cənubi Afrikadan kənara çıxdınız?
- O vaxtlar Rodeziya idi, indiki Zimbabve, ilk dəfə ora səfər etmişəm. Ola bilər ki, bu iki ölkə təsəvvürünüzdə eyni yer kimi canlanır, amma deyil. Zimbabve Mərkəzi Afrikada yerləşir, subtropik ölkədir, hətta bir az tropikə yaxın. Amma özüm üçün ilk səyahət xarakterli gedişim 30 yaşımda olub, artıq iki kitabım çap olunmuşdu. İngiltərə və Amerikaya dəvət almışdım, nədənsə yolumu Misirdən saldım. Bəlkə də, bu marşrut daha sərfəli idi. Misir səyahət etdiyim ilk ölkə oldu. Londonda özümü doğma yerdə, evimdəymişəm kimi hiss etdim, lakin bu nəsə qeyri-real yolla yaranmışdı. Sonralar anladım ki, Londonu mənə bu qədər doğmalaşdıran Dikensin və Virciniya Vulfun əsərlərində oxuyub, beynimdə canlandırdığım şəkildir. Bu iki yazıçı mənə İngiltərə həyatının hər şeyini mənimsətmişdi, sanki yerimi tapmış kimi hiss edirdim. Orvel kimi yazıçılar adətən yerə bağlılığı güclü olmayanlardır. Amma Vulf və Dikensdə bu duyğu güclüdür. Sonralar Çelsidə gəzəndə gördüm ki, bura həqiqətən də Dalloveyin vətənidir, yalnız məkana və yerə bağlılığı güclü olanlar onu bu qədər mükəmməl və aydın təsvir edə bilər.
- “Fəxri qonaq” (“A guest of honour”) romanının qəhrəmanı Rebeka kimi siz də Afrika qitəsindən kənarda bir həyata hazır deyildiniz?
- Yox, iyirmi ildən çox İngiltərəyə gedə bilməyən anam məni bu səyahətə çox yaxşı hazırlamışdı. Mənim üçün çoxlu yun alt paltarı və nə qədər lazımsız şey yığmışdı, gələndən sonra hamısını rədd elədim. Rebekkanın İsçveçrəyə səfəri isə... Bilirsiniz, mən nəsə bu qənaətə gəlmişəm ki, bu son dövrlərdə yazıçılar qəhrəmanın havadan və yeni bir ölkədən aldığı təəssüratı gərək dəqiq və ehtiyatlı təsvir etsin. Eyni ilə XIX əsr ədəbiyyatında qatarla edilən səfərlərin təsvirindəki kimi qeyri-dəqiqlik, sünilik hiss olunmasın. Sonralar qatarla səyahət edəndən əslində nə qədər fərqli duyğular yaşadım. Səyahət mənim aləmimdə insana daxili dəyişiklik yaşadan bir şeydir, üstəlik bugün səyahət deyəndə hamının ağlına “təyyarə” gəlirsə, təsvir mütləq dövrlə səsləşməlidir.
- İngiltərəyə edilən o səyahət “soykökə qayıdış” ekspedisiyası adlana bilərmi?
- Yox. Amma o səyahət mənə kim olduğumu, nələrin cəmi olduğumu kəşf etmək imkanı verdi, koloniyalaşma qurbanı bütün nailiyyətlərini sərgilədi. Koloniyalı olduğumu bilmirdim, hiss etmirdim, lakin bunu sonradan tam məğzi ilə anladım. Baxmayaraq ki, anam Cənubi Afrikaya gələndə hələ altı yaşında olub, həmişə İngiltərədən və ya gələcək planlarından danışanda “evinə geri dönmək” istədiyini deyirdi. Amma o ilk səfərdən sonra mən . Və dünyada başqa bir yer ev ola bilməzdi.
- Valideynləriniz Cənubi Afrikaya niyə gəlmişdi?
- İkisini də buraya gətirən səbəb eynidir, müstəmləkə genişləndirilməsinin tərkibinə daxil edilən ailələrdə doğulublar. Babam hərbçi olub, 1890-cı illərdə iki qardaşı ilə birgə müxtəlif yerlərdə gedən müharibələrin iştirakçısı olublar. Afrika avropalılar üçün geniş imkanlar torpağı hesab edildiyindən burada daha çox ingilis hərbçilərin ailələri məskunlaşıb. Amma atamın köç hekayəsi bu qədər sadə və xoşbəxt deyil. O, Litvada anadan olub, həmin dövrlər isə yəhudilərin kütləvi şəkildə dünya üçün təhlükə mənbəyi hesab edildikləri və hər şeydən məhrum qaldıqları zamanlar olub. Babam isə 12 uşaqlı ailəyə baxa bilməyəcək qədər kasıb olub. Atam oxumaq üçün çox çalışsa da, yəhudi uşaqlar bu imkanlardan da məhrum buraxılıblar. Nəhayət, atam 12-13 yaşı olanda dünyanın harası olursa, olsun getmək istədiyinə qərar verir. Beləcə, 13 yaşlı balaca oğlan Amerikaya getmək adı ilə gəmiyə minir və Afrikaya gəlir, bəli, belə qeyri-adi hekayə. Bütün macəralar başına gəlsə də, heç macərapərəst, möhkəm xarakterli adam deyildi, utancaq idi. Hələ də mənim üçün mistik adam kimi qalır, həmişə özü üçün səssiz yerlər axtarırdı, şəxsiyyət olmaq üçün heç nə eləməmişdi, sanki özü ilə bağlı həbs etdiyi şeylər vardı.
- Orada məktəblər necə idi?
- Deməli, belə, etiraf edim ki, formal təhsil aldım, yəni ora üçün kafi olacaq qədər oxudum. Amma çox maraqlı uşaqlığım olub. Ailədə iki uşaq idik, məndən böyük bacım var. Böyük bacımın kuklası, sevimlisi, evin ərköyünü idim. Ona görə də çox həddinibilməz uşaq oldum. Amma ola bilər ki, bu bir az da enerji bolluğundan irəli gəlirdi, onu çıxara, dincələ bilmirdim. Odur ki, rəqsə meylləndim, dörd yaşımdan on yaşıma kimi rəqslə məşğul oldum. Hələ də o illərdə bədənimi o formada oynatmağın verdiyi zövqü xatırladıqca həzz alıram. Hamı birmənalı şəkildə mənim rəqqas olacağımı düşünürdü, lakin on yaşımda anidən ölümcül vəziyyətə düşdüm, nəfəsim kəsildi. Əslində sısqa olsam da, olduqca sağlam uşaq idim. Odur ki, heç kim bu hadisəyə elə də diqqət ayırmadı. Bu hal bir daha təkrarlandıqdan sonra atam həkimə apardı və ürəyimdə ciddi problem olduğu aydınlaşdı. Ürəyim olduqca sürətli döyündüyündən sərt və sürətli hərəkətlər qadağan olundu. Həkim eynilə bunları dedi: “Bu uşağa hər hansısa fiziki məşq, tennis oynamaq, qaçmaq, rəqs etmək, hətta üzmək də qadağandır”. Beləcə, ən çox sevdiyim məşğuliyyətə - rəqsə son qoydum, bu mənim üçün qorxunc dəyişiklik oldu. 11 yaşımda isə anam məni tamamilə məktəbdən ayırdı. Hardasa bir il məktəbdən də, təhsildən də uzaq qaldım. Bütün diqqətim qiraətə yönəldi, vəhşi kimi oxuyurdum. Bir müddət sonra tamamilə özünəqapalı uşaq oldum. Anam bütün təbiətimi və xarakterimi dəyişdirdi. Sonra mənə xüsusi müəllim tutdu, gündə üç saat onun yanına aparırdı. Amma orada da yalnız olurdum, gündəlik dərsləri işləyir, bir stəkan süd içib evə gəlirdim. Zamanla yaşıdlarımla kontaktım tamamilə kəsildi. 16 yaşına kimi ancaq anamın həmyaşıdlarının əhatəsində böyüdüm, baxmayaraq ki, onlarla da əlaqə qurmurdum. Bir sözlə balaca qadın idim.
- Bəlkə də, uşaqlığınızda izolyasiya edilməyiniz yazıçı olmağınızın əsas səbəbi olu, çünki zamanınızın çoxunu qiraətə sərf etmisiniz, yalnız qalmısınız.
- Bəli... bəlkə də mən mütləq hansısa bir yolla yazıçı olacaqdım. Çünki xəstəliyim aşkarlanmamışdım əvvəl də bu yazı işlərinə həvəsim vardı. Çünki jurnalist olmağı da ən az rəqqasə olmaq qədər çox arzulayırdım. Bilirsiniz, jurnalistikaya məndə həvəs hardan yarandı? Hardasa 11 yaşım vardı, Evelin Vauqun “Scoop” jurnalını oxuya-oxuya. Elə onu oxumaq kimisə jurnalistikaya həvəsləndirmək üçün kifayət edirdi. Ona heyran idim. Qiraətlə məşğul olmaq üçün zamanım bol idi və təbii ki, çox oxuyurdum, amma məsələ onda idi ki, seçim etmədən, diskriminasiyasız oxuyurdum. Kitabxanaya gedib, maraqlı gözlərlə rəfləri izləyirdim, sonra hər hansısa bir kitabda dayanırdım. Amma nəsə hələ də düşünürəm ki, bu ən yaxşı üsuldur.
- İlk kitabınız nəşr olunmamışdan əvvəl hekayələrin “The New -Yorker”də dərc olunurdu?
- Xeyr. Hekayələrim ilk dəfə 1949-cu ildə CAR-da hekayə toplusu kimi dərc olunub. “The New -Yorker”də ilk hekayəm dərc olunanda harda 26 yaşında olmalıydım. Bir hekayəm orada dərc olundu, bir neçəsi də “Virginia Quarterly Review”, “Yale Review” kimi gəcn yazarların yaradıcılıq yolunda ənənəvi mərhələ olan jurnallarda. 50-ci illərdə bütün gənc yazarlar hünərlərini bu jurnallardakı yazılarla göstərirdi. Sonra isə qısa hekayələrdən ibarət ilk kitabım işıq üzü gördü.
- Əlyazmalarınızı bu jurnallara göndərirdiniz?
- Yox, yox... Hələ o vaxtdan mən ədəbi agentlə işləyirdim. Bu, “The New -Yorker”-də işləyən ədəbi agent vasiutəsilə baş tutdu. Çünki o zamanlar mən Amerika nəşriyyatlarından, ya da mətbuat nümayəndələrindən heç kimi tanımırdım, odur ki, bu jurnalların heç birinə baxıb, bəyənib, dərc etsinlər deyə, yazı göndərməmişəm. İngiltərədəki nəşriyyatların bəzilərində tanıdıqlarım var idi. O vaxt naşirlər ədəbi biliyi dərin adamlar olurdu, yəni naşirlik sırf biznes sahəsi deyildi, ədəbi jurnalları, yeni imzaları mütəmadi izləyirdilər. İlk nəşriyyatım “Simon&Schuster”-in naşiri də “The New -Yorker”-də dərc olunan hekayəmdən sonra mənimlə maraqlanmışdı. Sonra “The New -Yorker”-in kollektivi ilə tanış oldum, ilk ədəbi redaktorum və jurnaldakı yaxın dostum Katerina Uayt oldu.
- İlk ədəbi agentiniz kim idi?
- Dünyanın ən qəribə adamlarından biri – Sidnet Satersteyn. Yazıçılara qarşı inanılmaz dərin məhəbbət bəsləyən, zəngin insan idi. Onun övladı yox idi, adama elə gəlirdi ki, bütün gənc yazarlar onun övladıdır. Elə çox yazıçı ilə işləmirdi, çünki ədəbi agentlik onun prinsipial şəkildə məşğul olduğu iş deyildi. Böyük ürək və mükəmməl zövq sahibi insan idi. Bədbəxtlikdən, tanınmağa və uğur qazanmağa təzə-təzə başladığım bir vaxtda ən yaxın adamımı itirdim, ürək çatışmazlığından dünyasını dəyişdi. O, hər şeyin yaxşısına layiq adam idi.
- Virciniya Vulfun yaradıcılığınızın ilk illərində yazdıqlarınız üzərində təsiri var idi?
- Məncə, hə demək olar. Xüsusilə də, ilk beş il ərzində. Hər gənc yazar üzərində güclü təsiri olacaq yazıçıdır. Onun ritminə, üslubuna düşmək çox asandır. Amma əsla mövzu eyniliyi olmayıb. Eyni şey məsələn, Dos Pasos, yaxud da Heminquey kimi yazıçılar tərəfindən, amma tamamilə fərqli formada işlənə bilər.
- “Burgerin qızı” nəşr olunduqdan cəmi üç həftə sonra qadağan olundu, doğrudurmu?
- Bəli. Hətta bir neçə ay qadağan olunmuş kitablar siyahısında qaldı. Sonra qadağa qaldırıldı. Təsəvvür edin də, bu xəbər məni nə qədər sevindirdi. Həmin kitabda mən həqiqəti əks etdirən bir sənədi açıqlamışdım. Bu kitab üzərindəki qadağanın qaldırılmasını təkcə özümə görə yox, məndən sonrakı yazarların da cəsarətinin qırılmaması üçün istəyirdim.
- Necə oldu ki, qadağa qaldırıldı?
- Mən artıq xaricdə tanınan, oxunan, tələb görən yazıçı idim. Mənim kitabıma hansısa absurd səbəbdən qadağa qoyulması yüksək dairələrin də diqqətini çəkmiş, kitabı birdən-birə maraq mərkəzinə çevirmişdi. Belə davam eləmək axmaqlıq olardı.
- Kitab qadağası belə adi şeydir?
- Yox, elə tez-tez təkrarlanmır. Əvvəllər də mənim iki kitabım – “Yadellilərin torpağı” (“A World of Strangers”) 12 il qadağan olundu, “Gecikmiş burjua dünyası” (“The Late Bourgeois World”) isə hardasa 10 il qadağan olunmuş kitablar siyahısından çıxa bilmədi. Amma əsas məsələ o idi ki, sonra qadağalar qalxanda, bir çox əsər kimi artıq ölmüş əsər deyildi.
- Yazmağa, daha doğrusu, yeni bir romana başlamazdan əvvəl hazırlıq üçün nə qədər vaxt lazım olur?
- Bunu dəqiqliyi ilə demək çətindir axı, məsələn, Roza xarakterini yaratmaq üçün lazım olan qəhrəmanı illərlə gözlədim. Bilirdim ki, o adamı tapa bilməsəm, mən Rozanı yarada bilməyəcəyəm, ona görə də əsər başlamırdım.
- Dindar insansınız, mistikaya inanırsınız?
- Mən ateistəm. Hətta özümü aqnostik belə adlandırmazdım, tamamilə ateist.
- Yazmaq üçün hansı şəraiti əlverişli hesab edirsiniz?
- Xüsusi bir yer olmağına ehtiyac yoxdur, böyük olmayan rahat və keyfiyyətli masa, qalın divarlarla örtülü otaq kifayətdir. Həyatımda bir arzuolunmaz mərhələ var idi, İlahi, körpə uşaqla boşanmış bir qadın idim. Gücüm ancaq nazik divarla hörülmüş evdə yaşamağa çatırdı, radioların səsi məni dəli edirdi. Hələ də bu tip səslər məni özümdən çıxarır. Adamların səs-küyü vecimə də olmur, amma radio-televiziya səsi, ya da təkrarlanan ahənglərə dözə bilmirəm. İndi şəhərkənarı bir evdə yaşayıram, balaca yazı otağım var, qapısı birbaşa bağçaya açılır – bu mənim üçün əsl dəbdəbədir – beləcə kiməsə hara gedib, hara gəldiyimi demədən, girib-çıxa bilirəm. Yazmağa başlamamış bütün telefonları söndürürəm, günün yazısı bitəndə açıram. Əgər kimsə həqiqətən məni mütləq görmək istəyirsə, evimi tanıyır, gələ bilər.
- Adətən iş saatlarınızı necə təyin edirsiniz? Xüsusi iş günləriniz var, yoxsa hər gün işləyirsiniz?
- Əgər kitab üzərində işləyirəmsə, hər gün işləyirəm. Səhər oyanandan dörd saat durmadan yazıram, təbii ki, çox yoruluram və davam edə bilmirəm, heç nə gəlmir. Dörd saat sonra başqa işlərlə məşğul oluram. Bəzən yazıçılar deyir ki, yazıçı gərək gündəlik, adi işlərlə məşğul olmasın, açığı belə düşünən adamları anlamıram. Çünki mənim aləmimdə bunlar da vacib işlərdir. Yazmağın gətirdiyi yalnızlıq ürküdücüdür, insan gərək həyatın davam etdiyini hiss elətdirən, onu o yalnızlıqdan qoparan şeylərlə də məşğul olsun, yoxsa həyatla bağımız itər. Quru təmizləməyə gedirsən, ağacları sulayırsan, qəhvə dəmləyirsən, nəsə bişirirsən – dünyaya geri dönürsən.
- Günün xüsusilə məhsuldar olan hissəsi varmı?
- Səhərlər işləyirəm. Ən məhsuldar vaxt səhər olur.
- Adətən bir kitabı tamamlamaq nə qədər vaxtınızı alır?
- Mövzudan asılıdır. Ən tez tamamladığım on səkkiz aya bitib. Sonuncunu dörd ilə yazmışam.
- Yaradıcı tıxac haqqında nə düşünürsünüz? Sizin yaza bilməmək kimi probleminiz olur?
- Yox.
- Yazdıqlarınızı yoxlamaq üçün çox vaxt itirirsiniz?
- Zaman keçdikcə daha az vaxt aparır. Gənc olanda hər yazdığımı oxunmaq üçün yekun variantana çatana kimi ən azı üç dəfə köçürürdüm. Amma dediyim kimi əvvəlllər belə idi. Qısa hekayələr düzəliş vərdişlərini formalaşdırmaq üçün ən yaxşı vasitədir, indi harayasa cəmi bir dəfə göz gəzdirmək kifayətdir ki, artıq olanı peşəkarcasına kəsib tullayasan.
- Tənqidi faydalı hesab edirsiniz?
- Bəli. Çünki hadisə baş verərkən bitmir, elə deyil? Iş sonrakı mərhələdə tamamilə bitmiş hesab olunur. Xüsusilə də, əgər tənqid hədəfi olan məsələni mən öz beynimdə də çək-çevir edərkən işıqlar onun üzərində yanırsa, bu xüsusilə faydalı olur. Kitabın, hekayənin, romanın necə olmalı olduğu ilə bağlı Kafkanın çox sevdiyim sözü var: “Ədəbi nümunə içimizdəkı buzları sındırıb, suyun axmasına imkan verəcək balta kimi olmalıdır”
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər