AZE | RUS | ENG |


Muzeyə bənzər kollec - Reportaj

Muzeyə bənzər kollec - Reportaj
100 yaşlı tarixi olan kollecdən reportaj

 
Hər bir ölkəni dünyada siyasətindən sonra məhz incəsənəti tanıdır. Bu sahəyə diqqət və qayğı nə qədər çox olsa, ölkəmizin dünyada tanınması daha da intensivləşər.
 
Təhsil sevgisi
 
"Gənclik” əlavəmizin budəfəki sayında yolumuzu Azərbaycan Dövlət İncəsənət Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kollecindən saldıq. 13 iyun 2000-ci ildən Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində yaradılan bu kollecdə nələr görmədik, nələr... 
Əvvəla, onu deyim ki, sözügedən kollec universitet səviyyəsində təhsil verən müəssisələrdən heç də fərqlənmir. Belə ki, bu kollecdə "Dekorativ tətbiqi incəsənət və xalq sənəti”, "Teatr dekor sənəti”, "Rəngkarlıq”, "Rəssamlıq”, "Qrafika”, "Heykəltəraşlıq”, "Dizayn” kimi fənlər tədris olunur.  
Kolleclə daha yaxında tanış olmaq üçün müasir vasitələrdən, "İnstagram”dan istifadə etdik. @incesenet_kolleci adı ilə qeydiyyatdan keçən. 42500 izləyicisi olan bu səhifədən kifayət qədər yararlandıq. Halbuki, bu gün bir çox təhsil müəssisələrinin belə səhifələri yoxdur. Bu kollecin digər incəsənət təhsil müəssisələrindən fərqi ondadır ki, dərs zamanı bitsə belə, tələbələr kolleci tərk etmirlər. Asudə zamanlarını da kollecdə keçirir və yaradıcılıq işləri ilə məşğul olurlar. Bunun üçün də rəhbərlik onlara geniş imkanlar yaradıb. Tələbələr dərsdən sonra dərs otaqlarında yeni əsərlər üzərində işləyir və biliklərini artırmaq üçün daha çox səy göstərirlər. Dərs bitdikdən sonra sinif otaqlarını gəzərkən kiminin gildən qab düzəltdiyini, kiminin yarımçıq qalmış əsərinin üzərində işlədiyini, kiminin də "diplom işi” üzərində çalışdığını gördük. Fürsətdən istifadə edərək iş prosesini izlədik və tələbələrlə həmsöhbət olmağa çalışdıq.  
Bir qızın gildən nə isə söküb yenidən düzəltməyə cəhd etməsi diqqətimi çəkdi. O, "Heykəltəraşlıq” ixtisası üzrə 4-cü kursda təhsil alan Nəbiyeva Gülarə idi, gildən qulaq forması düzəldirdi. Bir neçə dəfə cəhd etdikdən sonra deyəsən sonda istədiyi nəticəni əldə etmişdi. Sonuncu düzəltdiyi fiqur ürəyinə daha çox yatmışdı. Gülarənin qrup yoldaşı Əliyev Əliağa da bu kollecin istedadlı tələbələrindəndir, əl işi də demək olar ki, hazır idi. O, bizi hazırladığı heykəllərlə tanış edib, gələcəkdəki layihələrindən bəhs etdi.
 
Tələbə dünyası...
 
Əslində bu kollecin tələbələri danışmaqdan daha çox işləməyi sevir desəm, yəqin ki, yanılmaram. Çünki otağa kimin daxil olmasına məhəl qoymadan tələbələr başını aşağı salıb işləri ilə məşğul olur. Buna baxmayaraq, "Rəngkarlıq” ixtisasının 4-cü kurs tələbələrinin dərsinə qonaq oldum. Burada Qəribli Aygün, Əmirli İdrak, Süleymanova Dilbər kimi tələbələrin iş prosesini yaxından izlədim. Vaqif Ucatayın dərs dediyi sinif otağında bir-birindən maraqlı "diplom işləri” hazırlanırdı. İdrakın "Ümid” əsəri daha çox diqqətimi çəkdi. Özünün dediyinə görə, bu əsər, hər nə qədər müharibə olsa da, vətəndaşlarımızın uçuq-sökük evlərini tərk etmədiyini göstərir. Onlar ümid edirlər ki, nə vaxtsa müharibə bitəcək, xoşbəxt yaşayacaqlar. Dilbərin divar boyu hazırladığı tablodakı qadının asılması səhnəsi də maraqlı idi. Rəssam deyir ki, müharibədə əsir düşən qadın neçə il girov həyatı yaşayır və sonda dar ağacından asılmaq üçün sırasını gözləyir. O, bu dar ağacını özünün qurtuluşu hesab edir. 
Tələbələrlə söhbətimizdən aydın olur ki, iyunun 20-də onların "diplom işləri”nin  müdafiəsi olacaq. Tələbələrin işlərindən aydın olur ki, onlara vətənpərvərlik hissləri yüksək səviyyədə aşılanıb. Biz də gənclərə uğurlar arzu edib, digər sinif otağına keçid edirik.
3-cü kursun "Teatr dekor sənəti” dərsindəyik. Bu qrupda təhsil alan Seyidova Sevinc, Cahangirova Ləman, Gülümova Kəmalə, Sadıqova Sevda, Bayramova Jalə, Məhəmmədzadə Salatının əl işləri ilə tanış oluruq. Üz-gözləri boya içində olan qızlar tablo qarşısında rəngləri çox həssaslıqla işləyirdilər. Qızlarla kollecdəki tədris prosesi ilə bağlı söhbət etməyə də zamanımız olur. Onlar Bədayə Ramazanovanın direktor təyin olunmasından sonra kollecdə ciddi nizam-intizam yaradıldığını, daha çox diqqətlərini yaradıcılığa yönəltdiklərini deyirlər. Hər zaman rahat geyimlərə üstünlük verdiklərini söyləyən tələbələr bu yöndə onlara yaradıcı şərait yaratdığına görə rəhbərliyə təşəkkürlərini bildirməyi unutmadılar. 
 
Muzey kimi kollec
Sinif otaqlarına gedərkən divardakı rəsm əsərləri bizi heyran edir. Aydın olur ki, bu əsərlər qonağı olduğumuz kollecin tələbələrinin əl işləridir. Əslində, bu kolleci bir muzeyə də bənzətmək olar. Çünki başdan-başa tələbələrin əl işləri ilə bəzədilmiş divarlar arasında hər kəs təhsil almaq istəyər. Rəsmləri izləyə-izləyə koridora çıxdıq. Orada bir tələbənin pilləkənlərin kənarında rəsm çəkdiyinin şahidi olduq. Bizə bildirdilər ki, bu oğlan 3-cü kurs "Rəngkarlıq” fakültəsinin tələbəsi Elnur Əfəndizadədir. Başı işinə qarşısan rəssamın əl işi bizi heyran edir. Koridorda işləməyi özünə komfort hesab edən bu rəssam eşitmə və danışma əngəllidir. Ancaq yaradıcılıq heç bir əngəl tanımır deyiblər. Rəhbərliyin kollecdə yaratdığı yaradıcılıq mühiti Avropa təhsil ocaqları ilə müqayisə edilə bilər. Çünki yaradıcılığı dar, kiçik sinif otaqlarına sığdırmaq olmaz. Hansı ki, bu sistem bizim bir çox incəsənət yönümlü təhsil ocaqlarımızda hökm sürür. 
 
Kolleci tərk etməmişdən əvvəl təhsil ocağının rəhbəri B.Ramazanova ilə görüşməyi də özümüzə borc bildik. Bədayə Ramazanova 25 il Uşaq Rəsm Qalereyasının, Tofiq İsmayılov adına Uşaq-gənclər yaradıcılıq sarayının direktoru olub, oradakı məşhur "Cücələrim” rəqs ansamblına rəhbərlik edib. O, Azərbaycan mədəniyyətini azərbaycanlı uşaqların dili ilə dünyaya çatdırmağı özünə hər zaman borc bilib. İndi tanınan, istedadlı əksər gənc rəssamlarımız məhz onun rəhbərlik etdiyi sarayın yetişdirmələridir. Onlar dəfələrlə beynəlxalq rəsm sərgilərində iştirak edib, ölkəmizə qızıl, gümüş medallar gətiriblər. Həmçinin, o sarayda minlərlə uşaq rəqqaslıq, vokal, instrumental alətlərdə müşayiət, idman, şahmat və s. sahələrdə böyük uğurlar əldə edib. Bir sözlə, onun yetirmələri bu günün özündə də Azərbaycan mədəniyyətini dünyada tanıtmaqda davam edirlər. Bu baxımdan, Bədayə xanım respublikada yaradıcı insanların yetişməsində əməyi olan müəllimlərdən biridir. Onu da qeyd edək ki, Bədayə Ramazanovanın həyat yoldaşı vətən uğrunda şəhid olub. 
 
25 illik təcrübənin nəticəsi
 
Bizi mehribanlıqla qarşılayan rəhbərlik kollecin qapılarının hər zaman mətbuatın üzünə açıq olduğunu vurğuladı. 100 illik tarixi olan kollec barədə ona ünvanladığımız suallarımızı cavablandırdı. Aydın oldu ki, B.Ramazanova qısa zamanda direktor təyin olunduğu bu kollecdə heç də az iş görməyib: "İlk olaraq onu deyə bilərəm ki, bu kollec kimi demokratik mühiti olan, həm milli, həm də Avropa dəyərlərini yaşadan kollec tapmaq çətindir. Bu kollecdə çox istedadlı, işini bilən, uzun illər bu sahədə çalışan müəllim kollektivi var. Kollecimizdə çox fərqli mühit var. Belə ki, maddi vəziyyəti çətin olan istedadlı tələbələri yaradıcılıq işlərinə kömək üçün iş adamlarına yönləndirmişik. Tələbələrimiz YARAT-ın bütün tədbirlərində, dövlət əhəmiyyətli mərasimlərdə iştirak edirlər”.
 
Kollecin gələcək layihələrindən də danışan direktor bildirdi ki, seçilən, tanınmış, xaricdən gələn rəssamların ustad dərslərinin keçirilməsi, nazirliklər, qeyri-hökumət təşkilatları ilə əlaqələr, fərdi sərgilərin sayının artırılması planlaşdırılır: "Məzunlarımızın işlə təminatı üçün müxtəlif şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Zaman var, planlarımız da çoxdur. Kollecin maddi-texniki bazası zəifdir. Digər kolleclərdən fərqli olaraq burada maddi materiallar - kətan, malbert, fırçalar, kağız, dəzgah, xalça toxumaq üçün ipliklər, xüsusi işıqlar və digər avadanlıqlar lazımdır”.
Kollecin direktoru ilə söhbətdən sonra tənəffüs zamanı koridora yığışan tələbələrlə də söhbət etmək imkanı əldə edirik. Onlar kollecin indiki vəziyyətindən razı olduqlarını bildirdilər. Tələbələr qeyd etdilər ki, kollecin direktoru, yeri gələndə onlara ana qayğısını da əsirgəmir. Tələbələrdən eşitdiklərimizə görə, kollecin direktorunun xahişi ilə Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun həkimi bu kollecin tələbələrinin gözlərini təmənnasız müayinə edir. Rayondan gələn tələbələrin ev problemləri də həll olunub. 
Təəssüf ki, bu günümüzdə hələ də qızlarını incəsənət sahələrində çalışmağa qoymayan ailələr mövcuddur. Sözügedən kollec də istisna deyil. Qızların sözlərinə görə, yığdıqları bala uyğun buraya daxil olduqları üçün bir neçə qızların ailələri onlara qarşı çıxıb və kollecdən çıxarmaq istəyiblər. Bədayə xanım onların ailələri ilə danışaraq qızların təhsillərini davam etdirmələrinə razı salıb. 
Tələbələrlə söhbətdən sonra redaksiyaya doğru yol alıram. Kollecə gəlməmişdən əvvəl düşünürdüm ki, yəqin özfəaliyyət formasında bir təhsil müəssisəsi ilə qarşılacağam. Ancaq gördüklərim tamam əksinə oldu...
 
Xəyalə Rəis
 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN