• çərşənbə axşamı, 23 aprel, 18:33
  • Baku Bakı 20°C

Muzeylərin izahlı və izahsız qiymətləri Araşdırma

09.07.13 09:10 3905
Muzeylərin izahlı və izahsız qiymətləri Araşdırma
- Burada nə edirsiniz?
- Müəllimimizin verdiyi tapşırığı hazırlayırıq.
- Dərsinizi niyə evdə, dərsdə deyil, Topqapı Sarayında hazırlayırsınız?
- Tarix müəllimimiz belə tapşırıb. Bizi qruplara bölüb. Və hər qrupa bir tarixi abidə barədə esse hazırlamağı tapşırıb. Bunun üçün mütləq tarixi abidəni hiss etməliyik, məlumatlar toplamalıyıq və sonra yazını hazırlamalıyıq.
Bu sözləri bizimlə söhbətində İstanbulda Topqapı Sarayında əlində qələm dəftərçəsində qeydlər edən 12-13 yaşlı Yıldız Doğan dedi. Yıldızın sözlərinə görə, onu və onunla birgə bir qrupu buraya “Türkiyə tarixi”ndən dərs deyən müəllimləri göndərib: “Həm abidənin tarixi, həm də abidə barədə nələr düşündüyümüzü yazmalıyıq. Belə bir tapşırıq ilk dəfə deyil. Bundan əvvəl mənə Sultan Əhməd və Dolma Bahçedən yazmaq həvalə olunmuşdu. Şagirdlər üçün giriş pulsuz olduğundan hər zaman muzeylərimizə gedə bilirik”.
Azərbaycan Turizm Universitetinin tələbəsi Səbinə Tağıyevaya da müəllimləri tərəfindən tapşırıq verilib ki, İncəsənət Muzeyinə gedib orada kiçicik tədqiqat aparsınlar. Amma S.Tağıyeva bizimlə söhbətində muzeyə girişin pullu olub olmaması barədə narahatçılıq keçirdiyini bildirdi.
Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində tarixi abidələr, muzeylər orta məktəb şagirdləri və tələbələr üçün pulsuzdur. Məsələn, İngiltərədəki Britaniya, Elm və tarix muzeyləri, Səfəvilər dövlətinin şahı Təhmasibə məxsus qılıncın saxlanıldığı Viktoriya və Albert Muzeyi, Şotlandiya Milli Muzeyi və digər muzeylərdə şagird və tələbələr rahatlıqla pulsuz-parasız muzeylərə giriş əldə edə bilirlər. buna görə də sözügedən muzeylərdə şagird və tələbələri tez-tez görmək olar. Hətta inkişaf etmiş ölkələrdə bəzi dərslər muzeylərdə tədris olunur. Bəs Azərbaycanda vəziyyət necədir? Heç bir yerdə işləyib pul qazana bilməyən şagird və tələbələr tarixi abidələrimizi pulsuz ziyarət etmək imkanına malikdirlərmi?
İzahlı 3 manat, izahsız 60 qəpik
Öyrəndik ki, Azərbaycan memarlığının şah əsəri olan, XV əsrin əvvəllərində tikilən Şirvanşahlar sarayı və XII yüzildə tikilən, hazırda təmirə dayanan Qız Qalasına şagird və tələbələrin pulsuz girişi qadağandır. Tələbələr üçün giriş 60 qəpik, məktəblilər üçün 20 qəpikdir. Böyüklər və əcnəbilər isə 2 manat verib abidəyə daxil ola bilər. Ancaq ekskursiya qiymətləri, yəni bələdçi ilə sözügedən abidələri ziyarət etmək üçün daha çox pul xərləmək lazımdır. Belə ki, böyüklər bunun üçün 6 manat, tələbələr 3 manat, məktəblilər isə 1 manat müqabilində bələdçinin məlumatlarından yararlana bilərlər.
Muzey Mərkəzində fəaliyyət göstərən Teatr Muzeyindən də tələbə və şagirdlərin pulsuz istifadə etmək şansı yoxdur. Belə ki, sözügedən muzeyə giriş tələbələr üçün 50 qəpik, məktəblilər üçün 20 qəpikdir. Böyüklər 1 manat, əcnəbilər isə 2 manat müqabilində muzeyə daxil ola bilərlər. Amma muzeylə ətraflı, yəni bələdçili tanışlıq üçün yuxarıda yazdığımız məbləğdən əlavə, uşaq və məktəblilər 50 qəpik, tələbələr 1 manat, yerli vətəndaşlar 1.5, əcnəbilər isə 2 manat ödəməlidirlər.
Müharibə veteranları, şəhid ailələri də pul verməlidir
Xalça Muzeyindəki vəziyyətə gəlincə, muzey köçmə ərəfəsində olduğundan muzeydə yalnız bir neçə sərgi fəaliyyət göstərir. Sərgilərin qiyməti isə əcnəbilər üçün 5 manat, yerlilər üçün 1.5 manatdır. Tələbələr 60 qəpik, məktəblilər 30 qəpik verib muzeyə giriş əldə edə bilərlər. Muzeydən onu da öyrəndik ki, incəsənət profilli ixtisaslarda oxuyan təhsil müəssisələrinin şagird və tələbələri üçün giriş pulsuzdur.
Vaxtilə Zeynalabdin Tağıyevin şəxsi mülkü olan, hazırda isə muzey kimi fəaliyyət göstərən Tarix Muzeyinə giriş şagird, tələbə, hərbi məktəblərin müdavimlərinə 2 manatdır. Böyüklər isə muzeyə daxil olmaq üçün 5 manat ödəməlidirlər. Ekskursiya xidmətindən yararlanmaq üçün isə biletdən əlavə böyüklü-kiçikli hər kəs 10 manat ödəməlidir. Qrup halında ekskursiya xidmətindən yararlanmaq istəyənlər üçün isə endirim var. Bunun üçün hər kəs 3 manat ödəməlidir. Elektron gid isə 3 manatdır. Ən təəssüfedici məqam isə odur ki, müharibə veteranları və şəhid ailələri, işləməyən I-II qrup əlillər, həqiqi hərbi xidmətdə olan əsgərlər üçün belə muzeyə giriş pulludur. Sözügedən qrupa daxil olanlar 50 qəpik müqabilində muzeyə giriş əldə edə bilərlər. Uşaq evlərində və internat məktəblərində yaşayanlar da Tarix Muzeyinə giriş üçün 20 qəpik verməlidirlər. Yalnız milli qəhrəmanlar və məktəb yaşına çatmamış uşaqlar, muzey işçiləri muzeydəki eksponatlarla pulsuz tanış ola bilərlər.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər