Muzeylər sahibkarlıq fəaliyyətinə hazırdı?
Yeni təsdiqlənmiş "Azərbaycan Milli Elmlər
Akademiyasının muzeylərinin sahibkarlıq fəaliyyətini həyata keçirməsi qaydası”na
əsasən, muzeylər fəaliyyətlərinin genişləndirilməsi, maddi-texniki bazalarının
möhkəmləndirilməsi və işçilərinin əməyinin stimullaşdırılması məqsədilə
sahibkarlıq fəaliyyəti həyata keçirəcəklər. Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) muzeylərinin məşğul ola biləcəyi sahibkarlıq fəaliyyət
növləri 16 ödənişli xidmət üzrə həyata keçiriləcək. Həmin xidmətlər pullu
giriş, ekskursiya xidməti, muzeylər tərəfindən sifarişlərə əsasən foto və
videoçəkilişlərin aparılması, fondlardakı sənədlərin və şəkillərin surətlərinin
çıxarılması, tərcümə, redaktə, məsləhət və digər yaradıcı xidmətlərin
göstərilməsi, şəxsi əşyaların bərpası, fondlardakı materiallar haqqında
sorğulara izahların hazırlanması, konsert, yubiley, bayram və digər kütləvi
tədbirlərin keçirilməsindən ibarətdir. Həmçinin sərgi-yarmarkaların təşkili,
hərraclar, suvenirlərin satışı üzrə mağazaların fəaliyyəti, xüsusi tədris
kurslarının, təlim, treninq və ustad dərslərinin təşkili, kafe, restoran
fəaliyyəti, mühazirələrin oxunması və elmi seminarların keçirilməsi,
dərnəklərin və məşğələlərin təşkili, mətbəə məhsullarını hazırlamaq, nəşr etmək
və satmaq, xronikal və bədii süjetlərin, filmlərin hazırlanması və tirajlanması
da xidmətlərə daxildir.
Qayda ilə pullu giriş və fondlardakı sənədlərin və
şəkillərin surətlərinin çıxarılması xidmətlərinin xidmət haqları da müəyyən
edilib. Tərcümə, redaktə, məsləhət və digər yaradıcı xidmətlərin göstərilməsi
və xronikal və bədii süjetlərin, filmlərin hazırlanması və tirajlanması
xidmətlərinin göstərilməsi üzrə nəzərdə tutulmuş fəaliyyət növlərinə görə
haqlar isə muzeylərlə fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki hüquqi
müqavilələr əsasında müəyyən ediləcək. O cümlədən, şəhid ailələrinin üzvlərinə,
Qarabağ müharibəsi veteranlarına və 70 yaşından yuxarı vətəndaşlar üçün giriş
pulsuzdur.
Trendlərdən
xəbərsiz
Dünya ölkələrinin ən məşhur muzeylərinin fəaliyyətinə nəzər saldıqda,
müəssisələrin nüfuzunun artmasında, turist axınının çoxalmasında təkcə böyük
bir elmi mərkəz kimi fəaliyyət göstərmələri deyil, həm də sahibkarlıq
fəaliyyətinin yüksək səviyyədə həyata keçirmələrinin rol oynadığını görərik.
İngiltərə, İtaliya, Avstriya, Almaniya, Türkiyə, o cümlədən qonşu Rusiyanın
dünyaca məşhur muzeyləri gəlirlərini muzeylərin girişində qurduqları ianə
qutularından başlayaraq müxtəlif sahibkarlıq fəaliyyətləri ilə həyata keçirir
və yüksək qazanc əldə edirlər. Qazanılan vəsait isə muzeylərin, mədəniyyət
müəssisələrinin modern üslubda xidmət göstərməsində, ən müasir avadanlıqlarla
təchizatında rol oynayır. Muzeyə gələnlər təkcə ekspozisiyaları seyr etmirlər,
həmçinin film izləyir, istirahət edir, kafe və restoranlarda yemək yeyir,
suvenir, kitab və müxtəlif əşyalar alırlar. Muzeylərdə dərslər keçirilir,
tələbələr yetişdirilir, treninqlər təşkil olunur. Yaxşı təcrübəyə xərclənən
pullar, həmçinin maliyyə qazandırır. Qazanılan vəsait xidmətin yüksək
inkişafına və təqdimatına yol açır. Bu baxımdan, dünya muzeylərinin
ziyarətçilərinin sayı milyonlarla ölçülür.
Bizim elmi muzeylərin gec də olsa sahibkarlıq fəaliyyəti
istiqamətində xidmətlərini qurmaları ilə bağlı qərar gec verilsə də,
təqdirəlayiqdir. Amma təəssüf doğuran hal muzey rəhbərlərinin hələ bu
istiqaməti necə müəyyənləşdirəcəklərindən xəbərsiz olması ilə bağlıdır. Muzeylərin işçiləri də dünya muzeylərində baş
verən trendlərdən məlumatsız görünürlər.
Məsələn, AMEA nəzdində
fəaliyyət göstərən muzeylərin - Milli Azərbaycan Tarix Muzeyinin rəhbər heyəti
məzuniyyətdə olduğu üçün, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat
Muzeyinin rəhbərliyi isə hələ bu istiqamətdə danışmaq istəmədiyi üçün onlardan
sahibkarlıq fəaliyyəti istiqamətindəki planları ilə bağlı məlumat öyrənmək
mümkün olmadı.
AMEA Hüseyn Cavidin
Ev-Muzeyinin elmi katibi Gülnar Dadaşzadə isə indiyə qədər sahibkarlıq növlərinin
inkişafı istiqamətində fəaliyyət göstərmədiklərini bildirir: "Muzey indiyə
qədər işini sahibkarlıq növlərinin inkişafı istiqamətində qurmayıb. Bundan
sonra fəaliyyəti bu istiqamətdə həyata keçirəcəyik”. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad
Quliyev müasir gündəmdə muzeylərin idarə edilməsində innovasiyaların tətbiqi
ilə bağlı mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsini vacib hesab edir.
Belə ki, AMEA nəzdində fəaliyyət göstərən muzeylərin fəaliyyətinin
təkmilləşdirilməsi baxımdan, muzey işinə ümumi konsept yanaşmanı əks etdirən
xüsusi proqramın hazırlanmasına ehtiyac vardır: "Şübhəsiz ki, AMEA nəzdində
fəaliyyət göstərən muzeylər ölkəmizin mədəni tarixinin kompleks şəkildə əks
etdirən fundamental informasiyanı özündə cəmləşdirib. Bu baxımdan da, muzey
işinin təşkili cəmiyyətimizdə olan yeni tələblərin çağırışına cavab verməlidir.
İlk növbədə, maddi-mədəniyyət nümunələri sərgilənən muzeylərin daxilində
ekspozisiyada olan arxeoloji materialların replikasının hazırlanması (surətinin
olduğu kimi çıxarılması) və onların suvenir olaraq ticarətinin təşkili ölkəmizdə
muzey işinin fəaliyyətində yenilik ola bilər. Nəzərə almaq lazımdır ki, burada
ölkəmizin tarixini əks etdirən artefaktların replikası sonradan brend
suvenirlərin meydana gəlməsinə xidmət edə bilər”. F.Quliyevin sözlərinə görə,
dünya praktikasında muzeylərin fəaliyyətində interaktiv layihələrin tətbiqi
ictimaiyyətin diqqətini cəlb edən faktorlardan biridir. Burada muzeylərdə
uşaqların intellektual inkişafına xidmət edən əyləncəli layihələrin həyata
keçməsi əsas rolda çıxış edə bilər: "Misal üçün, tariximizin hər hansı bir
dövrünün fərqli sərgilənməsi üsulları mövcuddur. Uşaqlar sanki həmin dövrün
içərisinə səyahət etmiş olur. Qədim dövrün həyat tərzini və dövrün
hadisələrinin iştirakçısına çevrilirlər. Bu cür fərqli ənənəvi olmayan üsullar,
həmçinin böyüklərin də diqqətini cəlb edir. Bir məsələni anlamaq vacibdir ki,
muzey işinin təşkilində polyarlaşdırmaq məqsədilə fərqli üsulların tətbiqi ictimaiyyətin
marağını cəlb edən effektli və gəlirli layihələr hesab olunur. Muzeylər
insanlar üçün həm fundamental informasiyanın çatdırılması, həm də istirahətin
təşkil edilməsi üçün infrastrukturlara çevrilə bilər”.
Pullu
xidmətlər təşviq edilir
AMEA institutlarının
muzeylərinin işlərini nə vaxtsa sahibkarlıq fəaliyyəti istiqamətində
quracaqlarına, pul qazanacaqlarına ümid edərək, Mədəniyyət və Turizm
Nazirliyinin tabeçiliyində olan mədəniyyət müəssisələrinin bu istiqamətdə
fəaliyyəti ilə maraqlandıq.
