• cümə, 19 Aprel, 03:59
  • Baku Bakı 18°C

“Nabucco”nun TAP-a reaksiyası gecikmədi

28.06.13 11:03 1478
“Nabucco”nun TAP-a reaksiyası gecikmədi
“Nabucco Gas Pipeline International GmbH” “Şahdəniz II” konsorsiumunun üzvlərinin İtaliya bazarı üçün ilkin olaraq 10 mlrd. kubmetr qaz nəqli marşrutu üzrə TAP-ın seçilməsi qərarını tanıyır və qəbul edir.
“APA-Economics”in xəbərinə görə, bu barədə “Nabucco” konsorsiumunun yaydığı açıqlamada bildirilir.
Qərar iki bazar və bu bazarların şərtlərinə əsaslanan seçim etmiş istehsalçılar arasında olan rəqabət əsasında qəbul edilib. “Nabucco” təəssüf edir ki, Avropaya bu yeni qaz marşrutu “Şahdəniz”dən planlaşdırıldığı kimi 10 mlrd. kubm qaz nəqlini reallaşdırmayacaq.
Qeyd olunur ki, diversifikasiyaya ehtiyac hələ də Avropa bazarı, əsasən də Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri üçün çətinlik yaradır: “Biz hələ də inanırıq ki, “Nabucco” bu ehtiyaclara cavab verəcək yeganə marşrutdur. “Nabucco” alternativ qaz mənbələrinə əsaslanan imkanlarını inkişaf etdirməkdə özünə güvənir”.
Sonda konsorsium son 10 ildə davamlı və israrlı dəstəkləri üçün bütün səhmdarlarına təşəkkür edib: “Səhmdarlar indi “Nabucco” üçün növbəti addımları müzakirə edəcəklər”.
Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını bu gün rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.
TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.
Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.
banner

Oxşar Xəbərlər