• çərşənbə axşamı, 19 mart, 12:41
  • Baku Bakı 8°C

Mövsümi allergik xəstəliklərindən necə qorunmaq olar?

14.04.18 09:30 1215
Mövsümi allergik xəstəliklərindən necə qorunmaq olar?
Mövsüm dəyişikliyi ilə əlaqədar olaraqbəzi xəstəliklər və viruslar fəallaşır. Xüsusilə də allergik xəstəliklər bu dövrdə baş qaldırır. Bu dönəmlərdə immuniteti zəif olan insanlar, əsasən də uşaqlar xüsusi olaraq qorunmalıdırlar.Həkimlər bildirir ki, bu dövrdə göz damcılarından, burun spreylərindən və allergiya əleyhinə dərmanlardan istifadə edilməlidir.
Allergik xəstəliklərdən biri də bronxial astmadır. Dünyada olduğu kimi, Azərbaycanda da bu xəstəlik çox yayılıb. Əhalinin təqribən 5-8 faizində bronxial astma müşahidə olunur. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov dünən keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, yazın gəlişi ilə əlaqədar allergik xəstəliklər çox müşahidə olunur. Həm böyüklər, həm də kiçiklər arasında ən çox rast gəlinən allergik xəstəliklər isə pollinozdur: "Belə xəstələrin burnunda daim selik olur, dəfələrlə asqırır. Xəstəlik hətta bronxial astmaya səbəb olur”.
Baş allerqoloqun sözlərinə görə, çox vaxt insanlar allergik xəstəlikləri virus xəstəlikləri, qrip kimi qəbul edirlər və buna görə də xəstələri səhvən antibiotiklərlə müalicə edirlər: "Allergik xəstəliklərdən fərqli olaraq qrip zamanı tərləmələr də olur. Xəstələr vaxtında allerqoloqa müraciət etsələr, sonda onların vəziyyəti ağırlaşmaz və astmadan da əziyyət çəkməzlər. Nəmlik olan ərazilərdə astma törədən "ev gənələri” bu xəstəliyə irsi meyilliliyi olan insanlarda astmanın yaranmasına imkan verir”.
Bu xəstəliyin irsən keçib-keçmədiyini və ondan qorunmaq üçün nələr etmək lazım olduğunu öyrənməyə çalışdıq.
Tibb elmləri doktoru, professor Amaliya Eyyubova bildirir ki, uşaqlarda hansısa bir xəstəliyin bilinməsində valideynin rolu böyükdür. Valideyn daim uşağı nəzarətdə saxlamalıdır: "Pollinoz xəstəliyinə "samaotu” qripi də deyilir. Fəsil dəyişən zaman, xüsusilə də, aprel ayında bu xəstəlik baş qaldırır. Hazırda təbiətdə gedən tozlanma prosesi və çiçəklərin açılması xəstəliyin başlamasına təsir edir. Bu xəstəlik ilk olaraq zökəm kimi başlayır. Asqırma, burun tutulması, çətin nəfəsalma və s. kimi hallar baş verir. Hətta o qədər asqırma olur ki, gözlərdən yaş gəlir. Böyüklərdə və kiçiklərdə göstəricilər eynidir. Çünki törədici birdir - otlardır. Uşaqlar arasında ən çox yayılan allergik xəstəlik astmadır. Demək olar ki, 80% uşaqda rast gəlinən xəstəlikdir. Bəzən valideynlər fikir vermirlər, uşaqların burnu axır, qrip kimi olurlar. Elə bilirlər ki, adi zökəmdir. Amma bu, allergik xəstəlik də ola bilər. Vaxtında müəyyən edilib, müalicə olunmazsa, sonra ciddi sağalmaz xəstəliyə çevrilə bilər. Ona görə də valideynlər uşaqlara nəzarət etməlidirlər. Hər hansı bir hal dəyişikliyi baş verdikdə, mütləq həkimə müraciət etməlidirlər”.
Həkimdən bu xəstəliyin irsən keçici olub-olmadığını soruşduq: "Bu xəstəliyin konkret olaraq irsi keçiciliyi yoxdur. Amma valideynlərdən birində varsa, uşağa meyillilik keçə bilər. Məsələn, anada pollinoz xəstəliyi varsa, bu zaman uşaqda atopik dermatit xəstəliyinin olma ehtimalı yaranır. Bunun üçün uşağı mütləq həkim müayinəsindən keçirmək lazımdır”
Müsahibimiz deyir ki, bu xəstəlikdən qorunmaq mümkündür: "Yaxşı olar ki, allergik xəstəliyi olan insanlar küləkli havalarda ev şəraitində olsunlar, çölə çıxmasınlar. Pəncərələrin hamısında tor olsun. Və həmin torlar da gündə bir neçə dəfə nəm əski ilə silinməlidir. Çünki havadakı tozcuqlar hopur tora və oradan da evə daxil olur. Həmçinin uşaqların yediyinə, içdiyinə xüsusi fikir vermək lazımdır. İlk olaraq onları analiz edib, hansı qidalara qarşı allergiyalarının olduğunu müəyyənləşdirmək lazımdır. Bundan başqa, geyindikləri paltar, yatdıqları yorğan-döşək sintetik yox, pambıqdan hazırlanmış olmalıdır. İndi mağazalarda allergiyaya qarşı yastıqlar satılır. Yaxşı olar ki, onlardan alıb istifadə etsinlər”.
Allerqoloq Aytəkin Həsənzadə bu xəstəlikdən necə qorunmaq haqda sualımızı belə cavablandırdı: "Bu xəstəliyin müalicəsi xəstənin narahatlıq dərəcəsindən asılıdır. Ola bilər xəstəlik bütün il boyu, ya da ilin müəyyən vaxtlarında narahatlıq versin. Xəstəliyin elə formaları var ki, onu yüngül dərmanlarla müalicə etmək olur. Amma əvvəlcə dəri sınağı etmək lazımdır. Məsləhətdir ki, dəri sınağı allergik dövrdə yox, xəstəliyin müəyyən qədər sakitləşdiyi bir vaxtda edilsin. Çünki allergik dövrdə dəri sınağını etdikdə, xəstəlik daha da şiddətlənib başqa fəsadlara səbəb ola bilər. Dəri sınağından sonra xəstənin nələrə qarşı allergiyasının olduğunu bilib, ona həmin şeylərdən uzaq durmağı tövsiyə edirik. Yaxşı olar ki, küləkli havalarda qapı, pəncərə bağlı olsun. Çölə çıxıb gəldikdən sonra isə vanna qəbul etmələri məsləhət görülür. Eynəklərdən, maskalardan istifadə etsinlər. Yəni xəstələr həmin dövr keçənədək bunlardan istifadə etsələr, ciddi fəsadlarla qarşılaşmazlar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər