• cümə, 26 Aprel, 16:24
  • Baku Bakı 23°C

Mövlananın bəhs etdiyi dahi Azərbaycan mütəfəkkiri

30.09.14 16:55 1497
Mövlananın bəhs etdiyi dahi Azərbaycan mütəfəkkiri
Hazırda faşizmin simvolu sayılan svastika əslində hələ qədim dövrlərdən Azərbaycanda da müxtəlif sahələrdə tətbiq edilirmiş. Bu nişanəyə orta əsrin dekorativ sənət nümunələrində rast gəlmək mümkündür. Gəncədə isə hətta tunc dövründən qalma küpün üzərində də svastikaya rast gəlinir. Bu və Gəncədə mövcud olan digər nadir eksponatlar haqqında həmin rayona səfər edən jurnalistlərə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ramil Vəliyev məlumat verib.
Ramil Vəliyevin sözlərinə görə, Tarix-Diyarşünaslıq muzeyi vaxtilə Gəncənin yeganə muzeyi olub. İndi isə şəhərdə daha möhtəşəm muzey və mədəni mərkəzlər inşa edilib, bu müəssisələr tarixi gerçəklikləri əks etdirən dəyərli eksponatlarla zənginləşdirilib. Hazırda Tarix-Diyarşünaslıq Muzeyində 30 mindən çox eksponat var. Bunlar arasında nadir inci sayıla biləcək tapıntılar da az deyil. Məsələn, XII əsrə, Atabəylər dövrünə aid “Qızıl Arslan” çırağı Məhəmməd Cahan Pəhləvanın öz qızına verdiyi cehizdir. Yaxud, dəmirdən olan döyüş əlcəkləri Azərbaycanda yalnız Gəncədə aşkar edilib. Bundan əlavə, rayon muzeylərində tunc dövrünə aid qılınclar, 12-ci əsrə aid Gəncədə zərb olunmuş sikkələr, XIII-XVI əsrlərə aid zirehli geyimlər, silahlar, qızıl işləmələrlə dəbilqə, əmud, topuq və digər əşyalar saxlanılır.
Gəncə Tarix-Diyarşünaslıq muzeyində neçə min il yaşı olan qəbir, cənazə ilə birlikdə torpağa gömülən gil qablar, ağac cam, dəmir bıçaq da saxlanılır. R.Vəliyevin sözlərinə görə, 2015-ci ildə bu muzey əsaslı təmir olunacaq: “Etiraf etmək lazımdır ki, cənab prezidentin bu sahəyə xüsusi qayğı və diqqəti var. Gəncənin özündə də geniş abadlıq işləri gedir və mədəni-tarixi abidələrin bərpası bu məsələdə ilk yerlərdədir”.
Gəncədə olan jurnalistlər həmçinin Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksini gəziblər. Bu muzeyin qala qapılarının içində yerləşməsi daha çox maraq cəlb edib. Bu ilin əvvəlində açılışı olan Qalanın hər iki tərəfində birinci mərtəbələrdə və yeraltı keçiddə dahi Nizami Gəncəvinin sələfləri və xələflərinin şəkillərindən ibarət qalereya yaradılıb. Qalanın üçüncü mərtəbəsində etnoqrafik muzeydə xalça məmulatları, Şərq süfrə mədəniyyətinə xas çay dəstgahı, dulusçuluq məhsulları, misgərlik sənəti nümunələri və digər etnoqrafik əşyalar təqdim olunur.
Gəncədə yeni salınmış Nizami muzeyində isə dahi mütəfəkkirin əlyazmalarının surətləri, bəzilərinin isə orijinalı saxlanılır. Ramil Vəliyev xatırlatdı ki, dövrünün ən böyük şeyxi olan Nizaminin adı o dövrün istənilən dahi mütəfəkkirinin əsərlərində çəkilib. Onun adına Mövlananın, Füzulinin əsərlərində dəfələrlə rast gəlinib. Söhbət zamanı o da vurğulandı ki, Nizami Gəncəvi dünyada əsərlərinə ən çox nəzirə yazılan şəxsiyyətdir. Direktor hesab edir ki, Gəncədəki nadir eksponatların bütün dünyaya tanıdılması, təbliğinə böyük ehtiyac var və artıq bu istiqamətdə bir sıra işlər görülüb.
Gəncədə olan KİV işçiləri gün ərzində Gəncə Qala Kompleksində, Tarix-Diyarşünaslıq Muzeyində, Nizami Gəncəvi məqbərəsində və Məhsəti mərkəzində olublar, Heydər Əliyev mərkəzinə baş çəkiblər.
Qeyd edək ki, jurnalistlərin Gəncə səfəri Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin təşəbbüsü ilə “Muzeylərin tanıdılması yolu ilə mənəvi-əxlaqi dəyərlərin təbliği” layihəsi çərçivəsində baş tutub. Sözügedən layihə Perzident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilir. Layihə boyunca PJB üzləri Yardımlı, Gədəbəy rayonlarındakı muzeyləri ziyarət ediblər. Yaxın günlərdə Qobustan Təbii Qoruq kompleksinə səfəri də nəzərdə tutulub.

banner

Oxşar Xəbərlər