• cümə, 19 Aprel, 20:36
  • Baku Bakı 24°C

Muzey kimi təhsil ocağı - Reportaj

14.11.16 13:12 4139
Muzey kimi təhsil ocağı - Reportaj
Bəzilərinə görə, rəsm duyğuların cilalanmış portreti, mənzərəsidir. Belə duyğuların sehrindən ərsəyə gələn sənət əsərlərinin doğulduğu yerlərdən biri də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıdır. Buradakı təhsil şəraiti, eləcə də tələbələrin yaradıcılıq potensialı ilə tanış olmaq üçün akademiyaya üz tutduq. Giriş qapısından içəri daxil olar-olmaz, özünübaşqabirdünyadahissedirsən. Divarlardan asılmış möhtəşəm rəsm əsərləri, əllə toxunmuş xalçalar, portretlər və daha nələr, nələr... Rəssamlıq Akademiyasında olduğunuzu bilməsəniz, elə sanarsınız ki, bura bir muzeydir. Belə muzeydə kim təhsil almaq istəməz ki...
Bizi akademiyanın mətbuat katibi, siyasi elmlər doktoru Fuad Sadıqov qarşıladı. Binanı gəzdirib müxtəlif mərtəbələrdə mövcud olan yaradıcılıq sinifləri ilə tanış etdi. Təhsil ocağını gəzə-gəzə F.Sadıqov buradakı təhsil sistemi barədə danışdı. Onun sözlərinə görə, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Təsviri sənət” və "Sənətşünaslıq” fakültələri, eləcə də "Rəsm”, "Qrafika”, "Rəngkarlıq”, "Heykəltəraşlıq”, "Dizayn”, "Geyim dizaynı”, "Dekorativ tətbiqi sənət”, "Memarlıq”, "İncəsənət tarixi”, "Humanitar və ictimai fənlər” kafedraları fəaliyyət göstərir: "Ölkəmizdə gedən genişmiqyaslı şəhərsalma işləri, zamanın sosial tələbatı rəssam təfəkkürlü memarlara ehtiyac olduğunu üzə çıxardı. 2001-ci ildə rektor, akademik Ömər Eldarovun təşəbbüsü ilə Rusiya Rəssamlıq Akademiyasının təhsil sistemi nümunəsi əsasında ilk dəfə respublikada "Rəssam-memar” kadrları hazırlığına başlandı. Burada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2000-ci ildə PrezidentHeydər Əliyevin fərmanı ilə yaradılıb. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir”.
Onunla söhbət zamanı aydın oldu ki, Rəssamlıq Akademiyası dizayn, rəsm, teatr dekorasiyası sənəti, qrafika kimi ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasında aparıcı ali məktəbdir. Bura, həmçinin heykəltəraşlıq üzrə mütəxəssislərin hazırlanması üçün bir mərkəzdir. Adıçəkilən ixtisaslardan başqa akademiyanı bitirən tələbələr şüşə, keramika və metalla işləmək bacarığı əldə edirlər. Məzunların hazırladığı əl işləri beynəlxalq sərgilərdə təqdim edilir və xaricdə şəxsi kolleksiyalara satılır.
Təsviri sənət fakültəsinin bütün ixtisaslarında I və II təhsil illərində eyni fundamental baza fənləri: rəsm, rəngkarlıq, kompozisiya, incəsənət tarixi və ümumtəhsil fənləri tədris edilir. III kursdan etibarən tələbələr seçdikləri ixtisas və ixtisaslaşmalara əsasən, tanınmış sənət ustalarının rəhbərlik etdiyi emalatxanalara bölünür. Burada əsas yeri tədris planlarına müvafiq olaraq ixtisas fənləri tutur. İxtisas üzrə imtahanlar baxış formasında keçirilir. Semestr ərzində proqrama əsasən kafedralar tərəfindən aralıq baxışları aparılır. Yekun semestr imtahanı iki mərhələdən – fakültə və rektor baxışından ibarətdir. Fakültədə tədris kredit sisteminin tələblərinə müvafiq aparılır.
Akademiyanın mətbuat katibi bizə istədiyimiz sinfə daxil olmaq üçün imkan yaratdı. İlk olaraq "Rəngkarlıq” ixtisası üzrə I kurs D və C sinfinin qonağı olduq. Burada əsil yaradıcılıq ab-havası vardı. Tələbələrə rəngkarlığın incəliklərini öyrədən Günay Qasımxanlı onlara intibah dövründə yaradılan ilk Avropa rəssamlıq akademiyalarında rəsmin təsviri sənətin bütün sahələrinin fundamental əsasını təşkil etməsinin bu fənnin tədris prosesindəki mühüm və əhəmiyyətli rolundan bəhs edirdi. Bildirirdi ki, rəsm üzrə bacarıq və vərdişlərin səviyyəsi eyni zamanda professionallığın əksidir. Müəllimədən I kurslara nələrin tədris olunduğunu soruşuruq: "Tələbələr I kursda müxtəlif rakurslarda insan başını, yuxarı kurslarda tors (yarımfiqur), bütöv fiqur, iki fiqurdan ibarət çılpaq və geyimli formada tematik quruluşlu tapşırıqları yerinə yetirirlər. I kursdan başlayaraq bütün ixtisas və ixtisaslaşmalara müvafiq kompozisiya fənni tədris edilir. Akademik əsaslarla tədris edilən bu fənnin icrası zamanı kompozisiya qanunları öyrədilir, qazanılmış bilik və vərdişlər isə diplom işindəki süjetli kompozisiyada öz əksini tapır”.
Günay Qasımxanlı deyir ki, onlar üçün təlim-tərbiyə hətta təhsildən də önəmlidir: "Bizim üçün təlim-tədris, davamiyyət böyük önəm kəsb edir. Hər bir tələbə dərslərinə qarşı məsuliyyətli olmalıdır. Bura tədris ocağıdır, lazımi məlumatları biz onlara ötürürük. Yetər ki, zamanında dərslərə gəlib bizim onlara tədris etdiyimiz biliklərə yiyələnsinlər. I kurslara ilk olaraq iqtisadi natürmortdan başlamışıq. İkinci tapşırığımız bir az mürəkkəb, üçüncü isə daha mürəkkəb olur. Üçüncü kursdan isə natura, yəni canlı insan portretləri çəkiləcək. Bu gün natürmortun isti və ya soyuq tonlarla işlənməsini keçirik”.
"Bədii toxuculuq və xalça sənəti” ixtisası üzrə 4-cü kursların əl işlərini izləmə imkanını da əldə etdik. Diplom işini təqdim etməyə hazırlaşan tələbələr seçdikləri ixtisasdan məmnun olduqlarını, tarixi mədəniyyətimizi bundan sonrakı nəsillərə ötürmək istədiklərini bildirdilər. Qeyd edək ki, tədris prosesində tələbələrə kompozisiyanın əsasları və layihə qrafikası, ixtisas üzrə layihələndirmə, materialda iş, ixtisas üzrə material texnologiyası, dekorativ rəngkarlıq, ixtisas tarixi, ornament tarixi, parçanın növləri və quruluşu, materialşünaslıq, modul kompozisiyası, forma yaratma prinsipləri, kompozisiyanın sxematik quruluşları tədris olunur. Onların yaratdığı əsərlər bir çox xarici ölkələrdə Azərbaycan xalçaçılıq və toxuculuq sənətini ləyaqətlə təmsil edir.
Akademiyada bir sıra dərslərə qonaq olduqdan sonra Fuad Sadıqovla təhsil ocağının beynəlxalq əlaqələrindən və tələbələrin üzləşdiyi problemlərdən danışdıq. O bildirdi ki, Rəssamlıq Akademiyasında mindən çox tələbə təhsil alır: "200-dən artıq xarici tələbəmiz var. Burada dünyanın müxtəlif ölkələrindən gələn tələbələr oxuyur. Türkiyə, İran, Pakistan, Afrikanın bir sıra ölkələri, Rusiya, xüsusilə Şərq ölkələrindən gələn tələbələr məhz bizim akademiyanı seçiblər. Biz bir sıra xarici universitetlərlə əlaqələr yaradır, mübadilələr edirik. Bizim diplomumuz Avropada, dünyanın bir çox ölkələrində tanınır. Dünyanın bir sıra inkişaf etmiş universitetləri ilə tələbə mübadilələri edirik. Bu işdə beynəlxalq əlaqələr üzrə prorektorumuz, xalq rəssamı Səlhab Məmmədovun böyük əməyi var. Onun layihələri hər zaman uğurla nəticələnir. Dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlir, tələbələrimizin əl işləri ilə maraqlanır, təhsilimizi yüksək qiymətləndirirlər. Onlar bizim universitetlə müqavilələr imzalamaq, işbirliyi qurmaqda maraqlıdırlar. Akademiyamız beynəlxalq əlaqələr səviyyəsində inkişaf edib”.
Akademiyanın sözçüsündən hansı çətinliklərlə üzləşdiklərini soruşduq. Dedi ki, boloniya sisteminə keçiddə 2-3 il bundan qabaq bəzi problemlər olub, lakin onu da uğurla atladıblar. Bu günün gənclərinin dizaynerlik ixtisasına maraq göstərdiyini deyən Fuad bəy bunun səbəbindən xəbərsiz olduqlarını da diqqətimizə çatdırdı: "Dizayn içində modelyerlik, qrafik dizayn, interyer dizaynı var. Tələbələr ilk kursda ümumi dizaynerlik ixtisasına yiyələnirlər. Növbəti kurslarda ixtisas dəyişikliyi gedir. Başqa ixtisaslara baxanda, memarlığa maraq nisbətən az oldu. Bunu heç kim gözləmirdi. Bu bizdən asılı səbəb deyil”.
Akademiyada nə üçün az tələbənin təhsil aldığına gəldikdə isə, "Biz öz qapılarımızı hər kəsə aça bilərik. Ancaq istəmirik ki, burada savadsız insanlar olsun. Artıq bura elitar bir təhsil ocağıdır. Universitetimizin müəllimləri xalq və əməkdar rəssamlardan ibarətdir. Tələbələrimiz isə geniş dünyagörüşlü, dünyanın müxtəlif ölkələri ilə təhsil mübadiləsi edən gənclərdir” - deyə F.Sadıqov açıqlama verdi.
Beləliklə, bəlli oldu ki, Rəssamlıq Akademiyasının öz spesifikası var. Burada tədris olunan hər bir ixtisas akademik səviyyədə təşkil olunur. Buna xüsusən də heykəltəraşlığı misal gətirmək olar. Akademiyada humanitar fənlər də yaddan çıxarılmır. Hesab edilir ki, humanitar bilik hər bir rəssama, heykəltəraşa, dizaynerə gələcək işlərində kömək olacaq. Akademiyada tələbələrin intellektinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bu səbəbdəndir ki, indi onların çəkdikləri əsərlər çox intellektual və düşündürücüdür. Bunu müəllimləri də təsdiqləyir.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər