• cümə axşamı, 18 aprel, 07:24
  • Baku Bakı 12°C

“Nağaradan əl çəkmədim”- Gör-götür

17.07.15 09:22 2569
“Nağaradan əl çəkmədim”- Gör-götür
Nağaraya verdiyi yeni nəfəslə nəinki Azərbaycan, bir çox ölkələrdə də tamaşaçıların sevimlisinə çevrilib. Məhz buna görə Azərbaycanda keçirilən dünya miqyaslı tədbirlərdə açılışı öz nağarası ilə o edir. Müsahibimiz dövrünün ən görkəmli nağara ifaçısı kimi tanınan, öz aləti ilə nəinki Azərbaycan, hətta dünya musiqi dünyasına yenilik gətirən Natiq Şirinovdur. Natiq Şirinov 18 yaşından professional səhnəyə qədəm qoyub və 24 yaşında dünya səhnələrində Alim Qasımovu müşayiət etməklə bərabər, konsertlərdə solo nömrələrlə çıxış edib.
Qeyd edək ki, bu il avqustun 22-26-da Natiq Şirinovun təşəbbüsü ilə Şəkidə ilk dəfə “Nağara-2015” beynəlxalq Ritm Festivalı keçiriləcək. Müsahibimiz deyir ki, bu festivalın keçirilməsi onun 20 illik arzusu olub.
- Natiq bəy, nağaraya heç vaxt eşitmədiyimiz yeni nəfəs vermiş, gənc yaşlarınızdan sənətinizin ustadı kimi tanınmısınız. 24 yaşınızda artıq Alim Qasımov kimi sənətkarla işləyirdiniz. Gənclərimiz üçün maraqlı olar. Buna necə nail oldunuz?

- Ən başlıca səbəb zəhmətdir. Zəhmət də sevgidən yaranır. Bir iş görəndə onu sevəcəksən. Allahımızı, vətənimizi, xalqımızı, anamızı, atamızı sevdiyimiz kimi sənətimizi də sevməliyik. Əgər sənətini doğru-dürüst sevəcək, sevgi ilə zəhməti birləşdirəcəksənsə, Allahın səni gözəl məqamlara gətirib çıxardığını görəcəksən.
- Sənətkar olmağınızda geninizin rolu varmı?

- Əlbəttə, sənətkar olmağımda genimin rolu çox böyükdür. Ata tərəfdən də, ana tərəfdən də aşıq nəslindənəm. Əslimiz Göyçə mahalındandır. Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şirin, Aşıq İdris və Aşıq Şəmşirin nəslindənəm. Ata babam Aşıq İdris Aşıqlar Birliyinin sədri olub. Sadəcə, mən aşıq deyil, nağara ifaçısı oldum.
- Oğlunuz da sizin yolunuzu davam etdirir. Öz istəyilə, ya sizin istəyinizlə nağara ifaçısı oldu?

- Mən arzulamışam ki, Allah mənə oğul övladı versin, sənətimi ona öyrədim. Oğlum 1997-ci ilə anadan olub. O zaman mən tanınmırdım, amma sənətimin vurğunu idim. Düşünürdüm ki, övladım gələcəkdə mənim ümidimi doğrultacaq. Elə buna görə adını Ümid qoydum. Şükürlər olsun ki, yaşının az olmasına baxmayaraq, Ümid bütün ümidlərimi doğrultmağa başlayıb.
- Oğlunuzdan razılıq edirsiniz. Amma deyəsən, atanız sizdən razı qalmayıb…

- Elədir, nağaraya görə razı deyildi. Çünki mənim atam elm adamı idi. Riyaziyyatdan şifahi vurma qaydaları haqqında bir kitab da yazmışdı. Ailədə 7 uşaq idik. Məndən başqa bütün uşaqlar ali təhsil aldı, nə qədər elədi, məni oxuda bilmədi, nağaradan əl çəkmədim.
- Babalarınız aşıq olduğu halda niyə atanız musiqi sahəsinə gəlməyinizi istəmirdi?

- Çünki babalarımın vaxtında sənətkarlar ən hörmətli insanlar idi. Atamın vaxtında artıq sənətə qiymət azalmışdı. Adları sənətkar olanların çoxu içkiyə qurşanan, qumarbaz, narkoman idi. Atam da bunu görürdü və övladı kimi mənim gələcəyimlə bağlı narahatçılıq keçirirdi. Buna görə məni nağaradan ayırmaq üçün çox çalışdı, amma istəyi baş tutmadı. Həyat elə gətirdi ki, sənətimi davam etdirdim. 2001-ci ildə, 26 yaşımda Azərbaycan Dövlət Televiziyası haqqımda film çəkirdi. Düşünürdüm ki, atam mənim haqqımda heç nə danışmayacaq, özü də naxoş idi. Amma o, özü şəxsən AzTv-yə gəldi və məndən çox razılıq etdi. Çox sevindim, kövrəldim. Mənim gələcəyimin belə olacağına inanmadığını dedi, müəllimim Azər Əliyevə təşəkkür etdi. Qeyd edim ki, Azər müəllim nağaranın kitabını yazan insan olub.
- Sənətinizin davamçıları, şagirdləriniz çoxdur?

- Şagirdlər çoxdur, amma davamçımın olduğunu həyat göstərəcək, mən bir şey deyə bilmərəm. Azər müəllimin 1980-ci illərdə 1500-dən çox tələbəsi var idi. Buna baxmayaraq, bu gün onun tələbələri içərisində Allahın verdiyi şansla yalnız mən nağaranı əlimdən yerə qoymuram.
- Dünyanın onlarla ölkəsində tamaşaçılar qarşısında çıxış etmisiniz. Digər ölkələrin tamaşaçıları ilə Azərbaycan tamaşaçıları arasında hansı fərqlər var. Biz çoxmu passivik?

- Elədir. Azərbaycan tamaşaçısına nəyisə sevdirmək çətindir. Mən bunu ürək ağrısı ilə yaşamışam. Düşünmüşəm ki, nağarada ifa etmək söz deyil ki, insanları cəlb edəsən. Mən ritm çalıram. Bunu insanlara necə sevdirəcəyimi çox götür-qoy etmişəm. Bizim tamaşaçıların əl çalmaları, alqışlamaları çox çətindir. Amma şükürlər olsun ki, mən bu alqışı zəhmətim sayəsində insanlardan ala bilirəm. Müqayisəyə gəlincə, xaricdə sənətini sevdirmək daha asandır, tamaşaçılar hər bir kiçik detala reaksiya verir, sənətə münasibətlərini alqışlarıyla sərgiləyirlər.
Bu gün musiqimiz Qara Qarayev, Fikrət Əmirov, Xan Şuşinski, Seyid Şuşinski səviyyəsindən çox aşağı düşüb. Sənətkarlar, düşüncəli musiqilər azalıb, bunların yerini bayağı musiqilər tutub, “nənəm, nənəm” tipli mahnılara meydan açılıb. Etiraf edək ki, indi Azərbaycan musiqisi toy üzərində qurulub. Bu gün toylarımızda əsasən bayağı musiqilər ifa edilir. Hamı oynayır, bizdə dinləmək yoxdur.
- Yeri gəlmikən, toylara gedirsiniz?

- Bəli, “çörəyimi“ toydan qazanıram. Evimi, maşınını, balalarıma çörəkpulunu oradan qazanıram. Konsert verməklə ailəmi saxlaya bilmərəm. Düzdür, xaricdə konsertlərim olur. Amma bir il ərzində 10-15 dəfə konsertə getməklə mən və yanımdakı 15-20 nəfər dolana bilməz axı… Toylara getmək məcburiyyətindəyəm. Amma onu da deyim ki, toylara insanları sənətimizə qulaq asdırmaq niyyətilə gedirəm. İstəyirəm, nağaranı dinləyib sevsinlər, hər dəqiqə mənim nağarama oynamasınlar. Düzdür, istək olanda nağarayla “Yallı” getmək başqa şeydir. Qəlbi qırmamaq üçün biz bunu edə bilərik. Amma bu, o demək deyil ki, biz oynayanlar üçün çalırıq. Toya 15-30 dəqiqəlik gedirəm və əvvəlcədən toy sahibiylə şərt kəsirəm ki, məni dinləyəcəklərsə, gəlim, dinləməyəcəklərsə, o auditoriya mənlik deyil.
- Gün ərzində neçə saat məşq edirsiniz?

- Əvvəllər 10-15 saat məşq edərdim. 24 saatın 3-4 saatını yatardım. Sonra həyat elə gətirdi ki, tanınmış insan oldum, dünyanın müxtəlif yerlərindən konsertlərə dəvət aldım, Azərbaycanda mənə tələbat artdı. Məndən asılı olmayaraq, tələbatı ödəmək, tədbirlərə, toylara, konsertlərə getmək lazımdır. Bir də görürsünüz ayla Bakıda olmuram. Buna görə gündəlik məşq saatlarım 10-12 saatdan 3-4 saata düşüb. Hətta bəzi günlər 1 saat çala bilirəm. Çünki işim həddindən artıq çoxdur. Gözləyirəm, Ümid bir az da böyüsün, bütün işləri onun öhdəsinə buraxıb, özüm yenidən 10-12 saatlıq məşqlərə başlayım.
- Natiq bəy, nağarada ifa edəndə sərt zərbələr vurursunuz. Barmaqlarınız o zərbələrə necə dözür?

- Nağaraya sevgi ilə vurduğum zərbələrdən zədə aldığım vaxtlar çox olub. Əlimi dəfələrlə əməliyyat etdirmişəm. 2004-cü ildə Tailandda 23 gün festivalda olduq. Zərbədən barmağımın birində yara açıldı və qanamağa başladı. Barmağımın qanını saxlaya-saxlaya festivalda çıxışımı davam etdirdim. Orada ermənilər də var idi və festival yarımçıq buraxa bilməzdim. Əlimdə qaralma getdi, müalicə almaq məcburiyyətində qaldım. Hər il əllərimlə bağlı müalicə götürürəm.
- Nağara sizin üçün nədir?

- Nağara mənim həyatımın bir parçasıdır desəm, azdır. Nağara mənim yaşamımdır. Ailəmdən, balalarımdan, əzizlərimdən sonra deməzdim, onlarla eyni səviyyədədir. Bəlkə də artıqdır, nəinki əskik. Çünki bu həyatda 5 yaşımdan əlimdə nağara olub. Bu gün də qucağımda övladımdan çox nağara gəzir. Nağaranın bir gözəlliyi də ondadır ki, digər alətlərdən fərqli olaraq, onu qucaqlayıb ifa edirsən. Nağara mənim yaşamım, çörəyim, suyumdur, mənim ailə həyatı əldə etməyimdir, əzizlərimin yanında hörmət qazanmağımdır...
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər