• şənbə, 20 Aprel, 02:08
  • Baku Bakı 15°C

“Mövzu çox, saat azdır”

16.04.15 12:26 4079
“Mövzu çox, saat azdır”
Məktəb-Lisey Kompleksin tarix müəllimi, İlin müəllimi Aybəniz Muxtarova hesab edir ki, tarix fənni üzrə test imtahanlarında müəyyən qüsurlar movcuddur. “Kaspi”nin “Bir məktəbin tarixi” layihəsinə danışan müəllimənin fikrincə, test imtahanları gerçəkdən uşağın malik olduğu biliyi ortaya qoysa da, detallara daha çox yer verilir.
- Şagirdləriniz tarix fənnini sevirlərmi?

- Ümumiyyətlə, şagirlər dəqiq fənlərə meyl göstərirlər. İndiki şagirdlər zamanın nəbzini tutmaq istəyən uşaqlardır. Bu tip ixtisaslara daha çox üstünlük verildiyini görüb bu fənlərə meyil edirlər. Ancaq şagirdlərimizin humanitar fənlərə də meyili vardır. İndi şagirdlərin çoxunun ədəbiyyat, tarixi oxumağa həvəsləri var. Bəzən dəqiq elmlərə maraq göstərən uşaqların da humanitar fənlərə marağı olur.
- Tarix dərslikləri ilə bağlı səslənən iradlarda daha çox statistik məlumatlara yer verildiyi, mövzuların həddən artıq uzun və ağır olduğu, rəqəmlərin çoxluq təşkil etdiyi və s. ilə bağlı iradlar var.

- Həqiqətən də dərsliklərdə problemlər var. Xüsusən tarix dərsliklərində bu, daha çoxdur. Həm elmi cəhətdən səhvlərə rast gəlinir, həm də dil, üslub baxımından çoxlu səhvlər var. Doğrudan da xronologiyaya həddən artıq yer verilir və statistika üstünlük təşkil edir. Bu qüsurlar müasir dövrlər üzrə daha çoxdur. Dərsliklərdəki mövzular bir növ ali məktəblərdəki dərsləri təkrarlayır. Elə bil ki, o dərsliklərdəki hissələrdən götürülüb və bu dərsliklərə qoyulub. İndi kurikulumla dərs keçən şagirdlərin dərslikləri dəyişilib. Yeni yazılan dərsliklərdə statistika azdır. Hətta 6-7-ci sinif dərsliklərində mətnlərdə də ixtisar gedib. Dil üslubiyyəti də yüngülləşib. Ancaq 7-ci sinifdə proqram materialı ağırlaşıb. Əvvəllər 7-8-ci sinifdə keçdiyimiz mövzuları indi tamamilə 7-ci sinifdə keçirik. Buna uyğun olaraq da 7-ci sinfin proqram materialında sıxlaşma müşahidə olunur. Mövzu çoxdur, amma öyrətmək üçün saat azdır. Ona görə dərsi 45 dəqiqəyə sıxışdırmaq çətinlik yaradır.
- Test imtahanları ilə bağlı səslənən iradlara münasibətinizi bilmək istərdim.

- Test imtahanları gerçəkdən uşağın malik olduğu biliyi ortaya qoyur. Şagird öz biliyini orada ifadə edə bilir. Bu, həqiqətən də bütün dünyada qəbul olunmuş bir sistemdir. Amma bəzi nöqsanlar var ki, onları aradan qaldırmaq çox yaxşı olar. Məsələn, test imtahanlarında tarix fənni üzrə detallara daha çox fikir verilir. Uşaq hadisələrin mahiyyətini daha çox öyrənməlidir. Ancaq biz məcburiyyətdən daha çox detalları öyrətməyə məcbur oluruq ki, bu, test imtahanında tələb olunur. Testdə uşaqdan xronologiyanı dəqiq bilmək tələb olunur. Bunu da təxmin etmək çox çətindir, hər uşaq bunu bacarmır.
- Şagirdlərin vətənpərvər ruhda tərbiyə olunması üçün hansı işləri görürsünüz? Məsələn, Rusiyada məktəblilərə vətənpərvərlik filmləri nümayiş etdirilir, bu yöndə ədəbiyyat tövsiyə edilir.

- Bu, çox ciddi məsələdir. Burada hər bir fənn müəlliminin üzərinə böyük iş düşür. Xüsusən humanitar fənn müəllimləri bu istiqamətdə daha aktiv olmalıdırlar. Tarix müəllimlərinin rolu isə bu işdə danılmazdır. Biz interaktiv lövhələr vasitəsilə şagirdlərə bu istiqamətdə lazım olan materialları təqdim edirik. Yeri gəlmişkən, müəllimin özü də hər dərsdə bu məsələyə toxunmalıdır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər