AZE | RUS | ENG |

“Muzeydə gecə, evdən gizlicə” - Fotolar

“Muzeydə gecə, evdən gizlicə” - Fotolar
Azərbaycan Xalça Muzeyindən reportaj


Dünya Turizm Günü paytaxtımızda da möhtəşəm şəkildə qeyd edildi. Azərbaycan da daxil olmaqla dünyanın 150 ölkəsində qeyd edilən bayram əvvəlcə Hilton hoteldə baş tutan tədbirlə başladı. Məhz həmin tədbirdə ölkəmizdə bir gün muzeylərə girişin pulsuz olması ilə bağlı elan verildi. Ən maraqlı tədbir isə dünyada tayı-bərabəri olmayan Azərbaycan Xalça Muzeyində keçirildi. Belə ki, Beynəlxalq turizm günündə Xalça muzeyinin qapıları gecə saatlarına qədər ziyarətçilər üçün açıq elan olundu. Biz də “Muzeydə gecə, evdən gizlicə” adı altında baş tutan tədbirdə iştirak etmək üçün Azərbaycan Xalça Muzeyinə yollandıq. Muzeydə növbə Muzeyə yaxınlaşdıqda qapıdakı növbə diqqətimizi çəkdi. Gecə saatlarına qədər ekskursiya etmək istəyən ziyarətçilər qapıda sıraya düzülmüşdülər. Gözləməkdən yorulan insanlar muzeyin ikinci qapısından içəri girməyə çalışırdılar. Sırasının gəlməsini gözləyən Aynur deyir ki, bir saatdan çoxdur buradad;r: “Muzeyin pulsuz olduğunu eşitdikdə? çox sevindim. Rəfiqələrimlə birlikdə bu möhtəşəm gecədə iştirak etmək üçün gəlmişəm. Lakin ziyarətçi çox olduğu üçün muzeyə girə bilmirik. Ümid edirəm, bizə də növbə çatar”. Muzeyin kolleksiyası ilə tanış olmaq üçün yüzlərlə ziyarətçi Xalça Muzeyinə üz tutmuşdu. Tədbirə maraq olduqca böyük idi. Uzun müddət gözlədikdən sonra çətinliklə də olsa, biz də muzeyə daxil ola bildik. “Sanki, nağıllar aləmindəyəm” Çöldə yaranan növbə içəridə də müşahidə edilirdi. Ziyarətçilər eksponatlarla tanış olmaq, onlara toxunmaq, şəkil çəkdirmək üçün sıraya düzülmüşdü. Ziyarətçilərin vaxtını gözəl keçməsi üçün təşkil olunan konsert proqramı da maraqla qarşılanırdı. Xüsusilə “Natiq ritm qrupu”nun çıxışı tədbirə toplaşan paytaxt sakinlərini və qonaqları sözün əsl mənasında valeh etdi. Muzey gəzintisindən zövq alan Ülviyyə deyir ki, bu gün onun xatirəsindən silinməyəcək: “Xalça muzeyinin çöldən görünüşü məni hər zaman özünə cəlb edirdi. Çox maraqlı, gözəl əsərlərə baxdıqda, özümü nağıllar aləmində hiss edir və xalçaçılıq kursuna getdiyim illəri xatırlayıram. “Natiq” Ritm qrupunun ifası isə həqiqətən ecazkardır”. İnsanların əyləncəsi üçün təşkil olunan xüsusi proqramda sənətdə öz sözünü demiş sənətkarlar muzeyə təşrif buyuran ziyarətçilərə bilərzik düzəltməyi və xalçaçılıq sənətinin sirlərini öyrədirdilər. Həmçinin muzeydə xalçalar, toxunma çantalar, bəzək əşyaları və rəsm əsərlərinin nümayişi ilə yanaşı, satışı da təşkil olunurdu. Qiymətlər isə müxtəlif idi. Naxışlı fincanlar, xüsusi işləməli qabların qiyməti 20 manatdan, xalçaçılıq sənətindən bəhs edən jurnalların qiyməti 5 manatdan, bilərziklərin, suvenirlərin qiymətləri isə 10 manatdan başlayırdı. Xalça toxuyan gənclik Muzeyi müşahidə edərkən diqqətimizi bir yerə toplaşan insanlar çəkdi. Muzeydə xalça toxuyan Şəkər Ələsgərova şirin dili və icra etdiyi gözəl işlə insanların ziyarətçilərin diqqətini özünə cəlb edə bilmişdi. Kimisi onun yerində əyləşib xalça toxumağa çalışır, kimisi də sadəcə xalça toxuduğu yerdə şəkil çəkdirirdi. 10 yaşından bu işlə məşğul olduğunu söyləyən Şəkər xala deyir ki, bu sənəti öyrətməkdən xüsusi zövq alır: “Mən özümü tanıyandan xalça toxuyuram. 45 ilimi bu sənətə vermişəm. Bildiklərimi öyrətməkdən zövq alıram. Çünki xalçaçılıq sənəti bizim mədəniyyət tariximizdə xüsusi yer tutur, gənclərimiz də bu sənəti öyrənməli, inkişaf etdirməlidirlər”. Xalçaçılıq sənətinin təkamülü Muzeyin birinci mərtəbəsində qiymətli eksponatlara və incəsənət əsərlərinə baxış keçirilirdi. Bələdçinin köməkliyi ilə digər mərtəbələrə çıxırıq. Onun sözlərinə görə, muzeydə müxtəlif dövrləri əhatə edən, Azərbaycan xalçaçılıq sənətinin qədim köklərini təsdiqləyən və ölkənin ayrı-ayrı bölgələrində aşkarlanan arxeoloji tapıntılar yuxarı mərtəbələrdə sərgilənir: “Muzeyimizdə yerləşdirilən arxeoloji qazıntılar zamanı tapılmış və toxuculuqda tətbiq edilən alətlər, müxtəlif məmulatların qalıqları xalçaçılıq sənətinin Azərbaycan ərazisində hələ Tunc dövründən başlandığını sübut edir”. Bələdçi əlindəki həsiri ziyarətçilərə göstərək deyir ki, xalçaçılıq sənətinin keçdiyi təkamül yolu, onun sadə və bəsit növləri sayılan bu həsirdən başlayıb. Muzeyin ikinci mərtəbəsində xalça istehsalından öncə gələn mərhələlər ardıcıl şəkildə göstərilir. Eyni zamanda bu mərtəbədə yun qırxımı, onun yuyulması və daranması, ipliyin alınması və boyanması kimi mərhələlər nümayiş edilir. Azərbaycan xalça məktəblərini əhatə edən üçüncü mərtəbədə, həmçinin Xalça Muzeyinin yaradıcısı, Xalq Rəssamı Lətif Kərimovun xalça məktəbləri və büstü də nümayiş olunur. Müasir xalçaların təqdim edildiyi muzeyin 4-cü mərtəbəsindəki ekspozisiyada Azərbaycan xalça sənətinin XX yüzillikdə keçdiyi inkişaf yolu, həmin dövrdə fəaliyyət göstərən müxtəlif qurumlar haqqında məlumat verilir. Burada həmçinin, xalça sənətinin inkişafında müstəsna xidmətləri olmuş xalq rəssamı Kamil Əliyevin həyat və yaradıcılığı hərtərəfli işıqlandırılır. Muzeyin zəngin kolleksiyasında qiymətli metaldan hazırlanmış zərgərlik məmulatları, ziynət əşyaları və soyuq silahlar; çini, kağız, şüşə, ağac və daş üzərində oyma ilə işlənmiş əşyalar; bədii tikmə, parça və kişi, qadın, uşaq milli geyimləri; zərif naxışlı bədii metal məmulatları və s. kimi xalq tətbiqi sənət nümunələri nümayiş etdirilir. Onların içərisində tunc dövrünə aid edilən tunc və keramikadan düzəldilmiş, üzəri həndəsi və zoomorf naxışlarla bəzədilmiş qablar, silahlar, bəzək əşyaları və s. arxeoloji nümunələr, XIV əsrə aid bədii metal və s. daha çox diqqəti cəlb edir. “Eksponatlar möhtəşəmdir” Muzeydə yerli ziyarətçilərdən əlavə, ölkəmizə təşrif buyuran əcnəbilər də tarixi xalçalara baxır, onların fotolarını çəkir, sərgidə bəyəndikləri əl işlərini alırdılar. 4 ildir ölkəmizdə təhsil alan Amerika vətəndaşı Corc muzeydə sərgilənən eksponatların möhtəşəm olduğunu söylədi. “Natiq” Ritm Qrupunun ifası ilə rəqs edən Elcan deyir ki, muzeyə daxil olduqda onun ab-havası insanı dəyişdirir: “Muzeyin çöldən görünüşünü çox bəyənirdim. Burada pulsuz tədbir keçiriləcəyini öyrəndikdə çox sevindim. Həm ekspozisiyalarla tanış olmaq imkan əldə etdim, həm də canlı konsertdə iştirak etdim. Evdən gizlicə gəlməsəm də, gecə saat 1-ə qədər burdayam”. Elnur isə muzeydə sərgilənən muncuqdan düzəldilən suvenirlərin bahalığından şikayətləndi: “Muncuqdan toxunan balaca suvenirlər 8-10 manata satılır. Halbuki, məhz bu suvenirlər metro çıxışlarında 2-3 manata qoyulmuşdu. Bahalığa görə sərgidən heç nə ala bilmədim”. İnsanlar o qədər əylənirdilər ki, saatın gecə 12-ni göstərməsinə baxmayaraq muzeyi tərk etmək istəmirdilər. Qeyd edək ki, Azərbaycan Xalça Muzeyinin əsası 1967-ci ildə qoyulub və dünyada ilk xalça muzeyidir. Bu, heç də təəccüblü deyil. Çünki xalça incəsənəti Azərbaycanda qədim zamanlardan yaranıb və bu gün adət-ənənələrimizin əksi, əcdadlarımızın həyatının prototipi olaraq çıxış edir. Xalça muzeyi ötən əsrdə qaladan Lenin Muzeyinə, oradan isə dənizkənarı bulvardakı möhtəşəm binaya köçüb. Aygün ƏZİZFotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917