• cümə axşamı, 25 aprel, 04:15
  • Baku Bakı 19°C

Mövzularda lirik yanaşma Leyla Əliyeva yaradıcılığının nadir xüsusiyyətidir

13.08.18 21:00 1222
Mövzularda lirik yanaşma Leyla Əliyeva yaradıcılığının nadir xüsusiyyətidir
...Hər bir yaradıcı şəxsin mövzu seçimi onun dünyagörüşünün, fəlsəfi baxışlarının, həyatı dərk etməsinin, dərketmə və hissetmə duyğuları arasındakı mütənasibliyin, ən əsası isə mənəvi aləminin göstəricisidir. Yaradıcı mühitdə tez-tez rast gəldiyimiz bir ifadə var: sərlövhə mətnin yarısıdır! Bədii yaradıcılığı haqqında söhbət açdığımız şairə Leyla xanım Əliyevanın poeziya dünyasına nəzər yetirdikdə onun müraciət etdiyi mövzular ilə şeirlərinə seçdiyi adlar arasındakı tamamlayıcılıq özünəməxsus şəkildə zəngin harmoniya yaradır.
Nobel mükafatçısı, məşhur amerikalı yazıçı Villiam Falkner yazır ki, sənətkar üçün müqəddəs ruh sakitliyi və gündəlik rahat həyat önəmli deyil. Yazıçıya maddi cəhətdən azadlıq və müstəqillik yox, kağız və qələm lazımdır. Bu müdrik fikirlərin reallıq və inkarolunmaz gerçəklik olduğunu Leyla xanımın həyat və fəaliyyətində aydın şəkildə görə bilirik. Şairənin zəngin poeziya dünyasını poetik dildə belə təsvir edə bilərik:
Tanrı dərgahındadır şairə Leyla,
Təmasda yaşayır yıldızla, Ayla.
Hikmətlə, mənayla yükləyib gəmi,
Kədərdən danışır, o qovur qəmi.
Tanrıya sığınıb, qüvvət Ondadır,
Hüzura çatmaqçün eşq yolundadır.
Duyğusu, baxışı, zəngin varlığı,
Ona qısmət edib Natəvan dağı.
Leyla xanımın seçdiyi mövzulara yanaşma tərzi ilə Qırğız ədəbiyyatının ən böyük simalarından sayılan, dünya şöhrətli azadlıq şairi Toktogul Satılganovun yaradıcılığında çox böyük uyğunluq var. Məsələn, Toktogul Satılganov "Barpı[2] ilə qarşılaşma” poemasında yazır:
Yetimi görəndə ağladım,
Əzaba dözməyərək,
Bir ağırmı danışdım?
Hal-əhvalın soruşa bilməyərək.
Leyla Əliyeva da "Romada” şeirində də məhz eyni yanğı ilə miskin insanın acı taleyinə olan zərif hisslərini belə ifadə edir:
Romada bulaşıq bir skamyada,
Səssiz oturmuşam noyabr günü.
Böyrümdə əyləşib miskin bir səfil...
Görən nədir üzən onun könlünü?
İndi isə Toktogul Satılganovun "Əlvida, ana” şeirinin ilk bəndini təqdim edək:
Hıçqırdın ana, hıçqırdın,
Kədərim bir idi min etdin.
Səbr edə bilməzmidin,
Diriykən məni yox olmuş bildin...
Leyla Əliyeva:
Analar ağlayır hardasa, yəqin…
Göz yaşı – qəlblərə yağan bir dolu.
Kapilin anası bu gün xəstədi,
Yenə də yuxuma möcüzə dolub...
Tamam fərqli ictimai mənsubiyyətlərə malik Toktogul Satılganov və Leyla Əliyeva ayrı-ayrı dövrlərdə, müxtəlif ictimai-siyasi quruluşlarda yaşayıb yaratsalar da insani hislərini eyni ahəngdə tərənnüm edirlər. Hər ikisi mənəvi azadlıq aşıqidir. Onlar eyni mövzuları poeziya orkestrində sadəcə olaraq fərqli alətlərdə ifa edirlər. Ruhsal azadlıq onların poetik tərənnümünə xüsusi bir qol-qanad nəsib edib.
Yuxarıdakı müqayisələrdə görürük ki, iç dünyası poeziya aləminə özünəməxsus ifadə tərzi ilə zənginlik gətirən türk dünyasının şairləri təbiət hadisələrinə, insan hisslərinə və həyat gerçəkliklərinə eyni baxış bucağından yanaşma sərgiləyirlər. İfadə tərzlərindəki fərqlilik isə, məhz bizim idraki zənginliyimizdir. Təbiət hadisələri arasındakı münasibətləri məntiqi düşüncə ilə izləyə bilmək və ona poeziya çaları gətirmək sağlam dünyagörüşüdürsə, insan taleyinə sağlam yanaşmaq və o ağrını poetik dillə bölüşməyi bacarmaq mənəvi zənginliyin təzahürüdür ki, bütün bu nüansları yuxarıda təqdim etdiyimiz poetik ifadələrdə aydın görə bilirik.
Qeyd etmək istədiyim mühüm məqamlardan biri də şairənin müraciət etdiyi mövzuların gələcək poeziya yaradıcılığı üçün açdığı yeni üfüqlər barədədir. Mənə görə, müəllif "Sevgi və nifrət”, eləcə də "İblis”, "Sevgi qulu” və s. şeirləri ilə məhz bu adlarda duyğu və hisslərə işıq saçıb gələcəyin rəğbətini qazanmaq imkanında ola biləcək poemaların əsasını qoya bilib. Heç şübhə etmirəm ki, məhz bu mövzu əsasında yaratmaq imkanında olduğu poemalardakı ifadə tərzi ilə milyonların sevimlisi ola biləcək dastanların möhkəm təməlini qoya bilmişdir. Bu şeirlərdəki bünövrə əsasında eyniadlı poemaların yazılması mümkün olan ideyanı ortaya çıxarmışdır. Bəli, bu poemanı yazmaq üçün xanım Əliyevanın tükənməz poetik istedadı və potensialı vardır. Hansı ki, bu yaradıcılıq üslubu genetik baxımdan türk xalqlarına verilən Allah lütfüdür.
Ulularımızdan dünya ədəbiyyatına böyük miras qalmışdır. Fikirlərimizi əsaslandırmaq üçün müəllifin "Qızılbalıq” şeirini göstərə bilərəm.
–Yazıq balıq ilişdi
İti, bürünc qırmağa.
Qoca balıqçı isə,
Xəyalda varlanmağa.
Balıq söyləyincə ki:
"Əvəzini verərəm,
qaytar məni həyata”,
Qoca tez cavabında:
"Nə deyirəm... – söylədi,
Əvəzində mən səndən
qızıl istərəm” – dedi.
Arzu yetdi yerinə,
Qoca da istəyinə.
Amma sevinmək tezdi,
Balıq yenə də düşdü
Qocaların əlinə…
Tərəddüd etmədən bu şeiri kiçik həcmli, dərin mənalı poema kimi dəyərləndirirəm. Məhz bu şeir göstərir ki, müəllif adi bir hadisəni, əhvalatı, şifahi xalq ədəbiyyatının incisini, o cümlədən öz təfəkküründə formalaşan bir nağılı poetik təsvir etmək üçün fitri istedada malikdir. Buna nəsri nəzmə çevirmək qabiliyyəti də deyə bilərik.
...Zaman hər şeyə hakimdir. Elə ona görə də o, heç nəyə boyun əymir. Hər bir misrasında duyğusal azadlığa tapındığını ifadə etməyi bacaran Leyla xanım böyük filosof İmadəddin Nəsimi emosionallığı ilə zamanın əyilməzliyinə üsyan qaldırır və ona qarşı ittihamlarını böyük məharətlə poetik dillə ifadə edə bilir. Zamanla bağlı tez-tez roman və hekayələrdə də rast gəlirik. Görkəmli ingilis əsilli yazıçı argentinalı yazıçı (əsərlərini ispanca yazmışdır) Xorxe Luis Borxes "Özgə” adlı hekayəsində işlətdiyi "Çay (Charles çayı – S.Ş.) mənə istər-istəməz zamanı xatırladır...” ifadəsi olduqca düşündürücü olsa da, hekayəçi burada müqayisəsini davam etdirməyə sanki bir xəsislik göstərsə də elə həmin əsərində az sonra yazır: "Qocalmaq və süqut, yuxu və həyat, zamanın axarı və su”.
Leyla Əliyeva burada da öz düşüncələrini cilalanmış şəkildə incə çalarlarla təsvir edə bilmişdir:
Zaman hara axdı, görəsən, belə?
Mən-"Dayan!”-söylədim, o dayanmadı.
Yola toran çökdü saat altıda,
Əlimsə Günəşə uzana qaldı.
Və yaxud əfqan əsilli ABŞ-lı yazıçı Xalid Hüseyn dünyaca məşhur "Çərpələng uçuran” əsərində yazır: "Kaş ki, zamanı durdura bilərdim...”. Bu ifadəni təkrar-təkrar oxuyub düşüncəyə daldıqda mənə belə gəlirdi ki, yazıçı bir-birindən gərgin dramatik səhnələrin ağırlığında, obrazların inildədiyi sirlər sandığının içində sıxılır və oxucu qarşısında özünə bəraət qazandırmaq üçün fikrinin ardını təsvir etmir. Leyla Əliyeva isə sanki bu yerdə yazıçının acızliyinə acıyaraq "Zaman” şeiri ilə onun imdadına yetişir:
– Zaman, ayaq saxla, dayan bir anlıq,
Dayan, gözlə məni, sözümü dinlə.
Hara tələsirsən? Gizləmə danış,
Bölərəm sirrimi mən də səninlə.
Şairə misralarındakı hikmətə güvənərək zamana və taleyə meydan oxuyur. O, bütün hallarda mübarizliyini poetik dildə ortaya qoymağı bacarır.
"Mənə güc ver, İlahi!”, "Mənim Allah vergim!”, "Həyat nədir, ölüm nə?” kimi şeirlərində Leyla Əliyevanın böyük inanc və etiqadının şahidi oluruq. Şairə: "Həyat nədir, ölüm nə? Cənnətlə aramda qalıb bir pillə” ifadəsi ilə qəlbindəki İlahi eşqin sanki yaratdığı arxayınlığı tərənnüm edir.
Poetik ifadəsi belədir:
–Tanrı dərgahındadır şairə Leyla,
Təmasda yaşayır yıldızla, Ayla.
Hikmətlə, mənayla yüklənib gəmi,
Kədərdən danışır, o qovur qəmi.
Tanrıya sığınıb, qüvvət Ondadır,
Hüzura çatmaqçün eşq yolundadır.
Duyğusu, baxışı, zəngin varlığı,
Ona qısmət edib Natəvan dağı.
...Müasir həyat tərzimizin ayrılmaz parçasına çevrilən kompüter, İnternet, onlara dair texnologiyalar və proqramlar barədə fikir və mülahizələri poetik üslubda bölüşmək Leyla Əliyevanın müasir poeziya aləminə bəxş etdiyi çox böyük nemətdir. Hər gün dünyada yüzlərlə yeni şeir yazılır. Ola bilsin ki, bu mövzuya başqa müraciət edənlər də var. Hər halda, mənim üçün yenilikdir və müasir dünyanın canlı tərkib hissəsinə çevrilən "wi-fi”, "YouTube” kimi varlıqların insan həyatında oynadıqları əvəzsiz rol Leyla xanımın şeirlərində böyük bir istedadla tərənnüm olunur.
...Yazını təbrizli yazıçı-publisist, şair və tərcüməçi Əkbər Əlyar Həmidinin bir firi ilə bitirmək istərdim: "iftixarla deyə bilərəm ki, geniş ictimai-siyasi fəaliyyəti, elitar ailə mənsubiyyəti ilə tanınan Leyla Əliyeva zəngin fəlsəfi baxışlarına, nadir yaradıcılıq dünyası və poeziya səltənəti ilə bizə Xan qızı xatın Xurşidbanu Natəvanı xatırladaraq oxucunu heyrətdə qoyur”.
Yazıçı-publisist,
Sabir Şahtaxtı
banner

Oxşar Xəbərlər