"Mövlanə Mübadilə" Proqramının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetinin tələbələri
üçün "Mövlanə Mübadilə” Proqramının təqdimatı keçirilib.
Tədbirdə iştirak edən AzTU-nun Beynəlxalq Əlaqələr
şöbəsinin müdiri, dosent Natiq Əhmədov çıxış edərək layihə haqqında ətraflı məlumat
verib və tələbələri bu layihədə iştirak etməyə dəvət ediblər. Natiq Əhmədov
bildirib ki, AzTU bu layihə çərçivəsində Türkiyənin bir çox nüfuzlu ali təhsil
müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Qeyd olunub ki, layihə çərçivəsində
hazırda AzTU-nun tələbələri Türkiyənin müxtəlif universitetlərində təhsillərini
davam etdirirlər.
Daha sonra "Mövlanə Mübadilə” Proqramı çərçivəsində
AzTU-da və Türkiyədə təhsil alan gənclər öz təəssüratlarını tələbələrlə bölüşüb
və təhsil aldıqları ali məktəblərin fərqli tədris metodikasından, onlara
yaradılan şəraitdən söz açıblar.
Qeyd edək ki, "Mövlanə Mübadilə” Proqramı ("Mevlana Değişim” Programı) Türkiyənin
ali təhsil qurumları ilə digər dünya ölkələrinin ali təhsil müəssisələri
arasında tələbə və müəllim mübadiləsini həyata keçirən bir proqramdır. Bu layihəyə
Azərbaycandan ilk olaraq AzTU 2014-cü ildə qoşulub.