AMEA
-da bu məsələnin indi gündəmə gəlməsini təəccüblə qarşılayan Mədəniyyət və
Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev nazirliyin tabeçiliyində
olan mədəniyyət müəssisələrinin artıq sahibkarlıq fəaliyyəti ilə məşğul
olduğunu deyir. Belə ki, Xalça muzeyində kafe fəaliyyət göstərir. Həmçinin
pullu xidmətlər bir neçə il öncə Maliyyə Nazirliyinin təsdiq etdiyi cədvəl
əsasında həyata keçirilir: "Həmin pullu xidmətlər nəinki muzeylərdə, hətta
digər mədəniyyət müəssisələrində də göstərilir. Bura iaşə, çap məsələləri,
müxtəlif dərnəklərin yaradılması məsələsi daxildir. Bu xidmətlər bizim
muzeylərdə var. Ola bilər ki, birində az, birində çoxdur və həmin xidmətləri
genişləndirməyə ehtiyac var. Yəni bütün problemləri dövlətin üzərinə yıxmaq
düzgün deyil. Müəssisələr özləri müəyyən qədər vəsait qazanmalıdır. Təbii ki,
dövlət əsas gücü öz üzərinə götürür. Ancaq elə problemlər var ki, müəssisələr
onu özləri həll etməyi bacarmalıdırlar”. Nazirlik rəsmisinin sözlərinə görə,
bizim müəssisələrdə pullu xidmətlər qadağan deyil, əksinə onlar təşviq edilir:
"Pullu xidmət, fəaliyyətin kommersiyalaşdırılması deyil. Tutaq ki, müəssisə
hansısa əlavə bir xidmət göstərir və qanunvericiliyə uyğun olaraq ondan vəsait
qazanır”. F.Babayevin fikrincə, mədəniyyət müəssisələrinin sahibkarlıq
fəaliyyəti ilə məşğul olması ziyarətçilərin rahatlığını və zövqünü təmin etməyə
xidmət edir: "Muzeyə gələn adam təkcə eksponatlara baxıb yorulmalı deyil. O,
muzeyin daxilində çay və ya kofe içə, yemək yeyə bilər. Hansısa qrup şəklində sifariş
edilən ekskursiya da pullu ola bilir. Hansısa bir əsərin nüsxəsini sifariş
etmək mümkündür. Bununla belə, göstərilən xidmətlər muzeyin əsas fəaliyyətinə
mane olmamalıdır. Bəzən kommersiya məsələsi fəaliyyəti üstələyir. Bu, qətiyyən
yolverilməzdir”. Sahibkarlıq fəaliyyəti zamanı əldə edilən vəsaitə gəlincə,
nazirlik rəsmisi bildirir ki, qazanılan pullar büdcəyə daxil edilməli, kiminsə
cibinə getməli deyil. Belə ki, vəsait muzeyin inkişafına, işçilərin hansısa
maddi həvəslənməsinə sərf oluna bilər.
İstiqlal
Muzeyinin direktoru Fəridə Şəmsi rəhbərlik etdiyi muzeyin əsas
qazancının bilet satışından olduğunu deyir: "İl ərzində muzeyi 6-7 min adam
ziyarət edir. Tədbirlər keçiriləndə və açıq qapı günlərində 300-500 nəfər
muzeyə gəlir”. Bundan əlavə, muzeydə açıq dərslər keçirilir: "Ancaq muzeyin
sahibkarlıq fəaliyyəti istiqamətində kafe və restoranı yoxdur. Bu tip xidmət
növlərinin olması yaxşı olardı. Ancaq bunun üçün bizə nazirlikdən dəstək
olmalıdır”.
İçərişəhər
Tarixi Muzeyinin direktor müavini Gülnar Əliyeva muzeyin pullu xidmət
göstərdiyini bildirir. Həmçinin İçərişəhər ərazisində fəaliyyət göstərən bəzi
restoran və kafelər ümumi kassaya pul ödəyirlər və muzey onlardan da gəlir
götürür: "Muzeydə bəzi sərgilər pulsuz keçirilir. Həmçinin müəyyən təbəqələr,
məsələn, hərbçilər, əlillər üçün güzəştlər nəzərdə tutulur”. G.Əliyeva
sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün müxtəlif layihələrin həyata
keçirilməsinə ehtiyac olduğunu bildirir: "Bunun üçün rəhbərlik səviyyəsində
müzakirələr aparılır, razılıq olduğu təqdirdə iş görülür”.
Muzeylərin, istər elmi, istərsə də mədəniyyət müəssisələrinin
sahibkarlıq fəaliyyəti istiqamətində işini qurmaq üçün təkcə vaxt yox, həm də
dünya praktikasına dərindən bələdçilik lazımdır. Muzeylərin gəlir əldə etməsi
və öz-özünü dolandırması üçün isə təbii ki, ənənəvi qaydalardan uzaqlaşmasına,
muzey işçilərinin məlumatlanmasına ehtiyac var. O cümlədən, cəmiyyət özü də bu
xidmətlərə açıq olmalı, yolunu mədəniyyət müəssisələrindən salmalı, maraqlı bir
ekspozisiya və ya muzey eksponatlarını ziyarət üçün əlini cibinə salmaqdan
çəkinməməli, göstərilən xidmət müqabilində pul xərcləməlidir. Amma bir şərtlə
ki, xidmət keyfiyyətə və çeşidliyə söykənsin.
Təranə Məhərrəmova