• şənbə, 20 Aprel, 14:35
  • Baku Bakı 23°C

NABOKOVUN DƏVƏTNAMƏSİ

26.02.18 15:50 1357
NABOKOVUN DƏVƏTNAMƏSİ
Bilirəm, ayda ən azı iki-üç toya, ad gününə, "əsgərgetdi”yə, nişana dəvət edirlər sizi. Şikayət­lə­­nirsiniz. Bunlar azmış kimi bir də iş görüşləri, tədbir­lər, yubileylər, iclaslar. İronyasız, yumorsuz, ciddi-ciddi soruşuram: bəs sizi edama dəvət edən olub­mu? İnkvizisiyanın ağalığı dövründə geniş küt­lə­ni edama dəvət etmək indiki toya, ad gününə, təd­bi­rə çağırmaq kimi adi bir şey idi. Qəribədir, dünya­nın bu vaxtında da heç adama belə bir dəvətnamə göndərərlər?! Bəli, bəli... Cənab Nabokovun dəvət­na­məsində beləcə də yazılmışdı: "Edama Dəvət".
Qulaq asın:
"Edama dəvət" Nabokovun ən çox şifrələnmiş, dərin ironiyası ilə fərqlənən romanlarından biridir. Əsərin strukturu çox sadədi, ancaq yazıçı hər şeyi us­ta­lıqla hesablayıb. Romanın qəhrəmanı (bəlkə, qur­banı?) xəyali bir kənddə həbs olunan Sinsinnat S.-dır. Edama məhkum olunan Sinsinnat hücrəsində oturub ölüm gününü gözləyir. Təkidlə nə vaxt edam oluna­ca­ğını soruşsa da, bu barədə ona heç nə deyilmir. Beləliklə, Sinsinnat hücrəsində ölümü gözləyə-göz­lə­yə hər gün yavaş-yavaş ölür. Onun nəyə görə edama məhkum olunması isə açıqlanmır. İyirmi fəsildən iba­rət romanda hadisələr əsasən Sinsinnat S.-nin hüc­rəsində vaqe olur. Kitabı oxuyub qurtarandan sonra anlayırsan ki, Sinsinnatın yeganə günahı baş­qaları kimi düşünməməyidir...
Sağ qalmaq üçün heç biri çıxış yolu olmayan Sinsin­nat ölümdən qorxmur. Onun üçün edam vax­tı­nın açıqlanmaması ölümdən daha ağırdır. O, hər gün ölümlə yox, ölümün qorxusuyla mübarizə apa­rır. Sin­sinnat bu qapalı məkandan yalnız kitablar və xəyal­ları ilə çıxa bilir. O, planlaşdırdığı yazıya başla­maq istəyir. Ancaq bilmir ki, bu yazıya başlamağa də­yər, yoxsa yox? İstədiyini yazmaq üçün vaxtı çata­caq­mı? Bəlkə, elə sabah edam olundu? Bəs belə olma­sa? Onda da yazmağa başlamadığı üçün peş­manlıq duyğusu ondan əl çəkməyəcək.
Nabokov Dostoyevskinin yazıçı yox, jurnalist olduğunu deyirdi. Mühazirələrində Dostoyevskiyə olan ironiyası bu romanda da özünü göstərir. Həbs­xa­na işçilərinin adı – müdir (Rodrig), növbətçi (Ro­dion), vəkil (Roman) və cəllad Müsyo Pierre (yəni Pyotr Petroviç) – "Cinayət və Cəza" romanının obraz­ları ilə paralelləşir.
"Edama dəvət" özündən əvvəlki bir sıra mətn­ləri xatırladır. Məsələn; Kafkanın "Məhkəmə"sindəki Yozef K. kimi Sinsinnat S.-də günahının nə olduğu bəlli deyil; "Edama dəvət"dəki həbsxana yenə Kafka­nın "Qəsr"ini yada salır. Nabokov isə iyirmi il sonra romana yazdığı ön sözdə onu bir çox yazıçılardan təsirləndiyini deməklərinə baxmayaraq, qətiyyən bu mətnlərlə bağlantısı olmadığını bildirir. Yazıçı "Məh­kəmə" və "Qəsr" ilə onun ruh yaxınlığı olmadığını, əgər bir ruhdaş seçmək lazım olsaydı, o, Corc Orueli seçərdim deyə qeyd edir. Sinsinnatı istər Yozef K. kimi, istərsə də bir müqəddəs kimi yozumlamaq olar. Ancaq burada əsas məsələ hekayədən daha çox, hekayənin necə nəql olunmasıdır.
Əsərin əvvəlində Delalandedən, – "Bir dəlinin özünü Tanrı hesab etməsi kimi, biz də özümüzü ölüm­lü hesab edirik", – sitat verilib. Bəs kimdir bu Delalande? Bəlkə, Nabokov bütün adları çəkilən ya­zı­çılardan yox, məhz Delalandedən təsirlənib? Ancaq bu da Nabokovun oyunlarında biridir. Belə bir yazıçı yoxdur, onu Nabokov uydurub. Bununla ya­zıçı ro­man­da heç kəsdən izlər olmadığınamı ey­ham vurur, yoxsa əsərin başdan ayağa uydurma olmasınamı?...
Nə vaxtsa belə bir pritça oxumuşdum ki, Leonar­do da Vinçi "Məxfi axşam” tablosunu çəkən­də İsa timsalında xeyri, İblis surətində isə şəri çək­mək istəyirdi. O, kilsə xorunda oxuyan bir oğlana baxıb İsanın rəsmini çəkir. İndi isə qalır "şeytanı" tap­maq. Tablo üzərində işlər uzanır. Bir gün o, çir­kab içində olan birnəfəri emalatxanasına gətirib iblisin rəsmini çəkir. Sonra isə məlum olur ki, Leo­nar­do illər öncə məhz bu oğlana baxıb İsanın şəklini çəkmişdi. Məncə, bu, bir insanın həm müqəddəs, həm də şeytan olması fikri haqqında ən yaxşı heka­yədir. "Edama dəvət" romanında da belə bir məqam var. Edamı icra edəcək şəxs Sinsinnata məhkum kimi təqdim olunur və müdir onların dost olmalarını istə­yir. Həbsxana müdiri cəlladla (Müsyo Pierre) məh­ku­mu (Sinsinnat) bir-birlərini sevməyə məcbur edir. Hələ cəllad Sinsinnata məhz ona görə həbs olun­du­ğunu deyir. Guya ki, o, Sinsinnatı buradan qaçırmaq istəyirmiş, bu səbəbdən də onu həbs ediblər. Sonra Müsyo Pierre tez-tez Sinsinnatın kamerasına gəlir. Bir dəfə onlar şahmat oynayırlar. Sinsinnat cəlladına qalib gəlsə də, o, cığallıq edir, fiqurları geri qaytarır. Nəticənin necə əldə olunmasından aslı olmayaraq cəllad məhkumu mat edir...
Əsərin oxucuya təlqin etdiyi fikirlərdən biri də hər şeyin öz mənasını itirməsi ideyasıdır. İnsan ölü­mü kinodan, teatr tamaşasından heç nəyi ilə fərqlən­mir. Necə ki, insanlar bilet alıb kinoya, teatra gedir­lər, eləcə də kiminsə ölümünü görmək üçün maraqla top­laşırlar, televiziyada, internetdə cinayət hadisə­lə­ri­nə film kimi baxırlar. Filmdəki əsas obrazın "ölü­mü" izləyicini sirkələsə də, kütləvi insan ölümlərini adi xəbər kimi oxuyur, terror qurbanı olan minlərlə insanın faciəsinə biganə yanaşır. Romanda bugünkü həyatımızda olduğu kimi canlı və cansız anlayışları arasındakı sərhəddin itdiyini görürük. İnsanlar edamı izləmək üçün sanki, hansısa tədbirə, toya, ad gününə çağırılırmış kimi dəvət olunurlar... Sinsinnat yaxşı başa düşür ki, həbsxananın qaydaların əməl etmək özündən imtina etmək deməkdir. Həbsxana­da­kı yeməklərdən imtina edən Sinsinnat bununla düşdüyü mühitə bir növ etiraz edir. Ancaq yad mü­hit­də özünü qoruma instinkti işə düşür, o, yavaş-yavaş ictimai rəyə tabe olur, zamanla bu rejimə uy­ğun­laşmağa başlayır: əvvəllər ona müəmmalı gələn gecə səslərini aydınca eşidir, qaranlıq hücrəsində rahatca hərəkət etməyi öyrənir.
Nabokovun Sinsinnatı, əslində, iki adamdı. Sin­sinnatın daxilində əks qütblərdə dayanan, bir-biri ilə heç barışmayan iki adam var. Bəzən o adamlardan biri susanda, nəyləsə razılaşanda, o birisi heç nə ilə razılaşmır, üsyan edir. Finalda birinci Sinsinnat sakit­cə cəllad kötüyünə baş qoyanda, ikinci Sinsinnat aya­ğa qalxır, ətrafa toplaşan adamlara baxır. Həm­çinin romanı da iki cür oxumaq mümkündür. Birinci, real hadisələr kimi. İkinci, xəyali hadisələr kimi. Çünki bu cür qəribə bir həbsxananın olub-olmaması, vəkil, cəllad, hökm, – bir sözlə, hər şey Sinsinnatın daxi­lin­də, xəyali dünyasında da baş verə bilər. İstər reallıq, istərsə də uydurma kimi oxunmasından asılı olma­ya­raq nəticə dəyişmir. Ümumən, təkadamlıq kamera, mü­hakimə edənlə mühakimə olunanın heç cür anla­şa bilməməsi dünyada yadlaşmağa, özgələş­mə­yə işarədir. Elə bil, Sinsinnatı qəfil ona aid olmayan bir pyesin içinə atıblar. O, bu pyesdə nə etməli oldu­ğu­­­nu, bu pyesin nə barədə olması haqqında heç bir fikri yoxdur. Bu mənada, "Edama dəvət"i insan tənhalığı haqqında bir əhvalat kimi də oxuya bilərik. Əslində, adlardan göründüyü kimi (Rodriq, Rodion, Roman) müdir də, gözətçi də, vəkil də eyni adamlardır. Yazıçı onları təsvir edərkən yalnız qrimlərinə və geyimlərinə görə fərqləndirir. Həyat da belə deyilmi? Bir-birimizi başa düşmürüksə, ətrafımızdakıların adlarının, geyimlərinin fərqliliyinin, hansı vəzifədə olmasının nə mənası? Onlar bizim üçün mahiyyət etibarı ilə eyni adamlardır...
Əsərdə digər maraqlı obraz həbsxana müdi­ri­nin qızı Emmidir. Bu qız uşağı həm Nabokova məş­hur­luq gətirəcəyi, həm də nüfuzlu mükafatlar qazan­ma­sına maneə olacağı, dəfələrlə senzuraya məruz qalacağı hələ doğulmamış "Lolita"nın baş qəhrə­ma­nının "ilk modeli”dir. Sinsinnata aşiq olan, onu qaçırıb evlənmək istəyən balaca Emmi məhbusu ümidlən­di­rir. Onu qaçmağa razı salır, ancaq Sinsinnatı atasının yanına gətirir... Məhkum anlayır ki, belə bir sistemin çərçivəsindən kənara çıxmaq mümkün deyil, buna cəhd etmək də lazımsız bir işdir. Bu dairədən çıxış yolu tapmaq, buna ümid bəsləmək yalnız məhbusun vəziyyətini ağırlaşdırır. Sinsinnat gözətçi tərəfindən baş­qa bir dünyadan qoparılıb həbsxanaya atılan kəpə­­nək kimidir. O, bu dünyada yad, aciz və kömək­sizdir.
Romanı oxuyub qurtarandan sonra hər gün mağazalarda, avtobuslarda qarşımıza çıxan "İtən əşyalara görə məsuliyyət daşımırıqk" cümləsi yadıma düşdü. Elə bu dünya da romanda olduğu kimi bizim ölümümüzə və itirdiklərimizə görə məsu­liy­yət daşımır. Bəlkə, elə deyil?
Ramil Əhməd
banner

Oxşar Xəbərlər